Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:08

'İslamofob Theresa May mənim yeni baş nazirimdir'


Böyük Britaniya - Kraliça Yelizaveta Theresa May-i Bukingem Sarayında qəbul edir. 13 iyul, 2016

Böyük Britaniya - Kraliça Yelizaveta Theresa May-i Bukingem Sarayında qəbul edir. 13 iyul, 2016

►Britaniyanın yeni baş nazirini sevməyənlər də var

Britaniyalı Shaheen Sattar "Independent"ə yazdığı məqalədə Britaniyanın yeni baş naziri Theresa May-i sərt tənqid edib.

Yeni baş naziri "islamofob" adlandıran müəllif yazır ki, May İnsan Hüquqları Konvensiyasından istifadə edərək Gary McKinnonun ABŞ-a esktradisiyasının qarşısını aldığı halda Talha Ahsanın ekstradisiyasını təmin edib.

"Onların hər ikisində Asperger sindromu var. Hər ikisi də aşağı-yuxarı eyni cinayəti törətməkdə ittiham olunurdu. Ancaq Ahsan müsəlman idi," müəllif yazır.

Talha Ahsan 2006-cı ildə terrorizmlə əlaqəli olduğu iddia edilən müsəlman xəbər saytları ilə əməkdaşlıq ittiham edilərək həbs edilmiş, 2012-ci ildə isə ABŞ-a ekstradisiya edilmişdi.

Şotlandiyalı sistem administratoru Gary McKinnon isə ABŞ-ın, o cümlədən Pentaqonun və NASA-nın 97 saytını sındırmaqda ittiham edilərək həbs edilmiş, ancaq 2012-ci ildə o zamankı daxili işlər naziri Theresa May onun ABŞ-a ekstradisiyasının qarşısını almışdı.

Müəllif hesab edir ki, keçmiş daxili işlər naziri bu hərəkəti ilə aydın bir mesaj verib: Theresa May-in Britaniyasında ağ adamlar üçün bir qanun var, burada yaşayan müsəlmanlar üçünsə başqa qanun.

Xanım Sattar Theresa May-in Britaniyada yaşayan müsəlmanların azadlıqlarına çox böyük zərbə vurduğunu, bütöv icmalara ziyan vurduğunu iddia edir.

Müəllif yazır ki, Theresa May "Britaniya dəyərlərinin dəstəklənməsi" adı ilə guya ekstremizmə qarşı mübarizə aparırdı, ancaq o, 2015-ci ildə qəbul edilmiş Antiterror və Təhlükəsizlik Qanununu anlamırdı. Onun sözlərinə görə bu qanun müsəlman universitet tələbələrinin mühazirələrdə və seminarlarda öz fikirlərini deməsinin qarşısını alıb, ağızlarını yumub. Tələbələr ekstremizmdə ittiham edilməkdən qorxaraq susmağa məcbur olublar. Beləliklə də, xanım May əslində söz azadlığı kimi bir "Britaniya dəyərini" məsxərəyə qoyub. Terrorizmi "müsəlmanların problemi" kimi qələmə verən bu qanunun qəbul olunmasından az sonra aydın oldu ki, o əslində insanlara islamofob olmağa icazə verir.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

"May iddia edir ki, daxili işlər naziri olandan terrorizmin qarşısının alınması işini gücləndirib, bu isə hər kəsin təhlükəsizliyinə töhfə verib. Ancaq o əslində ona nail olub ki, indi daha az britaniyalı müsəlman mədəni cəhətdən özünü britaniyalı hesab edir," yazıda deyilir.

Shaheen Sattar Theresa May-in daxili işlər naziri kimi fəaliyyətini gördükdən sonra onun baş nazirliyi dövründə Britaniyanın müsəlman icmasının daha çox təcridə və iftiraya məruz qalmasından qorxur. O xatırladır ki, May 2015-ci ildə İslam İnsan Hüquqları Komissiyası tərəfindən "İlin islamofobu" adına layiq görülüb.

"Tamamilə aşkardır ki, May-in daxili işlər naziri kimi fəaliyyəti müsəlmanlara qarşı nifrət və zorakılığın sosial normaya çevrildiyi mühitin yaranmasına gətirib çıxarıb. Biz Britaniya müsəlmanları" ifadəsindəki sözlərin bir-birinə zidd olmadığını düşünməyə öyrəşmişdik. Ancaq indi biz qorxuruq ki, bu iki söz ağ Britaniya icmasının, və get-gedə elə müsəlman icmasının da gözündə bir-birinə zidd sözlər kimi görünsün," müəllif yazır.

Xanım Sattar qeyd edir ki, əgər May həqiqətən də dediyi kimi "daha yaxşı Britaniya" üçün şərait yaratmaq istəyirsə o əvvəlcə daxili işlər naziri olarkən yaratdığı inamsızlıq və qorxu mühitini aradan qaldırmağa çalışmalıdır. "Britaniyada gənclərin dörddə birinin müsəlmanlara inanmadığını dediyi dövrdə bu, prioritet olmalıdır ki, gələcək nəsilləri önyarqı, şübhə, bölünmə və ölkənin daimi olaraq parçalanmasına görə ittiham etməyək," deyə Shaheen Sattar fikrini yekunlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG