Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:41

"Bəyəm mərhum akrobat idi, fırlanırdı?”


Tapdıq Babaşov
Tapdıq Babaşov

►Məhkəmədə tibbi ekspertlə vəkil arasında dava düşdü

“Daha deyin kitabı köçürmüsünüz də rəyə. Onda sizi nəyə çağırmışıq, əgər bizə kitabı oxuyacaqsınızsa? Yalan rəy vermisiniz, ona görə məsuliyyət daşıyırsınız. Bəyəm mərhum akrobat idi, fırlanırdı?”

Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləcəridəki N saylı hərbi hissəsindəki ölüm hadisəsi və əsgərlərə işgəncə verilməsilə bağlı məhkəmə prosesində iş üzrə rəy vermiş ekspertlə vəkil arasında qalmaqal yaranıb.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasda Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasının həkim-eksperti Hafiz Kazımov dindirilib. O, hərbi hissədə müəmmalı şəraitdə dünyasını dəyişmiş Tapdıq Babaşovun anasının nümayəndəsi, vəkil Hüseyn Həsənovun vəsatəti əsasında məhkəməyə çağırılmışdı.

BİR AYAĞINDA ÇƏKMƏ, BİRİNDƏ CORAB

Ekspert bildirib ki, kriminalist Məmmədovun və Hərbi Prokurorluğun müstəntiqinin qərarı əsasında mərhum Tapdıq Babaşovun meyitini müayinə edib. Mərhumun dayısının da meyitin müayinəsində iştirak etdiyini deyən ekspertin sözlərinə görə, həmin vaxt videoçəkiliş də aparılıb. Hafiz Kazımov qeyd edib ki, mərhumun bədənində aşkar xəsarətlər olub. Ekspert deyir ki, meyitin ödünün öd yatağında olmaması bir sıra suallar doğurub.

Mərhumun üçüncü mərtəbədən ayaqları üstə düşdüyünü deyən ekspert əlavə edib ki, o, həm özü düşə, həm də itələməklə atıla bilərdi:

"Bunu da müstəntiqin istintaq zamanı müəyyən etməsi daha düzgün olardı".

____________________________________________________________

Bunlara da bax:
Qiyas İbrahim: “Şalvarımı çıxardılar və dubinka mənə yaxınlaşdılar"
Yəhudi icmasının rəhbərinin evinə basqın- $395 min

____________________________________________________________

Vəkilin "Necə ola bilər ki, adam bir ayağında çəkmə, bir ayağında corabla pəncərədən düşür, amma hər iki ayaq dabanlarında eyni xəsarətlər, qəlpələr əmələ gəlir?" sualına ekspert cavab verib ki, ayaqda çəkmə olub-olmamasının fərqi yoxdur, istənilən şəxs hündürlükdən düşdükdə hər iki dabanında xəsarətlər eyni olur.

“KİTABI KÖÇÜRMÜSÜNÜZ RƏYƏ”

Ekspertin bu cavabı vəkil Hüseyn Həsənovu qane etməyib və nəticədə onların arasında mübahisə yaranıb.

Ekspertin həm bu, həm də meyitin üzərindəki digər xəsarətlərlə bağlı suallara "Bunu mən demirəm, ədəbiyyatda - məhkəmə təbabəti kitabında belə yazılıb" deməsi və kitabı göstərərək, orada yazılmış tibbi terminlərlə olduğu kimi cavab verməsi vəkili əsəbiləşdirib:

"Bizə ədəbiyyatda nə yazıldığını demək lazım deyil. Ədəbiyyatı özümüz də oxuya bilərik. Daha deyin kitabı köçürmüsünüz də rəyə. Onda sizi nəyə çağırmışıq, əgər bizə kitabı oxuyacaqsınızsa? Yalan rəy vermisiniz, ona görə məsuliyyət daşıyırsınız. Bəyəm mərhum akrobat idi, fırlanırdı? Ağzınıza gələni danışırsız".

“YAZDIĞIMA CAVABDEHƏM”

Vəkilin suallarına cavab verərkən yaranmış gərginliyə dözməyən ekspert məhkəmə zalından çıxıb və dərman qəbul edərək, az sonra yenidən geri qayıdıb.

Amma bundan sonra da gərginlik davam edib və nəticədə ekspert sualları cavablandırmaq istəməyib:

"Rəyimdə yazmışam, yazdığıma da cavabdehəm. Artıq heç nə deyə bilmərəm. Heç bir suala da artıq cavab vermək iqtidarında deyiləm. Lazımdırsa, təzədən komission ekspertiza keçirilsin".

Belə olan halda, vəkil təkrar komission ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıb:

"Özü də ekspertizanın keçirilməsi hərbi həkimlərə yox, adi, yəni mülki ekspertlərə həvalə edilsin. Bu ekspert də yalan rəy verdiyi üçün cinayət məsuliyyətinə cəlb edilsin və barəsində cinayət işi başlansın. Digər həkimləri dindirməyə ehtiyac yoxdur. Rəyi bu ekspertlər yox, mülki ekspertlər versin. Bunlar hərbi hissələrlə işləyirlər, onların dediyini yazırlar".

____________________________________________________________

Bunlara da bax:
“Barmağımı kəsib yoldaşıma göndərdilər"- Bakıda çinli adam oğruları
Meteoriti tapana 20 min dollar mükafat vədi

____________________________________________________________

TƏKRAR EKSPERTİZA KEÇİRİLƏCƏK

Məhkəmə vəsatəti təmin edib. Təkrar komission ekspertiza keçirilməsi qərara alınıb və bu, Səhiyyə Nazirliyinin ekspertlərinə həvalə edilib.

Ekspertizanın rəyi alınana qədər bu məhkəmə prosesi təxirə salınıb.

BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmiş, evin yeganə oğlu olan Tapdıq Babaşov 2015-ci il mayın 22-də dünyasını dəyişib. Rəsmi məlumatlara görə, o, özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun yaxınları buna inanmır və onlar əsgərin qətlə yetirildikdən sonra pəncərədən atıldığını bildirirlər.

Bu iş üzrə Babaşovun anası ilə yanaşı, hərbi hissənin daha 50 əsgəri də zərərçəkmiş qismində tanınıb. İş materiallarına görə, məhkəmə qarşısına çıxarılmış keçmiş manqa komandirləri - Ruslan Cavadov, Cəmil Ağayev və Elməddin Babayev onları döyüb, təhqir edib. Onlar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham olunur.

DİNLƏ: Günün əsas hadisələri Azadıq Radiosunda (18 may)

Qiyas İbrahimin anası: “Qorxmasaydılar, oğlumun da, mənim də qanımı ordaca içərdilər”

BAX: Günün əsas hadisələri Azadıq Radiosunun TV proqramında (18 may)

"İqtisadi böhran dərinləşir"
XS
SM
MD
LG