Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:13

Rusiyada ucuz neft qurtarır


Sibirdə neft buruqları
Sibirdə neft buruqları

«Novaya qazeta» Mikhail Krutikhin-in bu ilin martında «Russian Economic Challenge» konfransındakı məruzəsini dərc edib. Konfrans Moskva Karneqi Mərkəzi və «Skolkovo» Biznes Məktəbi tərəfindən təşkil edilib. Məruzədə deyilir:

İRİ LAYİHƏ QALMAYIB

Rusiyada maya dəyəri ucuz neft bitməkdədir. Ona görə də bu ölkə üçün neft sənayesinin əhəmiyyəti tədricən azalacaq. Neft yataqlarının həcmi get-gedə azalır. Onların keyfiyyəti pisləşir və hasilat çətinləşir. Rusiyanın neft ehtiyatlarının 70%-i çətin hasil olunan ehtiyatlardır. Hasilatın dəyəri bir barrelə 50-80 dollar təşkil edir. İndi belə nefti bazarda satmaq, demək olar, mümkün deyil. Artıq işlək layihələr tükənmək üzrədir. Demək olar ki, iri layihələr qalmayıb. Energetika Nazirliyinin hasil oluna bilən ehtiyatlar sırasına daxil etdiyi ehtiyatların bir çoxunun hasilatı texnoloji cəhətdən mümkün deyil. Məsələn, Bajenov sahəsi (yataqlar qrupu) Qərbi Sibirdə neft dənizidir. Buradakı neftin həcmi hazırda bütün regionda çıxarılmaqda olan neftin həcminə bərabərdir. Ancaq geoloji strukturların mürəkkəbliyi oradakı neftin yalnız 2–3%-nin hasilatını mümkün edir.

Əlverişsiz vergi mühiti nə hasilatı, nə də innovasiyaları dəstəkləyir. Neftçilər artıq istismar mərhələsində olan, böyük kapital qoyuluşlarına ehtiyac olmayan yataqlarda çalışırlar. Onlar artıq yaxşı bildikləri yataqlarda işləməyə çalışırlar ki, əlavə quyular qazaraq hasilatı intensivləşdirsinlər. Bəzən bu, texnologiyaların pozulması və ehtiyatların tükədilməsi ilə nəticələnir.

Sibirdə neft buruqları
Sibirdə neft buruqları

GƏLƏN İLDƏN AZALMA BAŞLAYA BİLƏR

Şirkətlər hökumətə şikayətlənir, investisiya və borcları məhdudlaşdırır, yeni yataqların işlənməsindən imtina edirlər. Yataqların kəşfindən qoyulan sərmayənin götürülməsinə qədər, ən yaxşı halda, 7 il, orta hesabla isə 10 - 15 il keçir. Şelf layihələrində bu müddət 20 ildir.

Energetika Nazirliyinin proqnozlarına görə, 2025-ci ilə qədər hasilat indiki səviyyədə qalacaq. Ancaq neft şirkətləri xəbərdarlıq etməyə başlayıblar ki, vergi yükü azaldılmasa, vəziyyət başqa cür olacaq.

Əgər bu gün sutkada 11 milyon barrel neft çıxarılırsa, 2035-ci ildə bu göstərici cəmi 6 milyon barrel olacaq. Ola bilsin ki, azalma artıq gələn il başlayacaq.

Hasilatın 2% enəcəyinə dair proqnozlar mövcuddur. Xantı-Mantiysk Muxtar Dairəsində hasilat artıq azalmaqdadır. Şirkətlərin özləri çox itki vermirlər. Əvvəllər izafi gəlirləri dövlət özünə götürürdü.

SANKSİYALARIN DA ROLU OLMADI

Bazarda məmurların idarə etdiyi şirkətlərin dominantlığı müşahidə olunur. Bu isə səmərəliliyin artmasına xidmət etmir. Məmur niyə şirkətə nəzarət etməlidir axı? Layihəni mümkün qədər bahalı etmək, büdcədən oğurluq məqsədilə müqavilələri bölüşdürmək, itkiləri dövlətin hesabına yazmaqdan ötrü. Dövlət şirkəti yaxşıdır. Böyük dövlət şirkəti isə əladır. YUKOS, TNK-BP, «Tatneft», «Başneft» və s. şirkətlər əvvəllər özəl oyunçular olublar. Ancaq indi məmurların idarə etdiyi dövlət şirkətlərinin bir hissəsinə çevriliblər.

Neft sənayesinə sanksiyalar heç bir rol oynamadı: şelfdə hasilatın maya dəyəri 150 dollardır. Bu gün heç bir normal əməliyyatçı ora getməz. Çətin hasil olunan neftlə vəziyyət də eyni cürdür – o, çox baha başa gəlir.

Rusiyada qaz çoxdur. Ancaq bazar çatışmır. Ona görə də bu sahə vergiödəyicilərin ciblərinə girəcək: qazı hasilat və nəqliyyat dəyərindən ucuz satmaq lazım gələcək. Bazarlar nəinki böyümür, əksinə kiçilir. Avropa İttifaqında belə bir tendensiya var: mənbələrin diversifikasiyası (qazı müxtəlif mənbələrdən almaq), inhisarçılardan imtina, rəqabətin həvəsləndirilməsi. Bu, Avropanın üçüncü enerji layihəsidir. Putin onu «ziyanlı sənəd» adlandırmışdı. Bu, Rusiyanın aşağı qaz qiymətləri ilə üzləşəcəyini göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG