Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:42

Şahin Hacıyev: «Yeltsin-in təklifini qəbul etməmək səhv idi»


Boris Yeltsin Moskvada Əbülfəz Elçibəyi salamlayır, 12 oktyabr 1992
Boris Yeltsin Moskvada Əbülfəz Elçibəyi salamlayır, 12 oktyabr 1992

-

Gələn həftə – iyunun 20-də Azərbaycan və Ermənistan prezidentləri Rusiyada görüşəcəklər. Bir aylıq fasilədən sonra dövlət başçıları danışıqları hansı ovqatda davam etdirəcəklər? Onlara nələr təklif ediləcək? Münaqişənin həlli üçün münbit şərait yetişibmi? Bu suallara «Turan» İA-nın redaktoru Şahin Hacıyevlə cavab axtarırıq.

Şahin Hacıyev: "Qarabağ məsələsinin həllinin məqamını gözləmək lazımdır"
Gözlə

No media source currently available

0:00 0:06:57 0:00
Direct-ə keçid

– Qarabağ münaqişəsi sırf Azərbaycanın məsələsi deyil. Böyük dövlətlərin maraqlarına zidd gedərək problemi həll etmək imkansızdır. Münaqişənin həlli üçün məqamı gözləmək, fürsət axtarmaq lazımdır. Elə problemlər var ki, onun həll yolu yoxdur. Məsələn, Fələstin problemi 50-60 ildir davam edir, yəqin bir yüz il də çəkəcək. Həlli yoxdur, eyni zamanda, böyük dövlətlərin maraqları da fərqlidir, ona görə də münaqişə davam edir. Qarabağ məsələsi də buna oxşardır. Ona görə də hakimiyyət böyük dövlətlərlə dil taparaq və geopolitik vəziyyəti düzgün qiymətləndirərək nəyəsə nail ola bilər. 1992-93-cü ildə belə bir məqam yaranmışdı. Mən də onun şahidiyəm.

– Söhbət hansı situasiyadan gedir?

– 1992-ci ildə Azərbaycan prezidentinin Moskvaya səfəri oldu. Səfər zamanı Əbülfəz Elçibəy Rusiyanın ozamankı prezidenti Boris Yeltsin-lə təkbətək görüşdü. Sonradan bu görüş haqqında o özü bizə, səfərdə prezidenti müşayiət edən jurnalistlərə danışdı. Yeltsin Elçibəylə görüşdə demişdi ki, Rusiya Azərbaycanda, heç olmasa, bir hərbi bazasını saxlamaq istəyir. Söhbət Gəncədəki desant diviziyasından gedirdi. Diviziyadan çox polkun saxlanılmasını istəyirdilər. Elçibəy imtina etmişdi. Dövlət katibi Gennady Burbulis bizim diplomatlarla söhbətdə söyləmişdi ki, «dediyimizlə razılaşın, biz də sizə vəziyyətin əvvəlki həddə qayıdacağına, yəni münaqişəni Dağlıq Qarabağ Muxtar Vilayəti çərçivəsində həll edəcəyimizə söz veririk». O zaman bizim rəhbərlik bu təklifi qəbul etmədi və mən hesab edirəm ki, bu, səhv idi.

– Amma bu durum Azərbaycanı Rusiyadan asılı vəziyyətə salmazdımı?

– Yadınıza salın Qəbələ RLS-i. Heydər Əliyev gələndə elə bilirdi ki, Qəbələni saxlamaqla ruslar da Qarabağı buna bağışlayacaq. Amma nə baş verdi? Guya Kəlbəcəri azad edirdik, alınmadı. 5 min adam itirdik. Heç nə qaytarılmadı, üstəlik, 6 rayon da getdi. Fürsət əldən buraxılmışdı çünki. Bu cür təklif hər gün edilmir. Biz rusların təklifindən imtina etdik, ruslar da hərbi bazanı Ermənistanda qurdular. Yəni sonradan o şansı qaytarmaq mümkün olmadı, vaxt keçdikcə vəziyyət də dəyişdi, indi isə situasiya tamam başqadır. Geopolitik durumla zarafat etmək olmaz. Məqamı düşdüsə, onu düzgün qiymətləndirmək lazımdır. Məsələn, kimin ağlına gələrdi ki, ruslar bu gün erməniləri qurban verəcəklər. Açıq-aşkar Ermənistanı tapdalayırlar. Bu o deməkdir ki, bu gün Qarabağ münaqişəsini hansısa formada həll etmək olar. Vəziyyət əvvəlki kimi deyil. Amma ermənilər də bizim o zaman etdiyimiz səhvləri təkrarlayırlar. Onlar beyinlərinə yeridiblər ki, dünya dağılsa da, ruslar ermənilərdən imtina etməyəcək, onlar Qarabağı heç vaxt geri qaytarmayacaqlar və Azərbaycan güzəştə məcburdur. Bu cür miflə yaşayan dövlətin sonu fəlakətdir. Belə bir anda vəziyyəti düzgün anlayıb addım atacaq dövlət xadimi lazımdır.

– Şahin bəy, Sizcə, Azərbaycan hakimiyyəti bu dəfə situasiyadan yararlana biləcəkmi?

– Burda da mərhələlər var. Məsələni həll etmək, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasını istəyiriksə, bu gün bizim dövlətin dilindən başqa şüarlar səslənməlidir. Deyilməlidir ki, «Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır, biz onlara zəmanət veririk, onlara şərait yaradacağıq, filan problemlərini həll edəcəyik, Azərbaycan tolerant ölkədir, ermənilərə qarşı nifrət-kin yoxdur» və s. Səhərdən axşamadək erməni faşizmindən danışmaq və yaxud hər şeydə erməniləri günahlandırmaq Qarabağda yaşayan ermənilərdə şübhə yaradır, onlar düşünürlər ki, «sabah bizi qıracaqlar». Biz onlara həm «vətəndaşımızdır» deyib, həm də hər şeydə günahlandırırıqsa, heç bir zəmanət vermiriksə, necə gəlib bizimlə yaşasınlar?

– İyunun 20-də Azərbaycan və Ermənistan prezidentləri Rusiya prezidentinin təşəbbüsü ilə yenidən görüşəcəklər. Yeni nəsə gözləmək olarmı bu görüşdən?

– Bu görüşlər bir qədər formal xarakter daşıyır. Ancaq məncə, bu dəfə tərəflərə açıq deyilə bilər ki, «bunlar sənin vətəndaşındır, bunlarla yanaşı yaşamaq istəyirsənsə, bunları inandır». Qarşı tərəfəsə deyilə bilər ki, «qonşu ölkənin ərazisini zəbt etmisən, indi boşaltmalısan, əks halda, müharibə olacaq». Bu deyiləcək. Amma tərəflər hansı nəticəni çıxaracaq, onu zaman göstərəcək və biz də müşahidə edib fikir söyləyəcəyik.

XS
SM
MD
LG