Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Toxunuşsuz çalınan musiqi aləti - teremin


Theremin-in tarixini öyrənən Albert Glinsky alət haqqında danışır

Theremin-in tarixini öyrənən Albert Glinsky alət haqqında danışır

Yəqin ki, tereminin səsini eşitmisiniz. Qəribə, titrək, qorxulu, sirr dolu, sanki başqa dünyadan gələn bu musiqini çox zaman fantastik filmlərdə eşidirik. Teremin təkcə ilk elektron musiqi aləti deyil, həm də ümumiyyətlə, hər hansı toxunuşsuz ifa olunan ilk musiqi alətidir.

Teremin ifaçısı dirijorun hərəkətlərinə bənzər əl hərəkətləri ilə qurğunu "dilə gətirir". 1954-cü ilə aid videoda alətin ixtiraçısı Léon Theremin teremini təqdim edir. İxtiraçının özü bu musiqi alətini "tereminvoks" adlandırırdı. Rusca danışan Theremin "vokal səsə malik alətin" "elektromaqnit sahəsinə təsir etməklə" işə salınmasını göstərir.

Buna da bax:​ Leonardo da Vinci-nin ixtira etdiyi musiqi aləti 500 il sonra düzəldildi [Dinlə]

XOŞBƏXT TƏSADÜF

Theremin bu aləti hələ 1919-cu ildə ixtira etmiş, adını da "eteroton" qoymuşdu. 1922-ci ildə o, ixtirasını Vladimir Leninə göstərmiş, alətin futuristik səsi və quruluşu kommunist liderini çox təəccübləndirmişdi. Bundan sonra Theremin qurğunu Avropaya və Amerikaya aparır. 1927-ci ildə o, burada klassik skripka ifaçısı Clara Rockmore-la birlikdə debüt edir. Bir çoxları Theremin ixtirasını yenilik hesab etsələr də, Rockmore əmin idi ki, alət ciddi qarşılanacaq. O, Theremin-dən aləti ifa etməyi öyrənir, bir çox klassik kompozisiyanı tereminə uyğunlaşdıraraq səsini yazdırır. Rockmore teremini məhz ixtiraçının istədiyi kimi "oxutmağa" nail oldu.

Bir çox ixtiralarda olduğu kimi, tereminin də yaranış tarixi laboratoriyada baş vermiş xoşbəxt təsadüflə bağlıdır. "Teremin: efir musiqisi və casusluq" adlı kitabın müəllifi Albert Glinsky Theremin-in bu aləti ixtira etməsinin tarixçəsindən söz açır. O yazır ki, alim əslində kimya laboratoriyasında qazların sıxlığını yoxlamaq üçün dinlənilə bilən üsulun yaradılması üzərində işləyirmiş.

Buna da bax: Özbəkistanda tarı qadağan ediblər

Alətin ilk versiyasının pedalı var imiş. Ancaq əllərin, sadəcə, havada hərəkət etdirilməsi, sanki qeybdən gələn səsi manipulyasiya etməsi insanlara daha maraqlı gələrdi. Alətin hər hansı bölmələri, simləri, yayı, səsin yüksəkliyini dəyişməkdən ötrü hər hansı başqa fiziki hissələri yoxdur. Bununla yanaşı, digər musiqi alətlərində olduğu kimi, teremini də ifa etməyə dərs almağa ehtiyac var.

KQB-DƏ İŞLƏYİB

Theremin elmi və musiqi ixtiralarının çiçəkləndiyi dövrdə yaşayırdı. O, yaratdığı musiqi alətinin rəqs dünyasına inteqrasiyasını görməyə ümid edirdi. 1930-cu illərdə Amerika Zənci Balet Kompaniyası ilə işlədiyi zaman ixtiraçı gənc afroamerikalı rəqqasə Lavinia Williams-a aşiq olur və onunla evlənir. Bunun nəticəsində o, öz sosial çevrəsindən uzaqlaşdırılır və qısa zamanda toparlanaraq 1938-ci ildə ABŞ-ı tərk edir və Sovet İttifaqına gəlir. Ancaq həyat yoldaşı Lavinia deyir ki, o, öz studiyasından oğurlanaraq ölkədən çıxarılıb. Əslində, nə baş verdiyini bilməsək də, Theremin-in “Qulaq”a düşdüyünü, burada "şaraşka" adlanan laboratoriyada çalışdığını bilirik. Burada o, Sovet İttifaqı üçün dinləmə cihazları düzəldirdi. Bunun ardınca KQB-də işləyib, daha sonra isə Moskva Dövlət Universitetində fizika professoru olub.

Buna da bax:​ Usta: 'Tarın qolu əyridirsə, demək, düzgündür...'

Theremin heç vaxt elektron musiqi alətləri ilə işləməkdən əl çəkməyib. O, Moskva Musiqi Konservatoriyası ilə əməkdaşlıq etdiyi 10 il ərzində elektron kontrabas və tereminin müxtəlif versiyalarını yaradıb. Theremin sonuncu dəfə teremini 97 yaşında, 1993-cü ildə nümayiş etdirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG