Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Dövlət Departamenti: «Azərbaycan güclü antiterror əməkdaşlığı edir»


Antiterror

Antiterror

-

İyunun 2-də ABŞ Dövlət Departamenti «Terrorçuluqla Mübarizə: 2015» hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, 2015-ci ildə dünyada terror hücumlarının sayı bir il öncəylə müqayisədə 13% azalıb. Terror hücumlarından ölənlərin sayı isə 14% düşüb ki, bu da İraq, Pakistan və Nigeriyada daha az hücumların törədilməsi ilə bağlıdır. Bu, 2012-ci ildən bəri dünyada terror hücumlarının sayında ilk düşüşdür. Ancaq Əfqanıstan, Banqladeş, Misir, Suriya və Türkiyə kimi ölkələrdə terror hücumları və ölü sayı ötən il yüksəlib.

Dövlət Departamenti İranı terrorçuluğa sponsorluq edən ölkə adlandırıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkə Birləşmiş Ştatlarla güclü antiterror əməkdaşlığı edib, Qafqazdan insan, pul və material daşımağa çalışan terrorçu təşkilatlara qarşı fəal dirəniş göstərib. Azərbaycanın terrorçuluqda şübhəli bilinən şəxsləri təqib etdiyi, böyük miqdarda qanunsuz silah-sursatı müsadirə etdiyi, xaricdəki münaqişələrdən Azərbaycana dönən əcnəbi döyüşçüləri həbsə atdığı vurğulanır.

«İŞİD»LƏ MÜBARİZƏDƏ QƏTİYYƏT

«Azərbaycan «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizədə güclü qətiyyət sərgiləyib, informasiyanı paylaşıb, İraq və Suriyaya əcnəbi döyüşçü axınının, terrorçu qruplaşmaların qanunsuz maliyyələşməsinin önlənməsi yönündə işləyib. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərləri İŞİD və «əl-Qaidə» ideologiyasına qarşı ictimai tədbirlər görüb. Xarici İşlər Nazirliyi dekabrın ortasında elan edib ki, Azərbaycan Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi Terrora qarşı İslam Koalisiyasına qoşulmağı nəzərdən keçirir», -hesabatda deyilir.

Sənəddə o da qeyd olunur ki, dekabrın ortasında Milli Təhlükəsizlik Nazirliyi iki quruma parçalanıb – Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti. İlin sonunadək bu iki yeni xidmətin antiterror fəaliyyətinin necə olacağı, onların uyğun işinin necə inteqrasiya olunacağı bəlli deyildi. Hazırda Daxili İşlər Nazirliyi terrorçuluqla mübarizədə vacib öhdəliklər daşıyır. Spesifik antiterror hərəkətlərini nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirir. Baş Prokurorluq terrorçuluqla bağlı fərdlərin təqibinə, terror cinayətlərinin təhqiqinə məsuliyyət daşıyır.

Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti terrorçuluq fəaliyyətinin aşkarlanması və önlənməsini səmərəli həyata keçirib, ölkəyə qayıdan əcnəbi döyüşçüləri təqib edib. Ölkəyə giriş zamanı səyahətçilərin yoxlanmasında terrorçu və cinayətkarlar barədə xəbərdarlıq siyahılarından, bioqrafik/biometrik informasiyadan yararlanıb. Digər ölkələrlə informasiya mübadiləsi aparılıb.

ƏSL NİYYƏT BƏLLİ DEYİL

Daha sonra sənəddə ölkə qanunvericiliyinə edilən uyğun dəyişikliklərdən, ötən ilin dekabrında qəbul olunmuş dini ekstremizmlə mübarizə qanunundan söz açılır.

«İl ərzində ölkədə terror hücumlarının önlənməsi barədə məlumatlar yayılıb. Ancaq aydın deyil ki, bu tədbirlər real terror hədələrinə yönəlib, yoxsa qeyri-zorakı, müstəqil dini fəaliyyəti məhdudlaşdırmaq məqsədi güdüb. Məsələn, noyabrda Baş Prokurorluq bəyanat yayıb ki, keçmiş siyasi məhbus və dini fəal Taleh Bağırov (Bağırzadə) tərəfdarları ilə birlikdə hökuməti devirmək planı hazırlayıb. Hökumət onun Bakının Nardaran kəndində sursat və partlayıcı gizlətdiyini iddia edib. Hüquq-mühafizə orqanları ölkə boyunca xüsusi əməliyyat həyata keçirib, onlarla adamı həbs edib, silah-sursat tapdığını bildirib. Nardaran əməliyyatında zorakı dini ekstremizmdə şübhəli bilinən beş nəfər və iki polis həlak olub. Cinayət işi açılıb. Bəzi demokratiya və insan haqları fəalları bu ittihamların saxta olduğuna inanır», -hesabatda belə deyilir.

ABŞ Dövlət Departamenti daha sonra Azərbaycanın çirkli pulyumaya qarşı gördüyü tədbirlərdən söz açır. O da vurğulanır ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə zorakılığa çağırışın önlənməsi məqsədilə bəzi məscidlərdə moizələrə nəzarət tədbirləri görüb. Ölkə ATƏT-in, İslam Əməkdaşlığı Təşkilatının, digər regional qurumların fəal üzvüdür, eləcə də NATO ilə antiterror sahəsində işini davam etdirir.

«KORRUPSİOMETR» PORTALI QEYD OLUNUR

Hesabatda ABŞ-ın Beynəlxalq Yayım Şurasının (BBG) xarici müsəlman izləyicilərə hədəflənən proqramlarından da söz açılır. «Amerikanın Səsi» radiostansiyasının Azərbaycan xidmətinin gündəlik televiziya və veb proqramlar hazırladığı qeyd olunur.

«2014-cü ilin dekabrında Azərbaycan hakimiyyətinin Azad Avropa/Azadlıq Radiolarının Bakı bürosunda reyd keçirməsi, 2015-ci ilin mayında isə büronun rəsmən bağlanmasına baxmayaraq, Azərbaycan xidməti ölkədə yetərincə işıqlandırılmayan hadisələrə ətraflı yer verib. Xidmətin «Korrupsiometr» veb portalında ən son qanunlar, qaydalar yerləşdirilib, vəkillər izləyicilərin suallarını cavablandırır».

Birləşmiş Ştatlar Azərbaycanın terrorçuluq, narkotik maddələrlə mübarizə, eləcə də enerji sahəsində əməkdaşlığını daim müsbət qiymətləndirib. Bəzi yerli müşahidəçilər isə Azərbaycan hökumətinin bu sahələrdə əməkdaşlığı önə çəkməklə insan haqları pozuntularını pərdələdiyini bildirir. Son iki ildə ölkədə vətəndaş cəmiyyətinə təzyiqlər güclənib, 100-dək siyasi və ictimai fəal, jurnalist və bloqqerin məhz siyasi motivlərlə həbsə atıldığı bildirilir. Amma bu ilin əvvəlində hakimiyyətin mövqeyində bir yumşalma sezilir, bir sıra tanınmış «siyasi məhbuslar» azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG