Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:19

Trump Suriyada Assad və Putinin “tərəfinə keçir”


Britaniya qəzetləri ABŞ prezidenti Donald Trump-ın “The Wall Street Journal” qəzetinə müsahibəsindən ciddi narahatlıq ifadə edən yazılar dərc edir.

Həmin müsahibədə cənab Trump bildirir ki, “Suriya məsələsində o çoxlarından fərqli düşünür”.

Donald Trump seçki kampaniyası zamanı verdiyi bəyanatları bir daha təsdiq edərək deyib ki, “Suriya rejiminə İŞİD-lə mübarizədə dəstək verilməsi ABŞ hökumətinin əsas siyasəti olacaq”.

O deyib ki, İŞİD-ə qarşı döyüşən Assad hökumətinə qarşı mübarizə aparmaqla İŞİD-i məhv etmək mümkün olmayacaq.

Trump bildirib ki, o şəxsən cənab Assadı “xoşlamasa da” hazırkı vəziyyətdə Suriyadakı ekstremizmə və terrora son qoymaq üçün ən ağıllı yol onun rejimini dəstəkləməkdir.

Prezident seçilmiş Donald Trump deyib ki, ABŞ “tanımadığı Suriya müxalifətini” dəstəkləməyəcək, əksinə Assadı dəstəkləyən Moskva ilə münasibətlərini sahmana salacaq.

O əlavə edib ki, hazırda “bizim sayəmizdə möhkəmlənmiş Tehran da” Assad-ı dəstəkləyir.

Britaniya qəzetləri yazır ki, Donald Trump-ın prezident seçilməsi Moskva, Tehran və Dəməşqdə qızğın alqışlanıb.

Suriya hökuməti bildirib ki, “yeni ABŞ prezidenti ilə əməkdaşlıq etməyə hazırdır”.

Bu arada Britaniya müdafiə naziri Michael Fallon NATO-nun Avropa müttəfiqlərini, “Avropa ordusu yaratmaq kimi ideyalardan” əl çəkib alyansdakı öhdəliklərini icra etməyə çağırıb.

London narahatdır ki, Donald Trump seçki kampaniyası zamanı verdiyi daha bir “qorxulu vədi” yerinə yetirə bilər.

Cənab Trump kampaniyası zamanı demişdi ki, ABŞ bundan sonra NATO qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən üzvləri müdafiə etməyəcək.

Öhdəlik isə bundan ibarətdir ki, NATO üzvləri öz büdcələrinin ən azı iki faizini müdafiəyə xərcləməlidirlər.

Hazırda 28 üzvdən Britaniya da daxil yalnız beş üzv ölkə bu öhdəliyi yerinə yetirir. ABŞ NATO xərclərinin 72 faizini çəkir. Halbuki bir çox Avropa ölkələri müdafiəyə büdcələrinin heç 1 faizini də xərcləmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG