Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:55

Hökumət bəzi məhsullara idxal rüsumunu artırdı ki... «Boşalan büdcəni doldura bilsin»; «Yerli istehsalı stimullaşdırsın»; «Bu, bir ildir davam edən islahatların davamıdır».

Nazirlər Kabinetinin son qərarı haqda AzadlıqRadiosuna danışan deputat və iqtisadçıların fikirləri üst-üstə düşmür.

YERLİ ISTEHSALA, YOXSA İNHİSARÇILARA DƏSTƏK VERİLİR?

Məsələn, iqtisadçı Əli Hacıyevə görə, məqsəd yerli istehsalı inkişaf etdirmək, stimullaşdırmaqdır. Ancaq onun qənaətincə, bu addımdan öncə ilkin şərtlər təmin edilməli idi: «Xüsusən də maliyyə-investisiya təminatı, sahibkarların həvəsləndirilməsi və sairə əlavə tədbirlər görüldükdən sonra bu addım atılmalı idi».

Ə.Hacıyevin fikrincə, məqsəd yerli istehsalçılara dəstək olsa da, bu addım birinci növbədə inhisarçıların mənafeyinə xidmət edəcək. Səbəbini onunla izah edir ki, Azərbaycanda xırda və orta sahibkarlıq yetərincə inkişaf etməyib və yaxın zamanda inkişafında güclü təkan gözlənilmir.

Nemət Əliyev

Nemət Əliyev

«HÖKUMƏTİN BORCUDUR Kİ, ƏHALİNİ NƏZƏRƏ ALSIN...»

Başqa bir iqtisadçı Nemət Əliyev hesab edir ki, ölkəyə gətirilən bəzi ərzaq məhsullarına vergi dərəcəsinin artırılması, əsasən, ölkədəki valyuta qıtlığı ilə bağlıdır. Onun fikrincə, hökumət idxalı azaltmaqla ölkədən xarici valyutanın çıxışını məhdudlaşdırmaq niyyətindədir: «Ancaq bu cür qərar qəbul edərkən əhalinin sosial vəziyyətini nəzərə almaq hökumətin borcudur. İdxal məhsulları üzərində rüsumun artırılması daxili bazarın boşalmasına xidmət edəcək. Hökumət hesablamalıydı ki, daxili bazarda boşalmış yeri nəyin hesabına dolduracaq? Yerli istehsal hesabına təmin etmək mümkün olacaqmı? Bunu götür-qoy etdikdən sonra qərar verilməli idi».

Buna da bax-Təzə bahalaşma başlayır

«İSLAHATLARIN DAVAMIDIR»

Deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov başqa fikirdədir. O əmindir ki, bu addıma hökumətin apardığı iqtisadi islahatların davamı kimi baxmaq lazımdır. «Azərbaycana elə məhsullar gətirilir ki, onu burda özü də istehsal edir və yetərincə istehsal var, ölkənin tələbatını təmin edə bilər. Sahibkarlığın, fermer təsərrüfatının inkişafı baxımından belə addım atılmalı idi. Bu məhsulların Azərbaycanda istehsalını artırmağa imkan da, şərait də var. Son zamanlar kənd təsərrüfatı sahəsində aparılan islahatlar da bunu deməyə əsas verir», – deputat belə söyləyir. Bununla da, rüsumları artırmazdan öncə kiçik və orta sahibkarlığın inkişafına şərait yaradılma zərurəti haqda fikirləri rədd edir.

Vahid Əhmədov

Vahid Əhmədov

«İNHISARÇILARA ZƏRBƏ»

Vahid Əhmədov hesab edir ki, Nazirlər Kabinetinin bu qərarı inhisarçılara böyük zərbədir. O, bəzi idxal məhsullarının inhisarçıların nəzarətində olduğunu və bundan sonra inhisarçılığın aradan qalxacağını düşünür: «O məhsullar inhisarçıların əlindəydi, hər adam ölkəyə gətirə bilməzdi və bu qərar inhisarçılara böyük zərbədir».

Buna da bax-'İslahatlar repressiv üsulla aparılacaqsa, vay bu ölkənin halına'

«MÖVSÜMİ RÜSUM TƏCRÜBƏSİ»

İqtisadçı Rövşən Ağayev isə bloqunda yazır ki, indilikdə hökumət yüksək gömrük rüsumlarını, heç olmazsa, mövsümi tətbiq etməlidir: «Məsələn, meyvə-tərəvəz üçün rüsumlar iyunun 15-dən noyabrın 1-dək tətbiq edilə, qış-yaz aylarında dayandırıla bilər». O, Azərbaycanın qonşusu olan Rusiyada da mövsümi rüsumlar təcrübəsi olduğunu, Gürcüstanda isə tamam fərqli yanaşma tətbiq edildiyini bildirir: «Gürcüstan daxilində tələbatı ödəyə biləcək səviyyədə istehsalı mümkün olan məhsullar (məsələn, təzə kartof və tərəvəz) üçün 12% idxal rüsumu tətbiq edilir. Lakin o məhsulların ki, istehsalı ya mümkün deyil, yaxud tələbatı ödəyəcək səviyyədə potensial yoxdur (məs., banan, kokos, əncir, qarğıdalı, yaşıl çay), onlara idxal rüsumu «0» dərəcə ilə tətbiq olunur».

Rövşən Ağayev

Rövşən Ağayev

R.Ağayev yazır ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda rəqabət mühitinin olmadığı, resursların ədalətli bölgüsünə təminat verilmədiyi şəraitdə idxalın bahalaşması oliqarxiyanın və büdcəni doldurmaq üçün mənbə axtaran məmurların maraqlarına xidmət edir.

Buna da bax-Fermer: 'Eşidiblər pambıq əkmək lazımdır, ancaq necəsini bilmirlər'

QİYMƏT ARTIMI QAÇILMAZDIRSA...

Həmsöhbətimiz olan iqtisadçılar bir məqamda həmrəydirlər ki, idxal rüsumlarının artırılması bahalaşmaya səbəb olacaq. İqtisadçı Əli Hacıyevin sözlərinə görə, ölkəyə idxalat azalacağından qiymət artımı qaçılmazdır.

Amma deputat Vahid Əhmədov daxili bazarda qiymətlər artdığı halda, bununla İqtisadi İnkişaf Nazirliyinin mübarizə aparmalı olduğunu bildirir: «Bu işlə ciddi məşğul olmalıdır ki, qiymətlər obyektiv şəkildə artırılsın, subyektiv artım baş verməsin».

İqtisadçı Nemət Əliyevsə növbəti ildə milli valyutanın sürətlə dəyərdən düşəcəyini proqnozlaşdırır. «Nazirlər Kabinetinin qərarından sonra qiymətlər süni şəkildə artacaq. Bu da yüksək bahalaşmaya gətirəcək. Əhalinin əmək haqlarının artmadığı dövrdə alıcılıq qabiliyyəti kəskin zəifləyəcək, həyat səviyyəsi pisləşəcək, yoxsulluq artacaq», – iqtisadçı söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG