Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:37

Türkan sakini: 'Bu evimi söksələr, dəli olaram...'


Gülüzər Rəhimli: “Evimi söksələr, dəli olaram. Mən onu 3 il əvvəl min əziyyətlə tikmişəm”.
Gülüzər Rəhimli: “Evimi söksələr, dəli olaram. Mən onu 3 il əvvəl min əziyyətlə tikmişəm”.

“Ətrafımdakı bütün evlər sökülüb, bircə mənim evim qalıb. Deyirlər, evdən çıxan kimi gəlib onu da sökəcəyik”.

Vaxtilə Türkan Üzümçülük Sovxozu kimi fəaliyyət göstərmiş ərazi bir neçə il əvvəl vətəndaşlara satılıb. Adamlar kənd təsərrüfatı təyinatlı torpaqlara Dövlət Reyestr Xidmətindən Çıxarışlar alıblar və başlayıblar ev tikməyə. Gülüzər Rəhimli də 2 sot torpaqda ev tikib. Ötən ildən başlayaraq, Abşeron rayon icra hakimiyyəti bu evləri sökməyə başlayıb.

“EVDƏN ÇÖLƏ ÇIXMIRAM”

Gülüzər xanım deyir, ətrafındakı 1, 2, 3 mərtəbəli evləri elə şumlayıblar ki, əsər-əlamət də qalmayıb:

“Burada elə evlər vardı ki, adamlar 40, 50, 60 min xərc çəkib tikdirmişdilər. Adını da qoydular ki, guya prezidentin tapşırığı var, kənd təsərrüfatı təyinatlı torpaqdakı evlər sökülməlidir. Halbuki, həmin torpaqlar bizə əkinə yararsız torpaqlar kimi satılmışdı ki, ev tikək. Camaat içərisində yaşaya-yaşaya sökdülər. Səhər saat 9-10 arası, ev sahibləri işdə olanda gəlib söküb qaçırdılar. Ev sahibi gəlib görürdü ki, ev yerində yoxdur”.

Buna da bax:​ “Başçı gözünü yumub o boyda tarixin üstündən traktorla keçdi”

Hələ ki, bircə Gülüzər xanımın evi yerində qalıb. Səbəbindən danışır:

“Ətrafda hamısı sökülüb, bircə mənim evimə, hələ ki, dəyə bilmirlər. İşə getmirəm, evdən çölə çıxmıram. Hər dəfə gəlirlər, qapını arxadan bağlayıb otururam, deyirəm, “sökün”. Dilə tuturlar, çıxmıram. Deyirlər, “onsuz da bir gün sən çölə çıxan kimi, evi söküb qoyacağıq yerə””.

“XALQLA QOÇU KİMİ DAVRANDILAR”

Gülüzər xanım deyir ki, 2 hektar torpaq sahəsini adamlara elə Abşeron rayon icra hakimiyyəti özü satıb:

“2012-ci ildə Zakir Fərəcov satdı, bir müddət sonra Sumqayıta icra başçısı təyin olundu. Abşeron rayon icra hakimiyyətinin başçısı da başqası oldu. Təzəsi gələndən sonra başladı buralarda tikilmiş evləri sökdürməyə. Bir aya yaxındır ki, ətrafımdakı evlər və yarımtikililər də sökülüb. Deməli, biri bu qədər adama yer satıb, pul qazanıb, çıxıb gedib, yerinə gələn başqası da bu boyda evləri sökdürüb qoyur yerə”.

Buna da bax:​ “Evdən çıxmırıq ki, sahibsiz görüb sökərlər”

Söküntüsü gözlənilən evin sənədi
Söküntüsü gözlənilən evin sənədi

Ötən il həmin ərazidə evi sökülmüş Nadir Şahməmmədov “Qaynar xətt”ə danışır ki, başçının tapşırığı ilə bir günün içərisində sökülən evlərdən biri də onun olub:

“Çox səs-küy saldıq, telekanallara zəng elədik, heç kəs gəlmədi. Birinin hasarını dağıtdılar, birinin alt-üst tikdirib içərisində yaşadığı evini... Hansını deyəsən... Xalqla qoçu kimi davrandılar”.

AZI 100 EV SÖKÜLÜB

Abşeron rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, keçmiş Türkan Üzümçülük Sovxozu Xəzər rayonu ərazisində yerləşsə də, ərazidəki torpaqlar Abşeron Rayon İcra Hakimiyyətinin tabeliyindədir. Sovet hökuməti dağılandan sonra boş torpaq sahələri vətəndaşlara təsərrüfat məqsədilə verilib. İndi bəzi yerlərdə torpaq sahələrindən təsərrüfat məqsədilə istifadə olunsa da, bəziləri ev tikməyə üstünlük verib. İcra hakimiyyətinin əməkdaşları həmin vətəndaşlara xəbərdarlıq etsə də, tikinti dayandırılmayıb və söküntüyə göstəriş verilib. İcra hakimiyyətindən deyilənə görə, sökülənlər yarımtikililər və boş torpaq sahələrinin ətrafındakı hasarlar olub.

Buna da bax:​ Gəncədə 160 evin sökülməsinə başlanıb (VİDEO)

İndiyədək ərazidə azı 100 evin söküldüyü deyilir. Ev sahiblərinin çoxu baş prokurora və daxili işlər nazirliyinə müraciət etsələr də, onların müraciəti hələ ki, müsbət nəticəsini verməyib.

Gülüzər Rəhimlininsə son sözü budur: “Evimi söksələr, dəli olaram. Mən onu 3 il əvvəl min əziyyətlə tikmişəm”.

XS
SM
MD
LG