Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

“The Daily Telegraph” qəzetinin beynəlxalq biznes redaktoru Ambrose Evans-Pritchard öz məqaləsində Azərbaycan prezidentinin gündəlik nigarançılığından da yazıb

Tanınmış jurnalist, “The Daily Telegraph” qəzetinin beynəlxalq biznes redaktoru Ambrose Evans-Pritchard-ın məqaləsində deyilir ki, Səudiyyə Ərəbistanı neft qiymətlərinin son 12 ildə ən aşağı həddə düşməsinə baxmayaraq, geri çəkilməyəcəyini, hasilatı azaltmayacağını bəyan edib.

Səudiyyə israr edir ki, hasilatı yalnız o halda ixtisar edə bilər ki, “bu yükü Rusiya və başqa qeyri-OPEC ölkələri də paylaşmağa razı olsunlar”.

“Biz başqalarına yol açmaq üçün hasilatı azaltmaq fikrində deyilik – deyib dünyanın ən böyük neft şirkəti Aramco-nun prezidenti Khalid al-Falih, - Əgər başqa istehsalçılar əməkdaşlıq etsələr, Səudiyyə də əməkdaşlıq edəcək. Lakin Səudiyyə bu rolu üzərinə təkbaşına götürməyəcək…”

Ucuz neft “normal hal” olacaq

"Əgər qiymətlər aşağı səviyyədə qalarsa, biz buna uzun müddətdə duruş gətirə bilərik. Biz dünyada neftin ən ucuz hasilatına sahibik. Səudiyyə şirkəti Aramco-nun borcları sıfırdır” – deyib al-Falih.

Khalid al-Falih

Khalid al-Falih

Beynəlxalq Energetika Agentliyinin rəhbəri Fatih Birol “The Daily Telegraph” qəzetinə deyib ki, İran martın sonlarınadək bazara daha 500 min barrel neft çıxaracaq. “Neft qiymətlərinin daha da enməsi üçün təzyiq artacaq” – deyib Birol.

O deyib ki, aşağı neft qiymətləri bundan sonra “normal hal” kimi qəbul edilməlidir: “Bunu belə qəbul etməyənlər təəccüblənəcəklər”.

Aramco rəhbəri bildirir ki, “bahalı neft istehsal edənlər” bazardan çıxandan sonra neft qiymətləri mütləq dirçələcək.

“Biz hər gün düşünürük ki…”

Ambrose Evans-Pritchard yazır ki, qeyri-OPEC ölkələri bir-bir səudlarla sövdələşməyə doğru gedirlər.

“The Daily Telegraph” bunların arasında diqqəti Azərbaycan prezidenti İlham Əliyevə yönəldib.

“Biz buna hazırıq. Biz işimizi OPEC və qeyri-OPEC istehsalçıları ilə əlaqələndirməliyik” – deyib Əliyev.

Qəzet diqqəti belə bir məqama çəkir ki, Azərbaycan prezidenti “postneft erasının” 20 il sonra başlanacağınız gözləyirmiş.

Məqalədə Azərbaycan prezidentinin gündəlik nigarançılığına aid dediklərindən söhbət açılıb.

“Biz hər gün düşünürük ki, bu, qiymətlərin dibidir, amma daha aşağı qiymətləri görürük. Doğrusu, bu psixoloji baxımdan üzücüdür. Mən hələ ölkələrin öz büdcələrini balanslaşdırmalı olduqlarını demirəm” – deyib prezident.

“The Daily Telegraph” yazır ki, ötən ay Azərbaycanın milli valyutası böyük devalvasiyaya uğrayıb.

Moskva Bakı kimi tələsmir

Lakin məqalədə qeyd olunur ki, Rusiya hələlik səudlarla sövdələşmə vaxtının çatmadığını düşünür.

“Sövdələşmə mümkündür, amma vaxtı çatanda” – deyib Rusiya dövlət ehtiyat fondunun rəhbəri Kirill Dmitriev.

Dmitriev bildirib ki, “hələlik ortalıqda çox sayda toqquşan gündəliklər var”.

Bütün bu oyunlar bir il ərzində oynanıb qurtarandan sonra, oturub danışmaq və razılığa gəlmək daha asan olacaq

“Bəziləri düşünürlər ki, 15-20 ildən sonra neftə bu qədər ehtiyac olmayacaq, çünki elektrik avtomobilləri artır. Neftin 70 faizi nəqliyyatda işlənir, onun da 42 faizi avtomaşınların istehlakına düşür” – deyib Rusiya nümayəndəsi.

O bildirib ki, bəziləri ABŞ şist neftini “cəzalandırmağa” və ya təzə gələnləri bazara buraxmamağa çalışırlar.

“Bütün bu oyunlar bir il ərzində oynanıb qurtarandan sonra, oturub danışmaq və razılığa gəlmək daha asan olacaq” – deyib Rusiya dövlət fondunun rəhbəri.

Səudiyyə heç zada inanmır

Məqalədə deyilir ki, Amerikadan, Braziliyadan neft təchizatları artdıqca səudlar da ipə-sapa yatmırlar.

Cənab Al-Falih nə qlobal istiləşməyə, nə də bərpa olunan enerji növlərinə inanmır.

“Elektrik maşınları artanda elektriki nədən düzəldəcəklər” – deyib Aramco-nun prezidenti.

O bildirib ki, Səudiyyə bu vaxtadaək bazarın xatirinə maraqlarını qurban verib.

Aramco rəhbəri deyib ki, Səudiyyə “dünya bazarını nizamlamaqda davam etsəyidi onun indi bir gündə çıxardığı 10, 5 milyon barrel sıfır olardı”.

Ambrose Evans-Pritchard-ın gəldiyi nəticəyə görə ən təhlükəli perspektiv səudların bütün rəqibləri süpürüb atdıqdan və bazar nizamsız dirçələndən sonra yaşanacaq qlobal sarsıntıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG