Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:08

Bu yaxınlarda «JetBlue» hava şirkətinə məxsus təyyarədə baş verən olay turbulentliyi gözardı edənləri təşvişə sala bilər. Nə az, nə çox - 24 nəfər xəstəxanaya düşmüşdü. Bu onu göstərir ki, turbulentlik bəzən ciddi fəsadlar törədir.

Əlverişsiz hava şəraitindən qaynaqlanan bu turbulentlik Bostondan Sakramentoya uçan təyyarəni qəfil enişə məcbur qoyub. Təyyarədəki 22 sərnişin və 2 heyət üzvü xırda xəsarətlərlə xəstəxanaya aparılıb.

BU FENOMEN NƏDƏN QAYNAQLANIR? BİZ ONDAN QORXMALIYIQMI?

Turbulentlik gözlənilməyən hava axınının təyyarəni «atıb-tutmasıdır». O, külək, qasırğa, atmosfer təzyiqi, yaxud dağlara yaxınlıq kimi səbəblərdən baş verə bilər. Turbulentlik hətta səma aydın görünəndə də baş verir. Bu fenomeni elə belə də adlandırırlar – «Açıq Hava Turbulentliyi» və ya qısaca - AHT. Bu zaman 7 -12 min metr hündürlükdə isti və soyuq havalar toqquşur. Bildiyimiz kimi, isti hava soyuq havadan yüngül olur və yuxarı qalxır. Soyuq hava isə aşağı çökür. Təyyarə digər adı «hava cibləri» olan bu axına düşərkən, axın onu «atıb-tutur» və sərnişinlər bunu hiss edir. Ancaq bu zaman pəncərədən baxanda havanın tam aydın olduğu görünür.

Adətən, turbulentliyi radar vasitəsilə görmək, yaxud təyin etmək olmur. Bu səbəbdən, onun nə zaman baş verəcəyinə və nə dərəcədə güclü olacağına öncədən proqnoz vermək də mümkün deyil. Ancaq pilotlar daim hava nəqliyyatı dispetçerləri ilə əlaqədə saxlayır və yolun qalan hissəsindəki durumdan xəbərdar olurlar. Onlar uçuşöncəsi hava məlumatını oxuyur, nə vaxt və nə dərəcədə güclü turbulentliyin olacağını anlaya bilirlər.

Turbulentlik son dərəcə tez-tez rast gəlinən fenomendir. Britaniya Hava Yollarının kapitanı Steve Allright-ın sözlərinə görə, adi sürücüdən ötrü yoldakı eniş-yoxuşların öhdəsindən gəlmək nədirsə, bir pilot üçün də turbulentliyi aşmaq o deməkdir: «Uçduğum hər gün turbulentliyin baş verəcəyini gözləyirəm. Bu, uçuşun bir hissəsidir, bundan qorxmağa dəyməz».

ZƏDƏLƏR, ƏSASƏN, CİDDİ OLMUR

Turbulentlik təyyarədəki sərnişinləri zədələyən ən geniş yayılmış səbəb olsa da, bu zədələr, əsasən, ciddi olmur. Federal Aviasiya İdarəsinin məlumatına görə, 1980-2008-ci illər arasında ABŞ hava gəmiləri 234 dəfə turbulentlik yaşayıb. Nəticədə, 298 xəsarət və 3 ölüm halı qeydə alınıb. ABŞ-da hər gün 87 mindən çox uçuş gerçəkləşdiyi gözə alınsa, bu, çox aşağı göstəricidir.

Turbulentliyin təsirini önləməyin yolu təhlükəsizlik kəmərini bağlamaqdır. Federal Aviasiya İdarəsinin qeydə aldığı həmin o 3 ölüm halından ikisi sərnişinlər kəməri bağlamadıqlarından baş verib. Hər il ABŞ-da 58 sərnişin turbulentlik zamanı kəməri bağlamadığına görə xəsarət alır. Yuxarıda sözügedən 298 xəsarət halının 184-ü təyyarələrin uçuş heyətinə aiddir. Onlar həmin vaxt iş başında olduqlarından, kəmərləri bağlanmayıbmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG