Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:35

Mobil telefon idxalı 8,5 dəfə artıb


Foto arxiv
Foto arxiv

Azərbaycana qanuni yolla, yəni gömrük vergiləri ödənilməklə gətirilən mobil telefonların sayı 8,5 dəfə artıb.

Dövlət Gömrük Komitəsinin ( DGK) məlumatında belə deyilir.

Bura xaricdən şəxsi istifadə, lap elə satmaq üçün ayrı-ayrı şəxslərin əl çantasında, yaxud elektron ticarət üsulu ilə gətirdikləri mobil telefonlar daxil deyil.

Qeydiyyata alınan İMEİ kodların (International Mobile Equipment Identity - Mobil cihazın beynəlxalq tanınması) sayı ilə müqayisə etməklə müəyyən olunub ki, vergi ödənilməklə sərhədi keçən mobil telefon aparatlarının sayı ümumi idxal göstəricisindən (orta hesabla ayda 50 min ədəd) 2,5 dəfə azdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin altı ayında ölkəyə satış məqsəlilə 114 724 , yaxud ayda orta hesabla 19,1 min ədəd mobil telefon gətirilib. 2015-ci ilin birinci yarısında vəziyyət daha kritik idi: yarım ildə rəsmi yolla Azərbaycana 13 419 ədəd mobil telefon gətirilmişdi.

55 dollara smartfon?

Gömrükdə bəyan edilməklə gətirilən mobil telefonların orta qiyməti də artıb. Əgər ötən ilin ilk altı ayında bir mobil telefona gömrükdə 54,8 dollar qiymət qoyulurdusa, bu ilin birinci yarısında gömrük rüsumları və vergilərin ödənilməsi ilə orta qiymət 109,6 ABŞ dollarına qalxıb. 2014-cü ildə, hələ, iqtisadi böhranın ayaq səsləri təzə-təzə eşidilməyə başlandığı vaxtlarda, bir ədəd mobil telefon Azərbaycan gömrüyündə ortalama 58 dollara rəsmiləşdirilirdi.

Pərakəndə ticarətdə təklif olunan mobil rabitə vasitələrinin çeşidinin təhlili göstərir ki, ölkəyə gətirilən telefonların əsas hissəsi smartfonlardır. Onlarınsa qiyməti markasından asılı olaraq 99 manatdan başlayaraq, 3000 manatadək dəyişir.

2 ildə bir telefon

Hökumət rəsmən təsdiq etməsə də, yaxınlarda mobil rabitə vasitələrinin fərdi qaydada gətirilməsinə ciddi məhdudiyyətlər qoyulacağı gözlənilir. Trend Agentliyinin məlumatına görə, elə bir tənzimləmə və qeydiyyat mexanizmi tətbiq olunacaq ki, bir şəxsin 2 ildə 1 ədəddən artıq mobil telefon gətirməsi mümkün olmasın. Bu, o deməkdir ki, 1 telefonu ölkəyə gətirən şəxs ikincisi üçün mütləq qanunla nəzərdə tutulan vergini ödəməli olacaq. Ehtimal edilir ki, bu mexanizm elektron ticarət üçün də keçərli olacaq. DGK elektron ticarəti nəzarətə götürmək planlarını, hələ, 2015-ci ildə elan etmişdi.

Telefon qaçaqmalçılığı

Mobil telefonlar qaçaq yolla ölkəyə gətirilməsinə cəhd edilən malların ilk beşliyindədir. Təsadüfi deyil ki, DGK-nın qaçaqmalçılıqla bağlı yaydığı məlumatların içərisində siqaret, qızıl-zinət əşyaları, xarici valyutadan sonra ən çox qeydə alınan mallardan biri də mobil telefonlardır. Məlumatlara görə, işbazlar çoxlu sayda mobil telefonu əsasən «Sınıq Körpü», Bakı Beynəlxalq Hava Limanı, Xaçmaz gömrük-buraxılış məntəqələrindən keçirməyə çalışırlar.

DGK-nın hesabatına görə, 2015-ci ildə Azərbaycana kommersiya məqsədilə 86747 ədəd mobil telefon gətirilib. Bir ədəd telefon 107,4 dollara bəyan olunub. Qaçaq yolu ilə gətirilən mobil telefonların sonradan necə satılması və daxil olan vəsaitlər haqda DGK məlumat vermir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG