Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 16:04

ABŞ-ın Public Integrity təhqiqat jurnalistikası saytında John Dunbar yazır ki, Trump fenomeni adi faktlar və məntiqlə izah oluna bilməz. “Məntiqsiz Trump” ürəkləri necə əfsunlayır?

Jurnalistin fikrincə, bunu əslində təbliğat sənəti adlandırmaq olar. Təsirli təbliğat isə faktlara və siyasətə yox, emosiyalara söykənir. Trump-ın müraciət etdiyi emosiyalara gəlincə isə, bunlar qorxu və qəzəbdən ibarətdir.

Məqalədə deyilir kİ, Trump-ın istedadı təbii olsa da, onun kütlələri təlatümə gətirmək metodlarından tarixdə çox istifadə olunub.

Təbliğatdan təkcə reklamçılar yox, siyasi partiyalar da istifadə edirlər, lakin ondan Trump qədər ustalıqla faydalanan namizədlərə nadir hallarda rast gəlinir.

Hamını qaralamaq

Texasın San Antonio şəhərindəki Trinity Universitetinin kommunikasiya professoru Aaron Delwiche deyir ki, Trump böyük insan qruplarını qaralamaqdan çəkinmir.

Professorun fikrincə, bu tamamilə yeni yanaşmadır. Buna adətən internet forumlarında və radio tok-şoularında rast gəlinir.

Bir internet saytı Trump-ı 2015-ci ilin "ən böyük yalançısı" adlandırıb

Bir internet saytı Trump-ı 2015-ci ilin "ən böyük yalançısı" adlandırıb

Məsələn, onun qurultaydakı çıxışı tamamilə bədbin idi və o bu bədbinliklə amerikalıları qorxudur, bu qorxu ilə də özünə dəstək toplamağa çalışırdı.

“Bizim qurultayımız ölkəmiz üçün böhranlı bir vaxtda keçir, - deyirdi Trump, - Polisimizin üstünə hücumlar edilir, şəhərlərimizdə terror baş verir, həyat tərzimiz hədələnir. Bu təhlükəni dərk etməyən hər hansı siyasətçi ölkəyə rəhbərlik etməyə yararlı deyil”.

Bunun ardınca isə həyəcanlandırcı statistika başlanır. Amma sonradan bu statistika ekspertlər tərəfindən rədd edilir.

“Biz birlikdə partiyamızı Ağ Evə qaytaracağıq, vətənizimizi əmin-amanlığa, firavanlığa və sülhə qaytaracağıq. Bizim ölkəmiz səxavət və hərarət ölkəsi olacaq. Lakin o həm də qayda və qanun ölkəsi olacaq” – deyirdi Trump.

Köhnə torba

Professor Delwiche-in internet saytında bu metoddan 1932-ci ildə istifadə etmiş başqa bir siyasətçidən söhbət gedir. Adolf Hitlerdən.

“Əlbəttə, Trump-ı Hitlerlə müqayisə etmək absurddur, lakin bu, qorxunun qüdrətini dərk etmək imkanı verir” – yazır Dunbar.

Məqalədə deyilir ki, qorxu faktoru təhlükəni aradan qaldırmaq üçün sadə həll yolları veriləndə daha yaxşı işləyir.

Trump təhlükəni aradan qaldırmaq üçün müsəlmanların Amerikaya gəlişinə qadağan qoyulmasına, Meksika ilə sərhəddə hasar tikilməsinə və hasar tikintisi üçün pulun meksikalılara ödətdirilməsinə çağırır.

Hərəyə bir vedrə

Dunbar yazır ki, Trump həm də ona-buna ad qoyması ilə məşhurdur. Bu da çox səmərəli metoddur.

Məsələn o, Clinton-u “iblis” və “fırıldaqçı”, senator Marco Rubionu “balaca Marco”, Jeb Bushu-u “aşağı enerjili Jeb”, Elizabeth Warren-i “kütbeyin” adlandırır.

Bəs belə uşaq metodlarını effektli edən nədir?

Professor Delwiche-in internet saytında deyilir ki, adamlara ad qoymaq onları neqativ simvollara calayır. Təbliğatçı adamları onun rəqibinə baxmağa yox, həmin bu mənfi rəmzləri yada salmağa təhrik edir

Yalan nə qədər böyük olsa, bir o qədər yaxşıdır

Məqalədə deyilir kİ, Adolf Hitlerin təbliğat naziri Joseph Goebbels faktların çox vaxt xoşagəlməz, kütlələri riqqətə gətirəndə isə yararsız olduğunu bilirdi.

Deyilənlərə görə, bir gün o belə bir “kəlam” söyləyibmiş: “Əgər kifayət qədər böyük bir yalan uydurub onu dəfələrlə təkrar etsən, axırda adamlar bu yalana inanacaqlar”.

Dunbar yazır ki, faktları yoxlamaqla məşğul olan PolitiFact saytı Trump-ı 2015-ci ilin “ən böyük yalanı” mükafatına layiq görüb.

Joseph Goebbels - Hitlerin təbliğat naziri

Joseph Goebbels - Hitlerin təbliğat naziri

Bu saytın məlumatına görə Trump-ın verdiyi 77 bəyanatın 76 faizi yalan və uydurma çıxıb.

Sayt yazır ki, “hələ heç bir siyasətçi bu qədər yalan danışmayıb”.

Məsələn, Trump bəyanatlarından birində demişdi ki, 11 sentyabr terror zamanı, Dünya Ticarət Mərkəzinin binası uçanda Nyu Cersidə minlərlə adam bu hadisəni alqışlayıb.

İctimai təhlükəszilik əməkdaşları isə deyirlər ki, belə hal olmayıb.

The Washington Post qəzetinin faktyoxlayanı Glenn Kessler deyib ki, Trump yalanı faş olanda da onu deməkdə davam edən nadir insanlardandır.

Gurultulu boş şüarlar

Trump-ın təbliğat alətlərindən biri də zahirən təntənəli, amma qeyri-konkret şüarları səsləndirməsidir.

“Amerikanı təkrar möhtəşəm edək! Kimin üçün edək? Necə bir möhtəşəm?” – deyə sual edir Dunbar.

Trump bu texnikadan qurultayda da istifadə edib:

“Mən bu gecə Amerikanın bütün şəhər və qəsəbələrində yaşayan amerikalılara vəd edirəm: Biz Amerikanı yenidən güclü edəcəyik. Biz Amerikanı yenidən vüqarlı edəcəyik. Biz Amerikanı yenidən təhlükəsiz edəcəyik. Və biz Amerikanı yenidən möhtəşəm edəcəyik”.

“Bunları kim istəməz ki?” – yazır John Dunbar.

XS
SM
MD
LG