Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:00

►Valideyn: “Düz cavabı səhv sayaraq, 8 balı siliblər”

"Qardaşım oğlunun coğrafiyadan bir suala cavabı yanlış sayılıb. Bu da onun balına təsir göstərib”. Ali məktəblərə qəbul imtahanında biliyini II qrupda sınamış abituriyent Əsədulla Abbasovun əmisi Nizami Abbasov AzadlıqRadiosuna belə deyir. Onun sözlərinə görə, qardaşı oğlu imtahan verəndən sonra düzğün cavablar əsasında balını hesablayıb və 576 bal topladığını düşünüb: “Amma nəticələr açıqlanarkən, onun 568 bal yığdığı məlum oldu. Sonra eşitdik ki, coğrafiyadan onun verdiyi düz cavab səhv sayılıb və beləcə, 8 bal itirib. İndi hara düşəcəyini bilmirik. Bəlkə gedib pulluya düşəcək, o bir bal pulsuz təhsil üçün rol oynaya bilərdi”.

Abbasovlar ailəsi Tələbə Qəbulu Dövlət Komissiyasına (TQDK-ya) appellyasiya şikayəti verib. Nizami Abbasov deyir ki, onlara apellyasiyaya gecikdikləri söylənib:

“Televiziyadan eşitdik ki, eyni problemi olan abituriyentlərdən birinin şikayətinə baxaraq, müsbət cavab veriblər. Necə olur ki, indi biz gecikmiş sayılırıq?”.

Buna da bax: Məleykə Abbaszadə də Tarif Şurasına üz tutur

Şikayət ünvanına çatdı

Nizami Abbasov əlavə edir ki, bu hesablamada abituriyentin günahı olmadığından, apellyasiya müddətinin başa çatması əsas sayıla bilməz.

TQDK AzadlıqRadiosuna məsələni araşdırdıqlarını və şikayətin müsbət həllini tapdığını deyir. Komissiya mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, II qrupda coğrafiya fənni üzrə onlara cəmi 5 nəfər şikayət edib:

“Amma araşdırma zamanı məlum oldu ki, 17 abituriyentlə bağlı belə xəta olub. Yəni düzğün cavab səhv sayılıb. Onların hamısının apellyasiya verməsinə ehtiyac yox idi”.

Xanlar Xanlarzadə əlavə edir ki, Apellyasiya Komissiyasının qərarına əsasən, mübahisə bütün abituriyentlərin, o cümlədən, Əsədulla Abbasovun xeyrinə çözülüb.

Abituriyentlər suallardan narazı qalıblar

İxtisas qrupları üzrə qəbul imtahanlarından sonra TQDKı Apellyasiya Komissiyası yaradır. İmtahanların nəticəsindən narazı qalan abituriyentlər bu il də həmin Komissiyasına üz tutublar. Xanlar Xanlarzadə deyir ki, I və IV ixtisas qrupları üzrə - 5, II və III ixtisas qruplarında isə yalnız 9 nəfər məzmunla bağlı müraciət edib.

Abituriyentlər coğrafiya, riyaziyyat, Azərbaycan dili, ədəbiyyat, tarix fənləri üzrə test tapşırıqlarının məktəb dərsliyi ilə uyğun gəlmədiyini əsas gətiriblər. TQDK rəsmisi deyir ki, “hər bir apellyasiya şikayəti araşdırılıb və həmin sualların ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramlarına tam uyğunluğu” sübuta yetirilib”.

“İctimai qurum yaranmalıdır”

TQDK-nın keçmiş sədri Vurğun Əyyub da testlərin məzmunundan çoxlu narazılıq eşitdiyini deyir. Onun sözlərinə görə, bəzi təhsil ekspertləri də testlərin məzmununda bəzi uyğunsuzluqları ortaya qoyublar:

“700 bal toplayan abituriyentlərin çoxluğu məndə o şübhəni oyadır ki, suallar lazımi səviyyədə düzgün tərtib edilməyib”.

Vurğun Əyyubin fikrincə, suallar daha çox yaddaşı yoxlayamağa yönəlib: “Bir də bəzi sualların cavab variantlarında çaşdırıcı, bənzər cavablar müşahidə edilir. Buna yol vermək olmaz, sual və cavab varinatları konkret olmalıdır”.

Bununla belə…

Keçmiş TQDK sədri deyir ki, ali məktəblərə qəbul imtahanları zamanı test suallarını tərtib etmək çox çətindir, çünki elmi əsaslara söykənən bir fəaliyyətdir.

Ancaq Vurğun Əyyub onu da əlavə edir ki, testlərin məzmununa nəzarət edən ictimai bir qurum olmalı və çatışmazlıqlar, abituryentlərin narazı qaldığı məsələlər dəqiqliklə təsvir edilməlidir.

Bu ilin yayında 55 min abituryent ali məktəblərə qəbul imtahanlarına qatılıb. 200 və daha çox bal toplayanların sayı 34 mindən çoxdur.

Ali Məktəblərə ixtisas seçimi hələ başa çatmadığından nə qədər abituryentin tələbə adı qazanacağı məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG