Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:20

'Ən axmaq kəşflərə görə' mükafatlar verildi


Massachusett-də Şnobel mükafatları verilən zaman
Massachusett-də Şnobel mükafatları verilən zaman

Artıq 26 ildir ki, ABŞ-ın Harvard Universitetində "Şnobel" mükafatının təqdimetmə mərasimi keçirilir. Parodiya xarakterli bu məzəli mükafat gülüş doğuran nailiyyətlərə görə verilir. Qaliblərə 10 trilyon Zimbabve dolları (0,40 ABŞ dollarına yaxın) təqdim olunur.

Bəs builki "Şnobel" mükafatı laureatları kimlərdir?

– Kimya sahəsində "Şnobel" "Volkswagen" alman avtomobil istehsalçısına verilib. Şirkət bu mükafata "dizelqeyt"ə görə layiq görülüb. Bu şirkət avtomobilin atmosferə buraxdığı zərərli qazların miqdarını saxtalaşdıraraq aşağı göstərən mexanizmin "kəşfinə" görə gündəmə gəlmişdi. Buna görə şirkət külli miqdarda cərimələnib.

Buna da bax: Nobel mükafatı almış yeganə bakılı balası

Reproduksiya sahəsində mükafat misirli uroloq Ahmad Shafik-ə verilib. O, siçanların yun, pambıq və sintetik tuman geyməsinin onların cinsi həyatına təsirini öyrənib. Həkim daha sonra eyni təcrübəni kişilərlə də aparıb. Shafik müəyyən edib ki, sintetik tumanlar cinsi fəallığı azaldır. O ehtimal edir ki, bu, sintetikanın yaratdığı statik elektrikdən qaynaqlanır.

İqtisadiyyat sahəsində mükafata isə Yeni Zelandiya və Britaniya alimləri layiq görülüb. Onlar daşlara həkk olunmuş markaların şəxsiyyət kimi qavranılmasını araşdırıblar.

Buna da bax: «Pamuk o mükafatları «erməni soyqırımı» söhbətinə görə almayıb» [Debat]

Tibb sahəsində "Şnobel" alman alimlərinə verilib. Onlar müəyyən ediblər ki, əgər sol tərəfiniz qaşınırsa, güzgüyə baxıb sağ tərəfinizi qaşısanız, qaşınma keçəcək.

– Fiziologiya sahəsində mükafat isə min yalançının iştirakı ilə keçirilmiş sorğu və bu sorğunun nəticələrinə inanmağın mümkün olub-olmadığına həsr edilmiş tədqiqata verilib.

Sülh sahəsində "Şnobel" Kanada və ABŞ alimlərinə verilib. Onlar "psevdodərinmənalı boşboğazlığı" tədqiq ediblər. Onlar mənasız söz yığınını aforizm və müdrik kəlamlar şəklinə salıb onların İnternetdə necə qəbul olunmasını müşahidə ediblər.

Buna da bax: Rədd edilən «Nobel» mükafatları

Biologiya sahəsində mükafat britaniyalı Charles Foster və Thomas Twaites-ə verilib. Foster porsuq, maral, su samuru, tülkü və quş obrazlarına girməyə çalışıb. Məsələn, "porsuq" olanda təpənin döşündə özünə yuva qazb, qurdlarla qidalanıb və s. Twaites isə ətraflara taxılan xüsusi protez icad edib. Bu protezlər keçi yerişinin imitasiyasına kömək edir. O, həmin protezləri taxaraq İsveçrənin Alp dağlarında üç gün keçi sürüsünün içərisində yaşayıb, mələyib və ot otlayıb.

Ədəbiyyat sahəsində "Şnobel" ölü və hələ ölməmiş milçəkləri yığmaqdan aldığı həzzin təsvirinə görə "Milçək yığıcısının yolu" kitabının müəllifi, isveçli Frederik Sjöbergə verilib. Kitab üç cildlidir.

Buna da bax: Lazımsız kəşflərə illik "Nobel" mükafatları verildi

Qavrayış sahəsində "Şnobel" yapon alimlərinə verilib. Onlar insanın arxasını çevirdiyi, aşağı əyildiyi və ayaqlarının arasından baxdığı zaman eyni şeyi necə görməsini tədqiq ediblər.

"Şnobel" mükafatının təqdimetmə mərasimi ənənəvi olaraq bu sözlərlə bitir: "Əgər siz bu mükafatı qazanmamısınızsa, xüsusən də qazanmısınızsa, gələn il sizə uğurlar arzu edirik!"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG