Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 16:05

'Pulumuzu verin!'


-

“Bakı Körpü Tunel” Açıq Səhmdar Cəmiyyətinin işçiləri maaşlarını tələb edirlər. Onlar 8 aydır maaşlarını ala bilmirlər, üstəlik iyul ayından işçilər öz hesablarına məzuniyyətə göndəriliblər.

İşçilər bildirir ki, onlara “bu gün-sabah” maaşlarınız veriləcək deyilsə də, hələ ki, işçilər pul üzü görmürlər.

“Bakı Körpü Tunel” 1999-cu ildə yaradılıb. Zavod dəmir-beton məmulatlarının istehsalı ilə məşğul olur. Əsas sifarişləri ölkədəki körpü və tunellərin hissələrini hazırlamaq olub. Zavodda bir aydan çoxdur ki, işlər dayanıb.

38 ildir sözügedən müəssisədə çalışan Əlfağa Mütəllimli deyir ki, iyulun 21-dən işçiləri öz hesablarına məzuniyyətə buraxıblar:

“7-8 aydır maaşlarımızı ala bilmirik. Biz tətil edən gündən - ayın 21-dən də bizi öz hesabımıza məzuniyyətə çıxarıblar. Müdiriyyət də hər dəfə deyir ki, mənə möhlət verin məsələni nizama salacam. 26 ildir də məzuniyyət pulumu ala bilmirəm”.

İşçilər bildirirlər ki, onlar görülmüş və haqqı ödənmiş işlərə görə pullarını tələb edirlər. Onlardan biri Zeqəm Məmmədov bildirir ki, dəfələrlə direktorla görüşüb, pulunu tələb etsə də, bir nəticə olmayıb:

“Üç-dörd dəfə müdirin qəbuluna girmişəm. demişəm maaşımı verin, gedim özümü müalicə etdirim. Bu gün-sabah deyə-deyə qalmışıq yollarda. Biz bilmirik niyə belə oldu. Özlərinin borcları var, nələri var, bilmirik”.

İşçilərin sözlərinə görə, onlar hər gün səhər saat səkkizdən axşam beşə qədər işləyiblər, bəzən iki növbədə çalışıblar.

Müəssisənin direktoru Zakir İbrahimov zavodun işinin həcmi az olduğundan işçilərin maaşlarını verə bilmədiklərini deyir.

“Düzdür, işləmişik, ancaq niyə masala verilmir bilirsiz. O sizin günahınız deyil, mənim də deyil. İşimizin həcmi o qədər olubdu. Çox az olubdu”.

Zavodun direktoru maaşların tezliklə ödəniləcəyi vədini versə də, işçilər buna inanmırlar. Çünki onlara aylardır elə bu cür deyirlər: bu gün-sabah. Pul isə yoxdu.

XS
SM
MD
LG