Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:33

Bir qrupun məhkəməsi gedir, digərinin istintaqı sona çatıb, bir qrup isə hələ gözləyir

“Nardaran işi”ndə ittiham olunanların bir qrupu ilə bağlı istintaq sona çatıb. Hazırda müdafiə tərəfi cinayət işinin materialları ilə tanış olur. Bu işdə əsas təşkilatçı ilahiyyatçı Tale Bağırzadə sayılır. O, terrorçuluq, adam öldürmə də daxil olmaqla, 20-dən çox maddə ilə günahlandırılır.

Tale Bağırzadənin vəkili Elçin Sadıqov deyir ki, istintaq birtərəfli qaydada aparılıb. Tale Bağırzadə istintaq müddətində heç bir cinayət əməli törətmədiyini, şahidlərin əksəriyyətinin məcburiyyət qarşısında ona qarşı ifadə verdiyini deyib:

“Hətta biz üzləşdirmədə şahidin Tale Bağırzadənin üzünə durmağa məcbur edildiyini də gördük. Buna etiraz olaraq, Tale Bağırzadə üzləşdirilmədən imtina etmişdi. Həm də o, tutulan zaman amansız işgəncələrə məruz qalıb. Cinayət işi isə tamamilə əsassızdır. Biz istintaqın gedişindən, irəli sürülən ittihamlardan narazıyıq. Məhkəmənin ədalətli qərar verəcəyini gözləmirik. Ancaq məhkəmədə haqlı olduğumuzu sübut edəcəyik”.

Müdafiə tərəfinin istintaq zamanı qaldırdığı vəsatətləri isə işi aparan müstəntiqlər rədd edib.

Fariz Namazlı

Fariz Namazlı

Tale Bağırzadə və onunla birlikdə ittiham olunan 10-dan artıq şəxs Cinayət Məcəlləsinin 21 maddəsi ilə ittiham olunur. İttihamlar sübut olunarsa, onlardan bir neçəsi ömürlük azadlıqdan məhrum edilə bilər.

3 gün komada qalsa da, sağalıb

İstintaqı yekunlaşanlardan biri, Abbas Hüseynovun vəkili Fariz Namazlı deyir ki, onun müdafiə etdiyi şəxsə də çoxları kimi tutulanda işgəncə verilib:

“Abbas Hüseynov həbs olunan zaman belindən güllə dəymişdi. O, 3 gün komada qalmışdı. Mətbuatda isə ölüm xəbəri yayılmışdı. Ancaq ölmədi, sağaldı. Amma həmin vaxt ifadə almaqdan ötrü onu döymüşdülər. Ona görə indi böyrəyində ağrılar var. Belinə güllə dəydiyindən ağrıları qalır, başında da ağrılar var”.

Vəkil deyir ki, işgənclərdən şikayət edənlərlə bağlı prokuroluq izahat alıb.

“Nardaran işi” ilə bağlı ümumilikdə 70 nəfər həbs olunub. Hadisə yerində olanlardan başqa sonradan tutulanlarla bağlı artıq bir neçə məhkəmə hökmü də elan edilib. Onlar, əsasən, daha yüngül maddə – qanunsuz silah saxlamaya görə tutulanlardır.20 –yə yaxın şəxsin işi məhkəmələrə təxminən 2 ay əvvəl göndərilib.

İyunun 1-də onlardan birinin Sabunçu Rayon Məhkəməsində məhkəməsi başa çatıb. Qanunsuz silah-sursat saxlamaqda ittiham olunan Raci Babayev 2 il 9 ay azadlıqdan məhrum edilib.

İstintaq hərəkəti aparılmır

Bu iş üzrə hazırda bir qrupun ibtidai istintaqı iyunun ortalarına qədər uzadılıb. Bu qrupda olanlardan birinin vəkili Şəhla Hümbətova deyir ki, cinayət işi ilə bağlı heç bir istintaq hərəkəti aparılmır:

“Onları həbs edəndə ilkin dindirmələr, üzərində baxış- filan olub. Nə istintaq hərəkəti olubsa, onda həyata keçirilib. Ondan sonra Gəncədən Bakıya gətiriblər. Altı aydır ki, Kürdəxanıda saxlanılırlar. Bu altı ayda heç bir istintaq hərəkəti aparılmır. Mən bununla bağlı şikayət də yazmışam ki, “həbs müddətini uzadanda onunla əsaslandırırsınız ki, istintaq hərəkətləri aparılır. Ancaq əslində nə bir dindirmə, nə də istintaq hərəkəti olub”. Oturub orda gözləyir”.

Şəhla Hümbətova da həbs olunan zaman müvəkkilinə işgəncə verildiyini deyir.

Fuad Qəhrəmanlı məhkəməyə nardaranlılarla birlikdə çıxacaq

Yalçın İmanov

Yalçın İmanov

Nardaran işilə bağlı sosial şəbəkələrdəki statuslarına görə həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə məhkəməyə Tale Bağırzadənin qrupu ilə birgə çıxacaq. Vəkil Yalçın İmanov deyir ki, müvəkkilini qondarma şəkildə bu işə qoşublar:

“Fuad Qəhrəmanlının işini, necə olursa, olsun, Nardaran işinə bağladılar. Ancaq buna heç bir əsas yox idi. Fuad Qəhrəmanlıya facebookdakı statuslarına görə ittiham elan olundu. Özü də ilk dəfəydi ki, bir partiya fəalı fikirlərinə görə ittiham olunurdu, barəsində həbs qərarı seçilirdi. İttihamın əsasına belə facebook statuslarındakı fikirləri qoyulmuşdu. Fuad Qəhrəmanlının Nardaran hadisələrinə heç bir aidiyatı yox idi. Sadəcə, həmin hadisələrlə bağlı fikilərini yazmışdı. ”

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda ikisi polis olmaqla, 7 nəfər ölmüşdü. Bundan sonra Nardarana qoşun yeridildi və kütləvi həbslər aparıldı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG