Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:26

New York Times: 'İki qadın Trump-ı onları əlləməkdə ittiham edib'


Donald Trump "Women for Trump" plakatını öpür
Donald Trump "Women for Trump" plakatını öpür

Qəzet yazır ki, Jessica Leeds və Rachel Crooks Trump-ın icazə almadan onları öpdüyünü, yaxud əlini əndamlarında gəzdirdiyini iddia edirlər.

Oktyabrın 12-də "The New York Times"ın dərc etdiyi bir yazıda iki qadın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trump-ın onlara nalayiq şəkildə toxunduğunu iddia edib. Buna bənzər iddialar az sonra "People" jurnalında da yer alıb. "The New York Times" yazır ki, Jessica Leeds və Rachel Crooks Trump-ın icazə almadan onları öpdüyünü, yaxud əlini əndamlarında gəzdirdiyini iddia edirlər. Hadisələrdən birinin 2005-ci ildə, digərininsə 30 il əvvəl baş verdiyi deyilir.

Xanım jurnalist iddia edir ki… "People" jurnalının yazarı Natasha Stoynoff-sa iddia edir ki, 2005-ci ildə Floridada Trump-la xanımı Melania-nın evliliyinin birinci ildönümünü işıqlandırarkən, Trump-ın fiziki hücumuna məruz qalıb. Trump-ın seçki düşərgəsi bəyanat yayaraq "The New York Times"da çıxan ittihamları rədd edib və qəzeti məhkəməyə verəcəyi ilə hədələyib. Bəyanatda deyilir ki, qəzetdə çıxan yazılar siyasi motivlidir.

Buna da bax:​ Tərəfdarları Donald Trumpdan imtina etməyə başlayır

“Bu saxta hekayətdə ləyaqət və həqiqət yoxdur”

"Planetin ən tanınmış biznes liderlərindən birinin, öz şirkətlərində daim qadınlara şərait yaratmış bir şəxsin bu məqalədə iddia edilən şəkildə davranması absurddur. Bunun yalnız onillər sonra, üstəlik, namizədlik kampaniyasının son ayında ortaya çıxması hər şeyi deyir", - Trump-ın sözçüsü Jason Millerin sözləridir.

"Belə bir şey heç vaxt baş verməyib. Bu saxta hekayətdə ləyaqət və həqiqət yoxdur", - Trump-ın sözçüsü bu sözləri də "People" jurnalına ünvanlayıb.

Sözügedən qadınlar prezidentliyə namizədlərin 2-ci debatını izləyəndən sonra bu barədə danışmaq qərarına gəliblər. Debat zamanı CNN-in əməkdaşı Trump-dan "qadınları onların razılığı olmadan öpüb-öpmədiyini..." soruşub. Namizədsə cavabında "yox" deyib.

Trump: “Bunların heç biri olmayıb”

Buna da bax:​ Trump yeni qalmaqalın mərkəzində

Trump "The New York Times"ın müxbirinə bildirib ki, "bunların heç biri olmayıb".

Trump-ın vəkili qəzetdən "tam və dərhal təkzib verməsini və üzr istəməsini" tələb edib.

"Sizin məqaləniz düşüncəsiz və böhtan xarakterlidir". Bu sözləri vəkil Marc E. Kasowitz "The New York Times"ın icraçı redaktoruna göndərdiyi məktubda yazıb və fikrini belə əsaslandırıb: "Hər şeydən əvvəl məqalənin dərc edildiyi vaxtdan aydın görünür ki, bu, cənab Trump-ın namizədliyini gözdən salmağa yönəlmiş siyasi motivli cəhddən başqa bir şey deyil".

Trump-ın özü isə "The Palm Beach Post" qəzetini bənzər məzmunlu yazıya görə məhkəməyə verməklə hədələyib.

Buna da bax:​ Trump: Hillary, səni həbs edəcəm

Clinton-un seçki komandası da münasibət bildirib

Hillary Clinton-un seçki düşərgəsinin kommunikasiya direktoru Jennifer Palmieri-nin yaydığı bəyanatda da sözügedən iki qadının iddiasına toxunulub: "Təəssüf ki, bu üzücü əhvalat Donald Trump-ın qadınlara münasibəti barədə bildiklərimizə uyğun gəlir. Bu məqalələr onun debat səhnəsində yalan danışdığını, lent yazısında haqqında danışdığı iyrənc davranışınsa boş sözlərdən ibarət olmadığını göstərir".

Ötən həftə - Trump-ın xoşagəlməz söhbətlərinin videoyazıları mediaya sızandan bəri, o, Respublikaçılar Partiyası üzvlərinin dəstəyini itirib və eyni zamanda qadınlarla keçmişdəki davranışlarına görə çoxsaylı tənqidlərlə üzləşib.

Namizədlərin 2-ci debatında Trump, əslində, heç vaxt hər hansı qadına qarşı nalayiq hərəkətə yol vermədiyini iddia edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG