Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:18

Ticarətçi: "Vergi işçisi dedi, ayda 150 manat ver və…"


►“Vergi işçilərinə sahibkarın təmiz işləməsi sərf eləmir. Sanki özləri sahibkarı çirkli yol seçməyə məcbur edirlər...”

Göyçay şəhər sakini Fuad Hüseynov AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib.

Yaxın aylara qədər ticarətlə məşğul olmuş Fuad Hüseynov danışır ki, mağazada satılan bütün mallara qəbz vurulur. İşə götürülən satıcıyla əmək müqaviləsi bağlanır.

Vergi hesabatlarını, DSMF ödənişlərini vaxtında edir. Bununla belə, vergi işçiləri ticarətçini sanki qəsdən cinayətə sürükləyirlər.

Onun qanuni fəaliyyətinə mane olur, nə olursa olsun, qara yollara əl atmasına şalışırlar. Ötən ilin avqustunda başına gələnlərsə, ticarətçinin özü demiş, səbir kasasını daşırıb:

“NAZİRLİYİN QOYDUĞU QAYDALARA ƏMƏL ETMƏSƏM...”

“Avqustun 21-də Göyçayda yerləşən 9 saylı ərazi vergilər idarəsinin Mahir adlı əməkdaşı mənə zəng vuraraq görüşmək istədiyini bildirdi. Həmin gün görüşdük. Dedi ki, Vergilər Nazirliyi yeni qaydalar tətbiq edib. Hər bir ticarətçi, o cümlədən də mən nazirlikdən təyin olunmuş standart məbləğdə vergi adı altında ödəniş etməliyəm. Mənim 44 kvadratmetr sahəsi olan icarəyə götürdüyüm obyektə “yuxarıdan” 150 manat aylıq ödəniş təyin olunub. Razılaşmadım, dedim ki, “bu, qanunu pozmaqdır”. O isə dedi, nazirliyin qoyduğu qaydalara əməl etməsəm, mənimçün ticarətçi kimi fəaliyyət göstərmək çətin olacaq”.

Fuad Hüseynovun dediyinə görə, vergi işçisi ona bildirib ki, şərtləri qəbul etmirsə, bunu 9 saylı ərazi vergilər idarəsinin operativ nəzarət şöbəsinin rəisi Əlisultan müəllimə bildirsin. Ticarətçi də rəislə görüşüb. Ancaq yenə söhbətləri alınmayıb:

“Əlisultan müəllimlə söhbətdən belə anladım ki, mənə edilən bu təklifə razılıq verib-verməmək öz əlimdədir. Razılıq versəm, 1 il müddətində obyektə heç bir yoxlama gəlməyəcək, vergi işçisi tərəfindən müdaxilə, yoxlama, xronometraj, audit, səyyar yoxlama keçirilməyəcək. Nəzarət kassa aparatından istifadə etsəm də, etməsəm də, “gözün üstə qaşın var” deyən olmayacaq. Ancaq razılaşmasam, obyektim tez-tez yoxlanılacaq”.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“BİLDİRDİ Kİ, BU RƏQƏMLƏRİ ONLARA NAZİRLİK GÖNDƏRİB”

Ticarətçinin sözlərinə görə, o, vergi idarəsinin rəisini, necə deyərlər, düz yola çəkməyə çalışıb ki, “gəlin, qanunlara hörmətlə yanaşaq”. Ancaq nail ola bilməyib:

“Əlisultan müəllimə bu işlərin qeyri-qanuni olduğunu dedim. Ticarətçiyə vergi adı altında kəsilən 150 manat bir ticarətçi kimi mənim Vergi Məcəlləsini kobud surətdə pozmağıma şərait yaradır. Çünki 150 manat sadələşdirilmiş vergi ödəyicisinin hesabat ayı üzrə toplam 7500 manat dövriyyəsi olduqda ödənilməlidir. Əgər bundan az dövriyyə əldə edirsə, sahibkar əzilmiş olacaq, digər halda, 7500 manatdan çox dövriyyəsi olsa, həmin sahibkar dövlət xəzinəsindən oğurlamış, vergidən boyun qaçırmış sayılacaq. Bir sözlə, Vergilər Nazirliyi özü ticarətçiləri qəsdən qanunları tapdalamağa sövq edir”.

Əlqərəz, Əlisultan müəllimin təklifi ilə razılaşmayan ticarətçini bu dəfə 9 saylı ərazi vergilər idarəsinin rəis müavini Elxan Süleymanlının yanına göndərirlər:

“Elxan müəllim də təzə heç nə demədi. Bildirdi ki, bu rəqəmləri onlara nazirlik göndərib. Əgər xahiş etsəm, “stavkama” yenidən baxılmasını təşkil edə bilər. “Sabit vergi” ilə razılaşmayacağımı, qanunlara riayət edəcəyimi dedim. Elxan müəllim də Əlisultan müəllim kimi, razılaşmadığım təqdirdə yoxlamaların təyin olunacağını və dolayı yolla incidiləcəyimi bildirdi”.

“FAKTLAR ÜZRƏ ARAŞDIRMA DAVAM EDİR”

Fuad Hüseynov da sakit oturmayıb. Vergi işçilərinin hərəkətlərindən prezidentə, vergilər nazirinə, baş prokurora və Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazıb. Ötən il noyabrın 11-də Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılaraq ifadəsi alınıb. Ancaq vergi işçilərinin hələ də cəzasız qaldıqlarını deyir:

“Hesab edirəm ki, belə vergi işçiləri cəzalandırılacaq, özbaşınalıqların, reketçiliyin qarşısı alınacaq, sahibkarlar da fəaliyyətlərini intizamlı şəkildə davam etdirəcək”.

İndi Fuad Hüseynovun ağlındakı odur ki, vətəndaşa, sahibkara sayğı ilə yanaşılan ölkələrdən birinə köçsün.

O, Azərbaycandakı özəl türk liseylərindən birini bitirdikdən sonra İstanbul Universitetində ali təhsil alıb. Azərbaycana qayıtdıqdan sonra ixtisasına uyğun iş tapa bilmədiyi üçün ticarətçiliyə üstünlük verib. Ona da, dediyi kimi, vergi işçiləri imkan verməyib.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Fuad Hüseynov bir neçə dəfə Vergilər Nazirliyində də olub. Onun şikayəti dinlənilib və hələ ki, qeyd etdiyi faktlar üzrə araşdırma davam edir.

XS
SM
MD
LG