Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:36

Təhsil şöbələrinin səlahiyyətlərinin Baş Təhsil İdarəsinə veriləcəyi deyilir


Rayon məktəbi

Rayon məktəbi

Prezident İlham Əliyev bugünlərdə Bakı şəhərində rayon təhsil şöbələrinin ləğvi barədə sərəncam verib. Bu, təhsil sistemində idarəçilik baxımından nəyi dəyişə bilər?

Buvaxtacan rayon təhsil şöbələrinin rəhbərlərini icra hakimiyyəti başçıları təyin edir, onlara maliyyə vəsaiti də icra hakimiyyətinin balansına keçirilir, sonra oradan ayrılırdı. İndi isə bu səlahiyyətlərin ya Bakı Baş Təhsil İdarəsinə, ya Təhsil Nazirliyinə, ya da Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi gözlənir.


«Azadlıq» radiosuna yaxın mənbələrin məlumatına görə, həmin səlahiyyətlər Bakı Baş Təhsil İdarəsinə veriləcək, yəni bu idarənin səlahiyyətləri genişləndiriləcək. Ancaq məsələ bundadır ki, Bakı Baş Təhsil İdarəsi də Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyindədir. Elə Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünü də bu məsələ narahat edir: «İndi mühüm olan odur ki, həm maliyyə, həm də kadr məsələsinin həlli Bakı Baş Təhsil İdarəsinə verilsin, çünki Bakı Şəhər İcra Hakimiyyəti, yoxsa, rayon icra hakimiyyətinin tərkibində olmağın bir fərqi yoxdur».


Məlahət Mürşüdlü rayon təhsil şöbələrinin ləğvi barədə prezidentin sərəncamını 20 illik müzakirələrin nəticəsi adlandırır. Belə ki, təhsildə idarəçiliyin sadələşdirilməsi, onun Avropa standartlarına uyğunlaşdırılması, çoxpilləliyin ləğvi ötən əsrin 80-ci illərindən müzakirə olunur.


Bakı Baş Təhsil İdarəsinin rəhbəri Məhəbbət Qarabağlı da prezidentin sərəncamını vaxtında verilmiş əhəmiyyətli sənəd adlandırır. O, təhsildə struktur dəyişikliklərinin köklü islahatlara səbəb olub-olmayacağı barədə suala isə belə cavab verdi: «Məktəblərə bir az müstəqillik vermək, kənar müdaxilələrin qarşısını almaq lazımdır. Şəhərdə təhsil dəhşətli vəziyyətdədir, ciddi nöqsanlar var».


Amma Məhəbbət Qarabağlı kənar müdaxilələrin məhz nələr olması barədə danışmaq istəmədi.


Təhsildə İslahatlara Yardım Mərkəzinin rəhbəri Zəminə Əliqızı isə bu sahədə müstəqillik baxımından qonşu Gürcüstanı misal gətirir: «Tbilisi Təhsil Departamenti müstəqil maliyyələşir, orda yerləşən təhsil ocaqlarının həm maliyyə, həm idarəçilik problemlərini həll edir».

Buvaxtacan rayon təhsil şöbələri ikili tabeçilik, yəni həm rayon icra hakimiyyəti, həm də Təhsil Nazirliyinə tabe idi. Elə Təhsil naziri Misir Mərdanov da bir neçə dəfə bu məsələdən gileylənmişdi. O, adətən məktəblərdə rüşvət hallarına dair suallara cavab verərkən belə deyirdi.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyubsa bu fikirdədir ki, təhsildə rüşvətin kökünün kəsilməsi üçün siyasi iradə gərəkdir: «Struktur dəyişikliklərin rüşvətin azalmasına təsiri olur, ancaq bu problemin tamam ləğvi üçün siyasi iradə lazımdır».


Prezidentin sərəncamı yalnız Bakıdakı rayon təhsil şöbələrini əhatə edir. Kənd rayon təhsil şöbələri hələlik fəaliyyət göstərir, gələcəkdə onların birbaşa Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi gözlənir. Bəzi ekspertlərin fikrincə, sərəncamın bu cür verilməsi məntiqsizlikdir, çünki istənilən halda kənd rayonlarında təhsil sahəsində ikili tabeçilik qalacaq. Ancaq əlbəttə ki, bütün bu detallar Nazirlər Kabineti əsasnaməni hazırlayandan sonra bəlli olacaq.


Bakıda isə 300-dək məktəb və 120-yə yaxın uşaq bağçası var.


Günün bütün mövzuları

XS
SM
MD
LG