Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:04

Uğursuz dövlət çevrilişinə cəhddən bəri Türkiyənin həm hökuməti, həm də bir çox vətəndaşı günah keçisi axtarır. Onlar faktları araşdırmaqdansa, bu qiyamda ABŞ izini axtarır, Birləşmiş Ştatları qiyamçılarla əlbirliyində suçlayırlar.

«New-York Times» qəzeti belə yazır. Məqalədə deyilir ki, olub-bitənlər yeni antiamerika ovqatı yaradır və bu ovqatı qızışdırır.

«New-York Times»ın fikrincə, ABŞ-ı düşmən obrazına salmaq Türkiyənin NATO və o sıradan ABŞ-la uzun müddətdir sabitləşmiş münasibətlərini təhlükəyə atır.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan və ölkənin digər yüksəkvəzifəli şəxslərinin qənaətincə, iyulun 15-də baş verən bu cinayətin arxasında din xadimi Fethullah Gülen durur. 1999-cu ildən Pensilvaniyada yaşayan Fethullah Gülen həmin ittihamları rədd edir. Ancaq hökumətyönümlü media, siyasi liderlər və tanınmış şəxslər cəmiyyətdə fikir formalaşdırırlar ki, bu olaylarda Vaşinqtonun barmağı var. ABŞ-sa sözügedən olaylara heç qarışmadığını bildirir.

Buna da bax - Rəsmi Ankara ABŞ-ı itirmək istəmir

ABŞ Birləşmiş Komandanlığının başçısı general Joseph Votel ötən həftə təhlükəsizlik konfransında bir çox Türkiyə rəsmisinin, o cümlədən Amerika ilə çalışmış hərbçilərin həbsindən rahatsızlığını dilə gətirərək, bəyan etmişdi ki, bu ölkədə çox sayda hərbi liderin həbsxanaya atılması Vaşinqtonla Ankara arasında əməkdaşlığa xələl gətirə bilər. Erdoğan-sa, ona cavab olaraq, generalı qiyamçıların tərəfini tutmaqda təqsirləndirmişdi.

HÖKUMƏTYÖNÜMLÜ MEDİANIN «GÜNAHKARLAR» SİYAHISI

Hökumətyönümlü «Yeni Şafak» qəzeti qiyamın arxasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA), NATO-nun Əfqanıstandakı keçmiş komandanlarından general John Campbell-in, «Woodrow Wilson Center»də çalışan Henri Barkey-in olduğunu yazır. Henri Barkey-yə ittihamla bağlı ortada sübutlar varmı? O, qiyam baş verərkən, İstanbul yaxınlığındakı adada akademik fəaliyyətlə məşğul idi. Qəzet onun «gizli görüş» keçirdiyindən, bir neçə yerə zəng etdiyindən yazır. ABŞ-ın guya həmin gecə Erdoğan-ı öldürtmək istəməsi «Yeni Şafak»ın bir manşetində də əksini tapıb.

Erdoğan Qərbi ittiham edir ki, qiyamı yetərincə pisləməyiblər. Di gəl, özü 66 min adamı hərbi və digər dövlət qurumlarından, məktəb və universitetlərdən çıxarmaqla, böhrana reaksiya verir. Hərçənd, bunu ədalətli mühakimədən çox uzaq saymaq olar.

TÜRKİYƏ VAŞİNQTONA TƏZYİQ EDİR

Amerikalı rəsmilər bildirirlər ki, Tayyip Erdoğan var gücüylə Vaşinqtona təzyiq edərək, keçmiş müttəfiqi Fethullah Gülen-in verilməsini istəyir. Onun Türkiyəyə ekstradisiyası üçün ABŞ administrasiyasına bəzi sənədlər təqdim edilib, ancaq Vaşinqton bu sənədlərdə Gülen-in cinayətkar olmasını sübuta yetirən dəlillər görməyib. Türkiyə bilməlidir ki, Fethullah Gülen-in ABŞ-da yaşamağa qanuni icazəsi var və Ədliyyə Departamenti onu Türkiyəyə verib-verməmək qərarını verməzdən öncə ciddi proseslərə əməl etməlidir. Özəlliklə həbs olunanlara basqıların sürdüyü və işgəncələrə məruz qaldığı bir ölkədən söhbət gedirsə.

Buna da bax - Erdoğan-ı Putin-lə Nazarbaev barışdırıb, amma 'Gülen məktəbləri'ni bağlamayacaq…

Türkiyənin real işi qiyamın təşkilatçısını tapmaq və niyə baş verdiyini araşdırmaqdır. Ancaq buna keçərli faktlar toplanmalıdır.

Gülen məsələsi üzündən Vaşinqtonla münasibətlər gərginləşəcək və Türkiyə Rusiyaya yaxınlaşacaq. Hələ də, general Joseph Dunford daxil, Amerika rəsmiləri özünü «İslam Dövləti» adlandıran yaraqlılara qarşı birgə mübarizəyə Türkiyənin zəmanət verməsindən danışırlar.

CAVABSIZ SUALLAR

«New-York Times» yazır ki, ABŞ və NATO uzun illərdir bir problemi çözə bilməyib: Demokratik normalardan uzaqlaşan strateji müttəfiqlə necə davranılmalıdır? Amerikalı rəsmilər bu məsələyə müxtəlif baxışları öyrəndiklərini deyirlər. Ancaq hətta NATO-nun antidemokratik davranışlarla bağlı ölçü götürməkdən söz açması da Erdoğan-ı haldan çıxara bilər. Sual doğur: Prinsip və təcrübə baxımından Qərblə fikirləri haçalanan Türkiyə necə etibarlı müttəfiq olar bilər? Və ya bir dövlət kimi, NATO olmadan öz güvənliyini və sürəkli inkişafını necə təmin edə bilər? Cavab tapmaq çox çətindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG