Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

Bəzi iş yerlərinə tatu vurdurmuş adamları götürmür, onlara qeyri-ciddi baxırlar.

“Bu 50 ildə onun üzünü bir dəfə də görməmişəm. Ancaq Fəridə 50 ildir mənimlədir, əlimin üstündə, ürəyimin başındadır”.

Yaşı 70-i haqlayan Kərim Məmmədov üstünə tünd göy rəngdə “Fəridə” yazılmış əlini o biri əliylə sığallayır. Fəridə onun ilk sevgisi olub. 20 yaşında olarkən, onun adını əlinin üstünə döydürüb:

“O vaxt “Sovetski”də Əlimərdan vardı. Türmədən təzə çıxmışdı. Köhnə qarajı vardı. Tay-tuşlarımın əllərinə nəsə bir hərf, söz yazırdı. Mənim yazdırdığımda 6 hərf vardı. İynəni “çernil”ə (mürəkkəbə) batırıb dəriyə yeridirdi. Ağrıdan gözlərimi aça bilmirdim. O vaxtdan “Fəridə” mənimlə bir yerdədir. Bu sözə görə Əlimərdana qırmızı bir onluq vermişdim...” ​(sovet dönəminin qırmızı boyalı “10 manat”ını nəzərdə tutur –red.).

Buna da bax: Azərbaycanda tatuaj

Kərim kişi sonralar ailədə və iş yerində dəfələrlə ona döyməni əlindən pozmağı məsləhət gördüklərini də deyir. Hətta onu müəllim işlədiyi məktəbdən də çıxarıblar: “Direktor məni çağırıb dedi ki, səndən şağirdlər necə tərbiyə götürə bilər? Ya pozdur, ya da işdən çıx. Mən də işdən çıxdım”.

Döymədən tatuya...

Uzun illər ora-burası “döyməli” adamlara cəmiyyət yaxşı baxmayıb. Onları oğru dünyasının, qaranlıq işlərin adamları sayıb. Ancaq indi şəhərin küçələrində boynunda, qolunda, əlinin üstündə müxtəlif məzmunlu döymələr olanlar sərbəst gəzib-dolaşırlar. Çoxu da gənclərdir. Oğlanlar daha iri döymələrə meyllidirlər. Qızlarsa nisbətən kiçik və zərif rəsmlərdən yararlanırlar. Düzdür, indi buna döymə yox, tatu deyirlər.

Kəmalə qolunun görünən yerinə gül rəsmi döydürüb. Deyir, tələbə də olsa, nə universitetdə, nə də ailələrində buna görə kimdənsə irad eşidib. Bu bir yana, iki-üç əvvəl qrup yoldaşlarının çoxu bədənlərinin bəlli yerlərinə belə tatular vurdurub.

Buna da bax: 'Ağıllı' tatuyla smartfon da işlətmək mümkün olacaq

Tatusevər gənclər Kərim kişi kimi gizlin-gizlin qaraj, ya da zirzəmilərə getmirlər. İndi Bakıda müasir avadanlıqları, gigiyenik sertfikatları olan salonlarda, emalatxanalarda tatu vurulur. Tatu ustalarından biri Çingiz Eyvazov ilk “tatusunu” - ovaxtkı döyməni bədəninə 12 yaşında özü vurub:

“Məhəllədə, orda-burda böyüklərdə döymələr görürdüm. Mənim də marağım vardı. Onda yaşlı insanlar əllərinə “ana”, “ata” yazdırırdılar. Mənim də həmin vaxtlar da əlim rəsmə yatırdı. Hardan ağlıma gəldi, bilmirəm... Dedim, mən də döymə vurduracağam”. Beləcə, sovet dövründə mağazalarda satılan mürəkkəbdən alıb və hələ 40 il əvvəl ayaqlarına döymə vurdurub. Müasir tatuya isə 90-cı illərdə Türkiyədə başlayıb:

“Orda insanların bədənində rəngli döymələr gördüm. O vaxtacan Bakıda rəngli döymə görməmişdim. Baxdım, araşdırdım. Bir usta vardı - Hakan Gerçek, onu tapdım. Onu yanına getdim. Rəngləri hardan gətirir, bu iş necədir, - öyrəndim. Hətta xahiş elədim, mənə bir az boya verdi. Sonra tatu maşını hazırladım, işləməyə başladım. Studiya açdım, artıq peşəkar kimi çalışmağa başladım.Ovaxtdan bu işdəyəm”.

Buna da bax: Özünü "döydürən"lər

Bu kağız deyil, insan bədənidir

Çingiz Eyvazov 4 ildir qayıdıb və iki ilə yaxındır Bakıda bu işlə məşğul olur. Usta deyir, müştəriləri az deyil. Onların arasında hər kəsimdən öz büdcəsinə uyğun tatu etdirənlər var. Usta insan bədəni üzərində işləməyi çətin və məsuliyyətli iş sayır:

Çingiz Eyvazov və onun əl işi

Çingiz Eyvazov və onun əl işi

“Axı bunun geridönüşü yoxdur. Alınmadı, dayan silim, yenidən başlayım, - belə şey yoxdur. Diqqətini tam toparlamalısan. 20-25 dəqiqə, olur ki, bir saat gözünü işdən ayırmamalısan. Döyməni başlamadan, müştərinə hər şeyi anlatmalısan. Axı müxtəlif yerlərə gedəcək, psixoloji təsirə uğrayacaq... İnsan var ki, ilk dəfə döymə vurdurmağa gəlir və ən görsənən yerinə - boğazına, boynuna vurdurmaq istəyir. Belə adamları başa salırıq, çünki bəzi iş yerlərinə tatu vurdurmuş adamları götürmürlər. Təssüf ki, bəzi yerlərdə tatu vurdurmuş adamlara qeyri-ciddi baxırlar. Məndən olsa, pulumu alıb, işimi görərəm. Ancaq peşəkar belə şeyləri düşünməlidir., axı belə adamları çox görmüəm. Gözyaşı töküb gələnlər olub ki, yaxşı bir iş tapmışam, deyiblər sildir gəl, ondan sonra götürək”.

Qiymətlər 500 manatdan başlanır

Çingiz usta deyir, isanlar daha çox daxillərində yığılıb qalanları, xatirələrini bədənlərinə yazdırmaq istəyirlər. İnsan, heyvan şəkilləri, göy cisimləri ən çox sifariş olunan tatular arasındadır. Qiymətlərə gəlincə, ağ-qara boya ilə rəngli boyalar arasnda fərq var. Qiymət şəklin çətinliyinə, ayrıntılarına, incəliyinə görə də dəyişir:

“Portretlər ən bahalı iş sayılır. Ən azı, 450-500 manatdan başlayır. Böyüdükcə qiymət qalxır. Məsələn qolla kürəkdə fərq var. Biri kürəyinin yarısınacan tatu istəyir. Azı, 5-6 saatlıq işdir. Böyük iş 10-11 saat çəkir. Ovuciçi qədər portretin üstündə minimum 3-4 saat işləmək lazımdır. Müvəqqəti döymə yoxdur. Müvəqqəti ancaq xına ilə olar, o da döymə sayılmaz. Dərinin üstünə xına yaxmaq olur. Ayrıca püskürtmə də var, istənilən rəsmi çəkirsən, 10-15 gün qalır. Ancaq bunlar döymə deyil. Döymə bədəndən getməz”.

Çingiz Eyvazov insan bədənində kiminsə uğursu döymələrini daha uğurlu görüntülərə də çevirir. Siyasi döymələr də var. Deyir, Türkiyədə “Atatürk” sözünü, ya da ayrı-ayrı partiya şüarlarını bədənlərə yazıb. Bakıda isə siyasi məzmunli sifarişlər olmur.

İndiki döymələr dəb üçündür

“Sovet dövründə döymələr başqa cür idi. Həmin döymələri daha çox həbsxanalarda edirdilər”.

Uzun müddət oğru dünyasını öyrəndiyini deyən yazıçı Həmid Herisçi deyir ki, döymənin tatuya çevrilməsi dövrün tələbidir:

“İndiki döymələr, yəni tatu - ədəbazlıqdır, modadır, dəbdir. O dövrdə bu işləri gizli görərdilər. İndi isə hər şey kommersiyalaşır. Hətta döymə yazılar da. İndi hamı yazıçı ola bilər, hamı özünü avtoritet saya bilər və... döymə vurdurar. Bunlar çağdaş postmodern dünyanın məhsulu olduğundan, döymə yazılara da müdaxilə edib”.

Tatu vurdurmaq istəyən gənc Nigar da bədəninə su zanbağı çəkdirmək istəyir. Deyir ki, dəbdir və o da buna görə istəyir...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG