Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 07:53

Toni Bler Əliyevə iqlim danışıqlarını aparmaqda kömək etmək istəyir


Britaniyanın keçmiş baş naziri Toni Bler
Britaniyanın keçmiş baş naziri Toni Bler

Britaniyanın keçmiş baş naziri Toni Bler bir vaxtlar Azərbaycandan gələn və fəalların “karbon bombası” adlandırdığı qaz kəmərinin xeyrinə lobbiçilik üçün işə götürülmüşdü. İndi də o, Azərbaycan hökumətinə iqlim danışıqlarını aparmaqda kömək etmək istəyir.

Keçmiş baş nazirin təməlini 2016-cı ildə qoyduğu Toni Bler Qlobal Dəyişiklik İnstitutu (TBI) Azərbaycan hökumətinə noyabr ayında keçiriləcək COP29 iqlim danışıqlarında dəstəyini təklif edib. Politico.eu portalı bu bilgini gizli danışıqlar haqda danışmaq yetkisi olmadığından, adlarının çəkilməsini istəməyən iki şəxsə istinadən açıqlayıb.

TBI bu iddianı rədd etməyib

Qurum, sadəcə, “hazırda” COP29-un ev sahibləri ilə işləmədiyini bildirib.

Sözü gedən iki mənbə Boston Consulting Group (BCG) və “Deloitte”un da rol almağa çalışdığını bildirib.

Kömür, neft və qaz çağında nəhəng güc və sərvət toplayan nüfuz sahibləri öz keçmiş ziddiyyət və əlaqələrini iqlim dəyişikliyinə qarşı mübarizəyə keçirmək istəyirlər.

Konsaltinq şirkətləri və beyin mərkəzləri uzun zamandır BMT-nin iqlim konfransına ev sahibliyi edən ölkələrə yardım göstərir. Onlar çox zaman öz əməkdaşlarını həmin ölkələrin hökumətləri ilə işləməyə göndərirlər. BCG və TBI əməkdaşları ötən il Dubayda keçirilən COP28-ə ev sahibliyi edən Birləşmiş Ərəb Əmirliklərində danışıqları aparan qurumda böyük vəzifələr tuturdu. “McKinsey & Company” də bu prosesə qatılmışdı.

BCG və “McKinsey”, eləcə də “Baker McKenzie” 10 ili aşan müddət boyunca BMT-nin bir çox iqlim konfranslarında mühüm və əsasən, faydalı rol oynayıb. Onlar 200-ə yaxın ölkə arasında gedən mürəkkəb danışıqlara, minlərlə nümayəndənin qatıldığı bu tədbirlərə ev sahibliyi edən ölkələrə öz təcrübə və dəstəklərini veriblər.

Bütün bu şirkətlərin eyni zamanda qazıntı yataqları sənayesi ilə mühüm biznes əlaqələri var.

COP29-da rol almağa çalışmayan “McKinsey” COP28-in yekun nəticələri ilə bağlı daha az iddialı variantları dəstəklədiyi üçün hesabatlarda tənqid edilib.

Bu, COP-a ev sahibliyi edən ölkələrə xidmətlərini təklif edən konsaltinq şirkətləri üçün ətraf mühitin təmizliyi industriyasında öz xidmətlərini reklam etmək imkanıdır. Onlar çox zaman öz xidmətlərini ödənişsiz təklif edirlər.

“İri konsaltinq şirkətlərindən fərqli olaraq, Toni Bler İnstitutu qeyri-kommersiya təşkilatıdır. Ona ödənilən hər hansı məbləğ yenidən İnstituta qaytarılır. Cənab Bler TBI-də gördüyü işə şəxsən heç bir kompensasiya almır”, - qurumun sözçüsü belə deyib.

COP28-də fəal rol oynayan Toni Blerin həmin danışıqların prezidenti Sultan əl-Caberlə uzun tarixi olan yaxşı münasibətləri var. Əl-Caber eyni zamanda Abu Dabi Milli Neft Şirkətinin CEO-sudur.

TBI öz açıqlamasında BƏƏ-yə verdiyi dəstək barədə bunları yazıb:

“Biz COP28-i dəstəkləmək üçün strateji və siyasi biliyimizi tam ödənişsiz təklif etdik, axı faydalı dəyişikliyin əldə olunmasına kömək etmək istəyirik. Biz öz dəstəyimizə ödəniş istəmədik və almadıq”.

“Hazırda… Azərbaycan hökuməti ilə müqaviləmiz yoxdur”

Konfransın məqsədləri ilə ev sahiblərinin iqtisadi maraqları arasındakı maraqlar toqquşmasına görə COP28 tənqid edilmişdi. Ancaq COP28 bu baxımdan istisna deyil, çünki iqlim danışıqları vaxtaşırı iri neft, qaz və kömür hasilatçısı olan ölkələrdə keçirilir. Şimal dənizində iri neft mədənləri olan Britaniyanın özü də belə ölkələrdən biridir.

İstər konsaltinq, istərsə ənənəvi yanacaq şirkətləri iddia edir ki, sonuncuları təmiz enerji sferasına cəlb etmək həm real, həm də vacibdir.

BCG COP29-la əməkdaşlıq etmək üçün hər hansı kontrakt imzalamayıb. “Deloitte” məqalə müəllifinin emaillərinə cavab verməyib.

TBI sözçüsü isə bunları deyib:

“Hazırda bizim COP29-la bağlı Azərbaycan hökuməti ilə müqaviləmiz yoxdur, ancaq həmişə demişik ki, biz hökumətlərə COP-la bağlı işlərində yardım etməkdən məmnun olarıq”.

Son illərdə iqlim sahəsində fəaliyyətini xeyli genişləndirən TBI dünyanın bir çox yerində dövlət başçıları və nazirlərə məsləhət verərək onlara təsir etməyə çalışıb.

TBI-ın iqlim dəyişikliyi və ictimai səhiyyə kimi sahələrdəki fəaliyyəti Blerin öz beynəlxalq imicini yenilənməsinə kömək göstərib. Britaniya siyasətini 2007-ci ildə tərk edən Bler TBI-ı yaratmazdan öncə bir neçə hökumətlə əməkdaşlıq edib. Onun o zaman Səudiyyə şahzadəsinə aid “PetroSaudi” şirkətinə lobbiçilik xidməti göstərdiyi bildirilir.

Bler Azərbaycan Prezidenti İlham Əliyevlə də yaxın münasibət qurub. 2014-cü ildə o, BP-nin rəhbərlik etdiyi, Azərbaycanın Xəzər dənizindəki qaz mədənlərindən İtaliyanın cənubuna kəmər çəkilməsinə çalışan konsorsiuma müşavir təyin edilib. Onun 2018-ci ildə İtaliya hökumətinə bu layihənin lobbiçiliyini etdiyi bildirilir.

“Qaz təchizatının diversifikasiyası üçün mühüm marşrutdur”

İqlim fəalları “Cənub Qaz Dəhlizi” (SGC) adlanan bu kəməri Avropanı lazım olduğundan daha uzun müddət təbii qazdan istifadə etməyə şirnikləndirən tələ kimi görürlər.

Kəmərin 2020-ci ildə işə düşməsindən az sonra Rusiyanın Ukraynaya tammiqyaslı hücumu başlanıb. Layihəni dəstəkləyənlər bunun onların doğru yolu seçdiklərinin təsdiqi olduğunu deyirlər.

Avropa Komissiyası bu yaxınlarda Cənub Qaz Dəhlizini “Aİ-nın qaz təchizatının diversifikasiyası üçün mühüm marşrut” adlandırıb. Ötən il Azərbaycan Aİ-nın ümumi qaz idxalatının 3 faizini təmin edib.

Əliyev Azərbaycanın Aİ-yə qaz satışını iki dəfə artırmağa razılıq verib. SGC-yə 1 milyard avroya yaxın kredit verən Avropa İnvestisiya Bankı “POLITICO” portalına iqlimə təsiri üzündən artıq belə layihələri dəstəkləmədiyini bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG