Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:49

"Tale Bağırzadənin üzərində çox ciddi xəsarətlər var idi"


Tale Bağırzadə
Tale Bağırzadə

►Özünü təqsirli bilmir

"Müsəlman Birliyi" hərəkatının sədri, noyabrın 26-da Nardaranda həbs olunmuş Tale Bağırzadə özünü təqsirli bilmir. İlahiyyatçı hələ də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır və onun vəkili ilə görüşməsinə imkan yaradılmır.

Bu barədə vəkil Cavad Cavadov "Facebook" səhifəsində məlumat yayıb.

Media vasitəsilə Baş prokuror Zakir Qaralova müraciət edən vəkil bildirir ki, Tale Bağırzadənin hüquqlarının müdafiəsi üçün onun qardaşı ilə müqavilə bağlayıb. Dekabrın 1-də vəkil orderini, vəsiqəsinin surətini Nardaran hadisələrilə bağlı istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə təqdim edib. Eyni zamanda, həmin gün Tale Bağırzadənin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair Nəsimi rayon Məhkəməsinin noyabrın 27-də çıxardığı qərardan apellyasiya şikayəti verib. Dekabrın 2-də apellyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb.

Cavad Cavadovun sözlərinə görə, Tale Bağırzadə Bakı Apellyasiya Məhkəməsində bu şikayətə baxılarkən ora Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gətirilmişdi:

"Onunla konfidensial ünsiyyət saxlamaq mümkün olmadı. Üzərində görünən çox ciddi xəsarətlər var idi, halsız idi. Ona elan olunmuş ittihamda özünü təqsirli hesab etmir. Hal hazırkı vaxtadək onunla vəkil kimi görüşmək imkanı yaradılmır. Ailəsinin ona göndərdiyi paltar, digər zəruri ləvazimatlar qəbul edilmir".

Buna da bax: Nardaran ağsaqqalı: "Adamları qəbirlərə yaxın qoymurlar"

Vəkil onu da qeyd edir ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun, eləcə də Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən, məhkəmə qərarı ilə həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan çox qala bilməz. Bu müddət bitənə qədər o, istintaq təcridxanasına köçürülməlidir.

Cavad Cavadov Taleh Bağırzadənin təqsirləndirilən şəxs kimi hüquqlarının təmin edilməsi, mümkün işgəncə hallarının araşdırılmasını xahiş edir. Vəkil əlavə edir ki, müdafiəçi kimi hüquqlarının təmin olunması üçün məhkəmə nəzarəti qaydasında şikayət verəcək.

Noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat nəticəsində 2 polis əməkdaşı daxil olmaqla, 7 nəfər həlak olub. Faktla bağlı qəsdən adam öldürmə, terrorçuluq, kütləvi iğtişaş salmaq, qanunsuz silah əldə etmək, ictimai asayişin pozulmasına səbəb hərəkətlər, hakimiyyəti zorla ələ keçirmə, hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və s. maddələrlə cinayət işi açılıb. Tale Bağırzadə da daxil olmaqla, 24 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Tale Bağırzadə: "Bizi avtomatla qorxuda bilməzsiz"
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

XS
SM
MD
LG