Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:30

Ölkə vətəndaşı: 'Check-up' nədir?


Heydər Əliyevin seçki plakatı
Heydər Əliyevin seçki plakatı

Dövlət müstəqilliyinin qazanılmasında Əliyevlərin rolu, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun azalması, qazın keyfiyyətsizliyi və əhalinin sağlamlığı bu gün medianın aparıcı mövzusudur.

HEYDƏR ƏLİYEV FENOMENİ

«Azərbaycan» qəzetindəki «Müstəqilliyin şərəfli yolu» sərlövhəli məqalədə XX əsrin 80-ci illərində baş verən milli-azadlıq mübarizəsi təhlil edilir.

Müəllif həmin dövrdə postsovet ölkələrinin və Şərqi Avropa dövlətlərinin mübarizəsi barədə danışır. Məqalədə qeyd edilir ki, lider baxımından bəxti gətirən ölkələr problemləri daha tez həll edib və bu sırada Azərbaycan da var: «Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı, əvvəlcə Naxçıvan Muxtar Respublikasına, az sonra isə bütövlükdə ölkəyə rəhbərlik etməsi dövlət quruculuğunun və ictimai-siyasi proseslərin məqsədyönlü şəkildə idarə olunmasına, inkişaf etdirilməsinə şərait yaratdı».

Müəllifə görə, Heydər Əliyevin Respublikaya üst-üstə 35 illik rəhbərliyi dövründə göstərdiyi tarixi xidmətlər, əldə etdiyi mühüm nəticələr müasir inkişafın Azərbaycan modelinin əsasını təşkil edir.

Yazıda vurğulanır ki, Heydər Əliyevin «azərbaycançılıq» ideyası bütün ölkəni birləşdirir. Müəllifə görə, indiki prezident İlham Əliyev də «azərbaycançılıq» təliminin daha da inkişaf etdirilməsinə böyük töhfələr verir.

Məqalədə vurğulanır ki, ölkədə azad seçkilər keçirilməsi, çoxpartiyalılığın hökm sürməsi və siyasi plüralizm müstəqil Azərbaycanın demokratik inkişafının əsas qayəsi kimi qorunub saxlanır. Müəllifə görə, icra edilən beynəlxalq enerji layihələri də Azərbaycanın dünyaya inteqrasiyasının əsasını təşkil edir. Müəllif düşünür ki, Azərbaycanın dövlət modeli başqa ölkələrə də nümunə ola bilər.

Xəzər
Xəzər

İNVESTİSİYA QOYULUŞU 57 FAİZ AZALIB

Azadliq.info saytı iqtisadçı-ekspert Nemət Əliyevin ölkə iqtisadiyyatının durumuna dair düşüncələrinə yer verib.

Ekspert son iki ildə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun ciddi şəkildə azaldığını bildirir: «Son iki ildə investisiya qoyuluşu 57 faiz və ya 8.7 milyard dollar azalıb. Ötən il ilə müqayisədə bu il vəziyyət daha çox pisləşib».

N.Əliyev deyib ki, bu ilin 9 ayında bütün mənbələrdən ölkə iqtisadiyyatına vur-tut 6.5 milyard dollar sərmayə yatırmaq mümkün olub.

Ekspertə görə, ölkə iqtisadiyyatında belə acınacaqlı durumun yaranması təsadüfi deyil və bunun səbəbləri var. Nemət Əliyev əsas problemi ölkənin idarəçiliyində görür: «Əlverişli iqtisadi şərait təmin edilməzsə, Mərkəzi Bankın yarıtmaz pul-kredit siyasətinə son qoyulmazsa, dövlət büdcəsinin icrası sahəsində özbaşınalıq dayandırılmazsa, monopoliya, korrupsiya, haqsız rəqabət yığışdırılmazsa, tənəzzülü cilovlamaq mümkün olmayacaq».

Qaz
Qaz

DƏM QAZINDAN ZƏHƏRLƏNMƏNİN SƏBƏBLƏRİ

«Novoye Vremya» qəzetində isə «Dəm qazından zəhərlənənlərin sayı artır» sərlövhəli məqalədə son vaxtlar mətbuatda sıx-sıx yer alan faciəvi durum müzakirə edilir.

Müəllif yazır ki, havaların soyuması ilə bağlı mavi yanacağa ehtiyac artıb. Yazıda təəssüflə qeyd edilir ki, hökumət heç də əhalinin bu sarıdan ehtiyaclarını tam ödəyə bilmir. Qaz fasilələrlə verilir, bəzən onun təzyiqi aşağı olur. Müəllif daha sonra Hacıqabulda bir ailənin 7 üzvünün dəm qazından zəhərləndiyini və faktla bağlı cinayət işi qaldırıldığını bildirir: «Belə faktlara görə cinayət işi daim qaldırılır, amma istintaq zəhərlənmənin konkret səbəblərinə gedib çıxa bilmir. «Azəriqaz» İstehsalat Birliyi isə daim günahı zərərçəkənlərin üzərinə yıxaraq, onları qaz cihazları işlədərkən təhlükəsizlik qaydalarına əməl etməməkdə suçlayır».

Müəllif isə belə halların yaranmasında qazın fasilələrlə verilməsini və onun keyfiyyətini önə sürür. Yazıda qeyd edilir ki, bu məsələlərdə məmur məsuliyyəti də araşdırılmalıdır.

Müəllif vurğulayır ki, qaz sızması təkcə zəhərlənməyə yox, partlayışa da səbəb olur.

Yazıda xatırladılır ki, hələ yay aylarında Energetika Nazirliyinin müvafiq idarələrindən biri qazın keyfiyyətsiz olduğunu bəyan etmişdi.

Ancaq «Azəriqaz» İstehsalat Birliyi bu iddiaları təkzib etdi. Müəllif düşünür ki, partlayışlar, zəhərlənmələr məsul qurumları təcili ayağa qaldırmalıdır: «Qış dağların arxasında deyil, «Azəriqaz»ın özünü hərəkəti gətirməsi üçün o qədər də vaxt qalmayıb».

Xəstə
Xəstə

SAĞLAMLIQ YADA DÜŞMÜR...

«Bizim Yol» qəzetində isə ««Chek-up» müayinədən xəbərsiz azərbaycanlılar…» sərlövhəli məqalə oxumaq olar.

Müəllif öncə «check-up» anlayışını və mahiyyətini izah edir: «Xəstəliklərdən qorunma və erkən diaqnoz məqsədilə edilən analizlər toplusuna «check-up» (çekap) deyilir. «Check-up» Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı diaqnostika proqramıdır».

Yazıda qeyd edilir ki, yaxın müddətdə Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) «ASAN Xidmət» mərkəzlərində «check-up» müayinələrinə başlayacaq. RMDM-dən verilən məlumata görə, müayinələr ilkin olaraq 1 saylı Bakı «ASAN Xidmət» mərkəzində keçiriləcək. Sonra müayinələr digər «ASAN Xidmət» mərkəzlərini də əhatə edəcək: «Cəmi 6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndəriləcək».

Daha sonra müəllif sorğu nəticəsində ölkə vətəndaşlarının sonuncu dəfə nə zaman «check-up» müayinəsindən keçməsini, qiymətlərin münasib olub-olmamasını öyrənməyə çalışıb.

Sorğuda iştirak edənlərin əksəriyyət qiymətlərin baha olmasını əsas gətirərək, «check-up»dan keçmədiklərini deyirlər. «İndiyə kimi bircə dəfə də olsun «check-up» müayinəsindən keçməmişəm, xəstələnəndə həkimə getmişəm, həkim yoxlayıb 5-10 manat pul vermişəm. Yazdığı dərmanlar filan qədər pul edib, mənimsə almağa imkanım olmayıb. Bu saat evdə həmin reseptlərdən o qədər var ki… Daha dərman ala bilməyəndən sonra həkimə nəyə gedib yoxlanım ki?»,-deyə respondentlərdən biri qəzetə bildirib.

Bəzi vətəndaşlar isə «check-up» müayinəsindən xəbərsiz olduqlarını belə gizlətməyiblər.

Müəllif daha sonra inkişaf etmiş ölkələrdə icbari tibbi sığorta barədə danışır və Azərbaycanda bu durumu bir cümlə ilə belə ifadə edir: «Azərbaycanda «Tibbi sığorta haqqında» Qanun layihəsini 1999-cu ildə prezident imzalasa da, bu günə qədər həyata keçməyib».

XS
SM
MD
LG