Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:44

Tundrada niyə maralları saymaq nəhs sayılır?


Tundrada yaşayan balaca nen. 2016 (foto: Pyotr Shelomskiy)

Tundrada yaşayan balaca nen. 2016 (foto: Pyotr Shelomskiy)

Fotojurnalist Pyotr Shelomskiy nen (nenlər Rusiya tundrasının yerli xalqlarındandır) Pavel Yadne ilə birlikdə tundranı gəzir.

Tundranın yayı çox gözəldir. Təyyarədən baxanda üzərinə günəş parıltısından qaşlar tikilmiş yaşıl yorğana bənzəyir. Göllər və bataqlıqların mavi rəngi isə ona ayrı gözəllik qatır. Burada hər yer sudur. Ona görə də yerli əhalinin əsas ayaqqabıları bataqlıq çəkmələridir.

– Sən Allaha inanırsan? – Pavel soruşur.

– Hmm, əslində yox, – diplomatik cavab verirəm.

– Elə mən də. Ateistəm. Ancaq öz gücümə güvənirəm.

Nen Pavel Yadne 14 yaşından maral otarır. İndi onun 49 yaşı var. 30 ildir ki, onların maral sovxozu səssiz-səmirsiz sıradan çıxıb. Bu müddət ərzində Pavel şəxsi sürüsünü böyük təsərrüfata çevirə bilib.

– Pavel, - soruşuram, – bəs düzdür ki, maralları saymaq nəhsdir?

– Hə, - deyir, – bu, çox pis əlamətdir. Bundan sonra marallar xəstələnə bilər.

Pavelin özünün iki mindən çox maralı var. Onlar bu maralları ailəvi otarırlar. İki oğlu, qardaşı oğlu, onun arvadı və uşaqları. Cəmi iki çuma (çum – alaçıq deməkdir) sığırlar. Pavel ailəni briqada adlandırır. Özü də təsərrüfatına çox ciddi yanaşır. Növbəyə qalmaq, marallarla iş və hətta səhər toplantıları - onun təsərrüfatında bunların hamısı var. Axşamdan planlaşdırmaq da nəhs əlamət sayılır.

Buna da bax: Ata, düzünü de, mən gözələmmi?..

Çumun bütün işlərini Pavelin arvadı Elvira görür. O, həm oduna gedir, həm su qaynadır, həm də çörək bişirir.

Pavel deyir ki, tundrada qadın hər şeyi, hətta maral tutmağı da bacarmalıdır.

Elvira şimalsayağı gözəldir. Cəld, ancaq incə hərəkət edir və həmişə susur. Hərdən, itlər təzə ət, ya da balıq iyinə çumun içinə gələndə kəskin, boğazdan gələn səsiylə onları eşiyə qovur.

Buna da bax: 'İki itə, bir pişiyə ayda 150 manat xərcləyirəm'

Pavelin iki oğlu var. Böyük oğlu Kolyanın 21 yaşındadır. O gözləyir ki, kiçik qardaşı Tim doqquzuncu sinfi bitirib atasına kömək edə bilsin. Onda Kolya əsgərliyə gedəcək.

O, gələcək sarıdan çox da narahat deyil.

– Əsgərlikdən sonra? Yəqin elə yenə maral otararam da, - deyir.

Pavelin ortancıl qızı, 17 yaşlı Nadya isə başqa yol seçib. Bu il o, 11-ci sinfə keçib. Məktəbi bitirəndən sonra Dudinkada tibb universitetinə girmək istəyir. Hələliksə, cəsarətlə atasının sürüsündəki marallara penisillin vurur.

Buna da bax: Bahalı quşları məmurlar alırlar [bazardan reportaj]

Artıq bu yerlərdə gecələr uzanmağa başlayıb. Qısa şimal yayı da bitmək üzrədir. Bir azdan helikopter gəlib məktəbliləri Ust-Portdakı internata aparacaq. Onlar bütün qışı orada qalacaqlar. Maralçılar çumlarını yığıb qışlağa köçəcəklər. Qışlaqsa uşaqlara yaxın, Yeniseydədir. Burada uzun qış boyu balıq tutacaqlar. Pavelin də xüsusi dəftərçəsinə şeir və hekayə yazmağa vaxtı olacaq... Hələliksə, çumun üstündəki dərilərə yağış döşəyir. Əldə böyüyən maral balası Xoreku qabaq ayaqlarını su dolu vedrəyə salıb. Mamırın üstündə isə onuncu sinif şagirdi Nadya Yadnenin triqonometrik tənliklər yazılmış dəftəri islanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG