Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:40

'Adamın sağlam ayağını kəsdilər, sonra da...'


Ayağı səhvən kəsilən: "Həkim pula görə məni bu günə qoydu"
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Ayağı səhvən kəsilən: "Həkim pula görə məni bu günə qoydu"

►“Nazirliksə “Atdığımız addımlar yetərlidir” cavabını verir”

Tərlan Məmmədova 87 yaşında həkim yanlışlığı ucbatından hər iki ayağını itirdi. Hadisədən təxminən bir ay sonra - iyulun 31-də o, həyatını da itirdi.

Ötən ay bütün medianın, sosial şəbəkələrin diqqətini çəkən bu olay indi 2 cümləlik quru xəbərlə yekunlaşdı. Həkim yanlışı ucbatından bir insan həyatından məhrum olundu, amma bağışlanılmaz xətaya yol verənlər, sadəcə, işlərindən məhrum edildilər.

Əməliyyatı aparan cərrah Valeh Kərimov və xəstəxana rəhbəri işdən uzaqlaşdırıld, assitentsə sonuncu xəbərdarlıqla şiddətli töhmət aldı.

SƏHİYYƏ NAZİRLİYİ: “BU ADDIM YETƏRLİDİR”

Səhiyyə Nazirliyi AzaddlıqRadiosunun sorğusuna cavab olaraq, bu addımı “yetərli” sayır. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov “Bir daha bu cür hadisələrin baş verməməsi üçün hansı addımlar atıldı?” sualını belə cavablayır:

“Bütün dünyada var belə hallar... Azərbaycanda son onilliklərdə belə bir hadisə yadınıza gəlirmi? Yəni qəza halları - belə hallar baş verəndə, Səhiyyə Nazirliyi müvafiq addım atır. Bu məsələ nazirlikdə araşdırılır. Yəni insanlar işdən çıxarılır, töhmət verilir. Bunlar, əbəttə, yetərlidir”.

HƏKİM: “ONU MÜŞAHİDƏ ETMƏK BİZİM İŞİMİZ DEYİL”

Yeri gəlmişkən, nazirlik Tərlan Məmmədovanın ölüm səbəbini bilmədiyini bildirir.

Mərhumun əməliyyat olunduğu Xüsusiləşdirilmiş Angioliji Mərkəzindən də pasiyentin ölümü barədə məlumat almaq mümkün deyil.

Həmin xanımın əməliyyatında iştirak edən, sonradan onun həkimi olan cərrah Əfsər Rzazədə isə «Report»a qısaca bunu bildirib:

“Xəstə xəstəxanadan çıxdıqdan sonra onu müşahidə etmək bizim işimiz deyil”.

O, Tərlan Məmmədovanın ölüm səbəbindən məlumatsız olduğunu, xəbəri saytlardan oxuduğunu da söyləyib.

Buna da bax: Əvvəl balası, sonra özü öldü – ailə isə həkimlərdən əl çəkmir

İSTİNTAQDAN SƏS ÇIXMIR

İyunun 25-də Respublika Baş Prokurorluğunun yaydığı məlumatda belə deyilirdi: “Araşdırma zamanı toplanmış materialda T. Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərərvurma cinayətinin əlamətləri mövcud olduğundan, fakta görə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Eyni zamanda, Səhiyyə Nazirliyi də xüsusi biliyə sahib mütəxəssislər cəlb edilməklə, yoxlamalar aparır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir”.

AzadlıqRadiosu günboyu Baş Prokurorluğa bir neçə telefon açsa da, istintaqla bağlı məlumat ala bilməyib.

AİLƏ DƏ SUSUR

Mərhumun ailəsi, hələlik, susur. Onun nəvəsi Könül Rzayeva deyir: “Indi baş qarışıqdır, bu gün “üç” mərasimidir, gəlib-gedən çoxdur. Yası yola verək, sonra oturub danışacağıq”.

“BU, SÖZÜN BİTDİYİ YERDİR”

Hüquqşünas Aslan İsmayılov Tərlan Məmmədovanın başına gələnlərə görə heç kim cəzalandırılmadığından, baş prokurora və ombudsmana müraciət edib.

O, AzadlıqRadiosuna bunu söyləyir:

“Ən dəhşətlisi odur ki, qadın vəfat edib, Səhiyyə Nazirliyisə jurnalistlərə “Biz bilmirik nədən ölüb” - deyir. Onun əməliyyat olunduğu mərkəzin əməkdaşı deyir ki, xəstə evə gedəndən sonra onunla maraqlanmırıq. Deməli, qadının sağlam ayağını kəsiblər, onu evə göndəriblər, o da ölüb, bütün mətbuat bu haqda yazır, amma bunlar nə qədər harınlayıblar, nə qədər cəzasızlığa əmindirlər ki, heç gedib onunla mraqlanmayıblar da. Səhiyyə naziri, demirəm məmur kimi, insan kimi tapşırıq verərdi ki, o qadınla maraqlanın. Sanki əşya kimi çölə atıblar onu”.

Aslan İsmayılov hüquq-mühafizə orqanlarının da işindən narazıdır: “Bu məsələni yüz minlərlə insan müzakirəyə çıxardı. Buna nə nazirlik, nə prokurorluq münasibət bildirdi. Kimsə cəzalandırılmadı. Kimsə çıxıb üzrxahlıq etmədi. Bax bu, sözün bitdiyi yerdir. Adamın sağlam ayağını kəsdilər, sonra da bayıra atdılar, o da öldü, heç kim də məsuliyyət daşımadı....”.

Bir aydan çoxdur səslənən, nazirliyə ünvanlansa da, cavablanmayan bir sual aktuallığını itirmir: Tərlan Məmmədovanın ailəsinə təzminat ödəniləcəkmi?

Nazirliyin mətbuat xidmətinin rəhbəri bu barədə məlumatsız olduğunu və hər hansı açıqlama verə bilməyəcəyini deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG