Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyi ilə bağlı xüsusi icazə tələb olunan fəaliyyət növü sayılacaq. “Lisenziyalar və icazələr haqqında” qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişiklik təklif edilir.

Təklif parlamentin noyabrın 11-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Buna da bax:​ MTRŞ: 'Noyabrın 1-dən Bakı və Abşeronda analoq yayım dayandırılır'

Belə bir təklifin mahiyyəti nədir və hansı zərurətdən doğub?

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyir ki, televiziya vasitəsilə yayılan məlumatların dövlət təhlükəsizliyinə dəxli var:

“’İnformasiya təhlükəsizliyi’ deyilən bir termin var, istənilən informasiyanın teleradio kimi daha geniş auditoriyası olan media qurumundan yayılmasının dövlətin təhlükəsizlik məsələlərinə birbaşa dəxli var”.

“Söhbət senzuradan getmir”

Fərəc Quliyev deyir ki, bəzi saytlar dövlət təhlükəsizliyinə təhdid yarada biləcək xəbərlər yayır: “Biz hərbi sirlər və başqa məsələlərlə bağlı nəzarətsiz davranışın şahidi olduq. Söhbət senzuradan getmir, yəni dövlət təhlükəsizliyinə dəxli olan məsələləri müəyyən məcraya yönəltməkdən gedir”.

Buna da bax:​ Dekoder alın - Teleradio Şurası

Deputat düşünür ki, hələlik, saytları, digər internet media resurslarını tam nəzarətdə saxlamaq mümkün deyil, amma teleradio fəaliyyətinin belə bir tənzimlənməsi, özəlliklə də, müharibə şəraitində yaşayan bir ölkədə vacibdir.

“Bu təkliflərə ehtiyac yox idi”

Teleradio üzrə nəzəriyyəçi, professor Qulu Məhərrəmlinin sözlərinə görə, yeni təkliflərə heç bir ehtiyac yox idi. Çünki uyğun qanunvericilikdə dövlət təhlükəsizliyinin mediada tənzimlənməsi göstərilib:

“Müvafiq qanunda bir çox müddəalar var ki, yayım siyasətinin bir nüansı kimi dövlət, vətəndaş, milli təhlükəsizlikləri göstərir. Məsələn, zorakılığa çağırış, Konstitusiyanı zorakı yolla dəyişmək kimi məsələlərə yolverilməzlik qanunda konkret göstərilir”.

Buna da bax:​ Lisenziyası alınan ANS-in iddiasına da 'yox' dedilər

Qulu Məhərrəmlinin fikrincə, Azərbaycanın geosiyasətində yeni çalarlar yaranıb, hakimiyyət də bunu qanunvericilikdə göstərmək istəyir. Amma o, mövcud müddəaların dövlət təhlükəsizliyini qoruduğunu vurğulayır.

“Konvensiyanın 10-cu maddəsinə ziddir”

Media məsələlər üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, teleradio yayımı onsuz da lisenziyalı fəaliyyət idi, onu “xüsusi icazə tələb olunan fəaliyyət növü” kimi qanuniləşdirməyin mahiyyətini və zəruriliyini anlamağa çalışır:

“Doğrusu, bunun məntiqini anlamağa çalışıram. Çünki teleradio fəaliyyəti lisenziyalaşdırılıb və İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin ikinci hissəsinə əsasən, dövlət bu fəaliyyəti lisenziyalaşdıra bilər. Yenidən bunu dövlət əhəmiyyətli məsələ kimi qiymətləndirmək media azadlığı və müstəqilliyi baxımından anlaşılmazdı və doğru yanaşma deyil”.

Buna da bax: Özəl teleradio yayımçılarına 2 milyon

Ələsgər Məmmədli yada salır ki, Azərbaycan Avropa Şurasına üzv olarkən AzTV ictimailəşdirilsin öhdəliyi götürmüşdü: “Ancaq AzTV olduğu kimi saxlandı, əlavə İctimai TV yaradıldı. Bu, məsələnin mülkiyyət tərəfi. Digər tərəfdən, bütün dünyada olduğu kimi, Azərbaycanda da tezliklər istifadə məqsədinə görə ayrılır”.

Hüquqşünas deyir ki, bəzi xüsusi tezliklər hərbi və digər məsələlərə ayrılır, teleradio yayımı tezlikləri də aidiyyətli dövlət qurumunun sərəncamına verilir. Bunun tənzimlənməsini dövlət gerçəkləşdirir. Amma son təklif kənardan ikiqat lisenziyalaşdırma, İnsan Haqları Konvensiyasının 10-cu maddəsindən baxanda məhdudlaşdırıcı hüquq kimi görünür.

Buna da bax:​ Lisenziya rüsumları salındı

“Lisenziyalar və icazələr haqqında” qanunun 1 və 2 nömrəli əlavələrinə təklif edilən dəyişikliyə görə, qanunun 1 nömrəli əlavəsindən (Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 7-ci maddə (Teleradio yayımı fəaliyyəti) çıxarılır. Eyni adlı maddə 5-ci maddə kimi qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) daxil edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG