Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 17:26

Tayvanın ən yüksək göydələni zəlzələyə belə dözdü


"Taypey 101"
"Taypey 101"

Aprelin 3-də Tayvanda 7.4 bal gücündə zəlzələ baş verib. Adanın Milli Yanğın Agentliyinin ən son hesablamalarına görə, azı, 9 nəfər həyatını itirib, 770 bina zədələnib.

CNN yazır ki, Tayvanda son 25 ilin ən güclü sayılan bu zəlzələsi zamanı episentrdən cəmi 130 kilometr aralıda yerləşən paytaxt Taypeydə də binalar çox silkələnib. Ancaq bir zamanlar dünyanın ən hündür göydələni olan "Taypey 101" binası heç bir zədə almayıb.

Videogörüntülər 508 metrlik binanın strukturunun onu güclü silkələnmədən qoruduğunu göstərir. Məqalədə deyilir ki, göydələnin müdafiəsinin ən mühüm hissəsi onun materialı – dəmir-betondur.

Betonun sıxlığından və poladın oynaqlığından qaynaqlanan güc sayəsində bina yellənə biləcək qədər silkələnmə, güclü külək və tufanlara dözəcək qədər möhkəmdir. Binaların seysmik güclərə qarşı deyil, onlarla birlikdə hərəkət etməklə salamat qala biləcəyi prinsipi əsrlərdir Şərqi Asiya ölkələrinin ənənəvi memarlığının bir hissəsidir.

Göydələnin içərisində 101 mərtəbəli binanı qoruyan başqa bir innovasiya da var. Bu, binanın kütləsini tarazlayan nəhəng kürəşəkilli qurğudur.

Zəlzələdən sonra
Zəlzələdən sonra

“Taypey 101”dəki kürə 660 tondur

87 və 92-ci mərtəbələrin arasında 92 qalın kabeldən asılı olan bu qızılı polad kürə istənilən yöndə 1.5 metrədək hərəkət edə bilir və beləcə, yellənməyə qarşı balans yaradan kəfgir rolunu oynayır.

"Bu, …çox iri bir kütlədir. "Taypey 101"dəki [kürə] 660 tondur. Bu, çox ağır görünür. Ancaq onu binanın ümumi kütləsi ilə müqayisə edəndə, olsa-olsa, onun bir hissəsi qədərdir", - "Superyüksək: dünyanın ən hündür binaları şəhərlərimizi və həyatlarımızı necə dəyişdirir" (Supertall: How the World’s Tallest Buildings Are Reshaping Our Cities and Our Lives) adlı kitabın müəllifi Stefan Al CNN-ə deyib.

"Bina titrəməyə başlayanda [kürə] əks istiqamərdə hərəkət edəcək. "Taypey 101" binasında kürə asılı vəziyyətdədir… Bu üzdən, bina yellənərkən, kürə [ətalət üzrə] geridə qalacaq və əks istiqamətdə hərəkət etməklə kinetik enerjini öz üzərinə götürəcək", - Stefan Alın sözləridir. O, kürə ilə bina arasındakı hidravlik silindrlərin bu enerjini istiliyə çevirdiyini və bu istiliyin də dağılıb getdiyini deyir.

Bu cür tarazlanmış kütlə amortizatorları dünyanın bir çox yerində göydələnlərdə quraşdırılır. Nyu Yorkdakı "superskinni" (super nazik) adı ilə tanınan "Steynvey" binasında bir, Dubaydakı yelkən şəklində inşa edilmiş "Bürc əl-Ərəb" binasında isə 11 belə kürə quraşdırılıb.

Kürə ürəkbulanmanı da azaldır

"Harmonik absorber" adı ilə də tanınan bu kürələrin gətirdiyi sabitlik eyni zamanda bina yellənərkən, onun yuxarı mərtəbələrinin sakinlərində yarana biləcək diskomfortu, məsələn, ürəkbulanmanı azaldır.

Tayvanın "C.Y. Lee & Partners" şirkətinin dizayn etdiyi "Taypey 101" 2004 – 2007-ci illərdə dünyanın ən hündür binası olub. 2007-ci ildə Dubaydakı "Bürc Xəlifə" binası onu ötüb keçib. "Taypey 101"in kütlə tənzimləyicisinə baxan müşahidə nöqtəsi hazırda ziyarətçilər arasında çox populyardır. Özəlliklə güclü küləklər kürəni tərpədərkən, onu görmək istəyənlər çoxalır.

Ancaq nəhəng kürə və binanın dəmir-betondan tikilməsi onu sabit saxlayan amillərin hamısı deyil.

Göydələn son dərəcə dərin və möhkəm təməl üzərində dayanıb. Bina Tayvanın antiseysmik tikintiyə dair sərt standartlarına cavab verir.

Tayvan "Sakit okean alov halqası" adlanan zonada yerləşir. Bu halqanın əhatə etdiyi Sakit okean sahilboyunda - İndoneziyadan Çiliyədək bir çox ərazilərdə çox güclü seysmik və vulkanik fəaliyyət gözə çarpır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG