Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:13

Yağışlı havada Lənkəran şəhəri, Kələntərlilər küçəsində yerləşən 35 nömrəli evə gəlirik. Bu evdə 6 il həbs cəzası alan satirik şair Tofiq Həsənlinin anası, 84 yaşlı Zərifə Calalova və bacısı yaşayır. Bura onların dəvəti ilə gəlmişik. Evin dam örtüyü yararsız halda olduğundan yağış suları içəri damır. Şairin yaxınları deyir ki, yağışın qarşısını almaqdan ötrü damda ləyənlər düzüblər...

ANANIN OĞLUNUN HÖKMÜNDƏN XƏBƏRİ YOXDUR

Ailənin yaxınlarının deməsinə görə, 84 yaşlı Zərifə Cəlalovanın oğlunun 6 il həbs cəzası almasından xəbəri yoxdur. Baxmayaraq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən 2 aya yaxın vaxt keçib. Anası bilməsin deyə, yaxınları bu məlumatı gizli saxlayırlar. Anasına bildiriblər ki, Tofiq Həsənli qanunsuz dərman satışı adı ilə tutulub. Xahiş etdilər ki, yaşlı qadının yanında narkotikin adı çəkilməsin.

Tofiq Həsənlinin anası Zərifə Cəlalova yataqda idi. Yorğun və xəstə görünürdü. Gözləri tez-tez dolurdu. Deyir ki, oğlunun həbsinə, hələ də, inana bilmir. Onun deməsinə görə, yaxşı insanların köməyi ilə vəkil tuta biliblər:

«BOMBA PARTLATMAYIB, ADAM ÖLDÜRMƏYİB, ŞEİR YAZIB...»

«Tofiqi nahaq tutublar. Şeir yazıb da. Şeir hər kəsin xoşuna gələ bilməz. Bir nəfərin xoşuna gəlmədiyi üçün onu tutublar. O bir nəfərdən ötrü şairi tutarlar? Bomba partlatmayıb, adam öldürməyib, şeir yazıb».

Tofiq Həsənli

Tofiq Həsənli

Zərifə Cəlalova deyir ki, söz azadlığı olan ölkədə belə həbslər olmamalıdır:

«ATAMI DA HƏBS ETMİŞDİLƏR. HAQQINA DANIŞIRDI...»

«Bizdə söz azadlığıdır. Heydər Əliyevin dövründə 6 «Heydərnamə» yazıb. O vaxtları onu çəkdilər qabağa. İndi nə olub, Heydər Əliyevin yerində oturanlar belə hərəkət edirlər? Şeir yazanı həbs edirlər? Başa düşürəm, görürəm. Bir mənim balamı tutmayıblar. Kimi gəldi şər atıb tuturlar. Birinə bomba adı qoyurlar, digərinə xuliqan deyirlər, bir az da dərman qatırlar yanına, həbs edirlər. Nahaqdan camaatın balalarını həbsdə çürütməyin. Mənim atamı, Axund Möhsümü də 1933-cü ildə həbs etmişdilər. Onda bir yaşım var idi. Ziyalı adam idi, haqqına danışırdı. Getdi, qayıtmadı. İndi də oğlumun başına bu işləri açırlar».

Zərifə Cəlalova deyir ki, oğlunun yanına getməyə imkanı yoxdur: «Camaat kömək etdi, vəkilə görə 300 manat köçürtdük. Vəkilə pul verdik ki, yol gedə bilsin, benzin puludur. Haradandır pul? 30 ildir ev tikirəm, yağış yenə üstümə tökülür. Tofiq tutulandan sonra bizim də vəziyyətimiz pisləşib. Tofiq bizi saxlayırdı. Bir nəvəm var. Tofiqdən sonra o bizə baxırdı. Neçə aydır işsizdir, iş yoxdur. O yazıq uşaq özünü saxlasın, ya məni saxlasın?».

Tofiq Həsənlinin adının çəkilməsini istəməyən dostlarından birinin deməsinə görə, ailəyə imkan daxilində köməklik göstərirlər. O deyir ki, Tofiq Həsənlinin tutulacağı gözlənilirdi:

«HAKİMİYYƏTİ TƏNQİD EDİRDİ»

«Demək olar ki, hər həftə satirik şeirləri ilə sosial şəbəkələrə çıxırdı. Videoçarxları göstərilirdi. Hakimiyyəti tənqid edirdi. Özü də deyirdi ki, bunu ona bağışlamazlar. Gec-tez tələ quracaqlar, qurdular da. Onunla vaxtaşırı görüşürdük, Kərbəlaya getmişdi, narkotikdən uzaq adam idi. Keçmişdə nə olub, onu bilmirəm. Ancaq mən bildiyim Tofiq Həsənli Allah adamı idi, haqqı nahaqqa verməzdi. Belə deyilər ki, hələ onun həbsi gecikdi».

Satirik şair Tofiq Həsənli ötən il oktyabrın 13-də yoxa çıxmışdı. Yaxınları iki gündən sonra xəbər tutmuşdular ki, Tofiq Həsənli saxlanıb.

Tofiq Həsənlinin işlədiyi ticarət obyektində ona məxsus külli miqdarda narkotik aşkar olunduğu deyilirdi. Şair Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və satma - Küllü miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinirdi.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu il avqustun 22-də onu 6 il həbs cəzasına layiq görüb.

O, tutulmazdan öncə xaricdən yayılan «Azərbaycan saatı» proqramında tənqidi şerlər oxuyardı.

Şərhləri göstər

XS
SM
MD
LG