Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:43

Trump və Clinton yenə də qalib oldular


Donald Trump və Hillary Clinton
Donald Trump və Hillary Clinton

Respublikaçı Trump ölkənin praymeri keçirilən 5 şimal-şərq ştatlarının hamısında qalib gəlib. Son nəticələrdən sonra Sanders çətin ki, namizəd olsun

Donald Trump ölkənin praymeri keçirilən 5 şimal-şərq ştatlarının hamısında qalib gəlib.

Respublikaçı namizəd, milyarder Trump Pensilvaniya, Merilend, Delaver, Rod Aylend və Konnektikut ştatlarında partiyadaş rəqibləri John Kasich və Ted Cruz-a üstün gələ bilib.

Bu praymerilərin ərəfəsində Cruz və Kasich qarşıdan gələn praymerilərdə Trump-ın qarşısına sipər çəkmək məqsədilə “öhdəliksiz alyans” yaratmaq barədə razılığa gəliblər.

Cruz praymeriləin nəticələrini onlar elan edilməzdən əvvəl rədd edib və İndianada tərəfdarlarının qarşısında etdiyi çıxışında şimal-şərqin Trumpa doğma ərazi olduğunu deyib.

Texaslı senator deyib ki, qarşıdakı praymerilər “daha münbit relyefdə” olacaq.

Tifaq

Müxbirlər yazırlar ki, bu çərşənbə axşamı əldə etdiyi qələbə Trump-ı prezidentliyə namizəd olmaq üçün zəruri olan 1237 nümayəndə məqsədinə xeyli yaxınlaşdırıb.

Ted Cruz və John Kasich Trumpa qarşı alyans yaradıblar
Ted Cruz və John Kasich Trumpa qarşı alyans yaradıblar

Çərşənbə axşamı qazanılmalı olan 127 seçki nümayəndəsi nəzərə alınmadan Trump hazırda 845 nümayəndə nəticəsi ilə respublikaçıların yarışına başçılıq edir. Cruz-un 559, Kasich-in isə 148 seçki nümayəndəsi var.

ABŞ mediası yazır ki, praymeri mövsümünün başa çatmasına bir aydan da az vaxt qaldığı bir zamanda Cruz-Kasich alyansının nə dərəcədə səmərəli olacağı sualı açıq qalır.

Əldə olunmuş razılaşmaya əsasən Kasich gələn həftə İndianada keçiriləcək praymeridə Cruz-a qarşı kampaniya aparmayacaq, əvəzində Cruz may və iyun aylarında Oreqon və Nyu Meksiko ştatlarındakı praymerilərdə Kasich-in qələbəsinə mane olmayacaq.

Trump Cruz-Kasich alyansını reallıqda işləməyəcək “tifaq” adlandırıb.

Clinton-un qəti qələbəsi

Donald Trump deyib ki, Kasich riyazi baxımdan 1237 nümayəndə toplaya bilməyəcək və tezliklə Cruz da belə imkandan məhrum olacaq.

Nyu Yorklu milyarder iyulun 18-də Klivlendə keçiriləcək Respublikaçılar Konventinədək 1237 nümayəndənin dəstəyini təmin etməyə can atır.

Cruz və Kasich inandırmağa çalışırlar ki, respublikaçıların namizədi Trump olarsa, o prezident seçkisini demokrat Hillary Clinton-a uduzacaq.

Demokratların praymeri seçkilərində Hillary Clinton Delaver, Merilend və Pensilvaniya ştatlarında qalib gəlib.

Onun rəqibi Bernie Sanders yalnız Rod Aylenddə qalib ola bilib. Buna baxmayaraq, bu çərşənbə axşamının nəticələrindən sonra Sanders çətin ki, Clinton-a üstün gələrək demokratların prezidentliyə namizədi olsun.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG