Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 03:54

ABŞ Azərbaycanı tənqid edir


►“Azərbaycanda din azadlığı məhdudlaşdırılır”

“Azərbaycanda konstitusiya ilə vətəndaşlara dini inanclarını ifadə etmək hüququ verilib. Lakin hökumət xüsusilə də qeyri-ənənəvi hesab etdiyi dini qrupların üzvlərinin azadlığını məhdudlaşdırır”.

Turan İnformasiya Agentliyinin xəbərinə görə, ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair illik hesabatının Azərbaycanla bağlı hissəsində belə deyilir.

“Rəsmilər toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqları məhdudlaşdırıb və dini qruplar da daxil olmaqla, vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını daraldıb”, - sənəddə qeyd olunur.

Dini fəallar...

Hesabatda qeyd edilir ki, etibarlı rəqəmlər olmasa da bəzi yerli müşahidəçilər 2014-cü ildə 52 dini fəalı siyasi məhbus hesab ediblər. Hazırda bu rəqəm 46 göstərilir

“Yehovanın Şahidləri” , müsəlmanlardan “sələfi” təriqətinin üzvləri və din xadimi Fətullah Gülənin davamçıları olduğundan şübhələnilən şəxslərin toplaşdığı yerlərdə reydlər keçirdiyi bildirilir.

Buna da bax: 'Ləzgi məscidi'nin bağlanması haqda- [Rəsmi açıqlama]

Nardaran olayları

Hesabatda bildirilir ki, ötən ilin noyabr ayında Daxili İşlər Nazirliyinin polis qüvvələri Nardaran kəndinə daxil olaraq ekstremizm ittihamları ilə müstəqil “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırov da daxil olmaqla 14 nəfəri həbs edib.

”Növbəti dörd gün ərzində Daxili İşlər Nazirliyinin polis qüvvələri kəndə quru yolu ilə gediş-gəlişə məhdudiyyətlər qoyub və evbəev axtarış aparıb. Mediada verilən xəbərlərə əsasən, Daxili İşlər Nazirliyi təxminən 38 nəfəri saxlayıb, onların çoxu sonradan azad edilib. Hökumətin verdiyi bəyanata əsasən bu tədbirlər “Müsəlman Birliyi” Hərəkatının milli təhlükəsizliyə hədələrinə cavab olaraq görülüb. Bununla belə, bəzi demokratiya və insan hüquqları fəalları ittihamların saxta olduğunu bildirib”, -hesabatda qeyd edilir.

Buna da bax: 'Aşurbəy' məscidində təmiri dindarlar 'bağlama bəhanəsi' sayırlar

Dini qrupların qeydiyyat problemi

Hesabatda bəzi dini qrupların qeydiyyatdan keçməsi ilə bağlı problemlərin olduğu, hökumətin dini ədəbiyyatın ölkəyə gətirilməsi, paylanması və satışı ilə bağlı məhdudiyyətlər tətbiq etdiyi göstərilir. Habelə, dini dözümlülüyün dəstəklənməsi məqsədilə seminarlar keçirdiyi qeyd edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil edir. Bunların 65 faizi şiə, 31 faizi isə sünni ( sələfi) müsəlmanlardır. Ölkə əhalisinin dörd faizini rus, gürcü pravoslav kilsəsi, erməni apostol kilsəsinin üzvləri, molokanlar, xristianlar, yəhudilər və bəhailər təşkil edir.

Ancaq hökumət təmsilçiləri ölkədə vicdan azadlığının qorunduğunu, tolerantlığın hökm sürdüyünü bildirirlər.

Hökumət rəsmiləri dini qurumların qeydiyyatında da problemlər görmürlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
M.Qurbanlı bildirib ki, dini qurumların dövlət qeydiyyatına alınması prosesi bu ilin altı ayında da davam etdirilib, 26 dini qurum dövlət qeydiyyatına alınıb .Hazırda ölkədə 707 qeydiyyata alınmış dini qurum fəaliyyət göstərir.

XS
SM
MD
LG