Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:59

►"Həbs olunandan bəri nə üzünü görmüşük, nə telefonda səsini eşitmişik.”

Yanvarın 14-də Nəsimi Rayon Məhkəməsində "Müsəlman Birliyi" hərəkatı adlanan təşkilatın sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin hüquqlarının pozulması ilə əlaqədar şikayətə baxılıb.

Hakim Babək Pənahovun sədrliyilə qapalı keçirilən məhkəmə prosesi qısa olub.

Çünki vəkili Cavad Cavadov Taleh Bağırzadənin özünün də məhkəmədə iştirakının təmin olunmasını istəyib.

Bu səbəbdən məhkəmənin yanvarın 22-də Taleh Bağırzadənin iştirakı ilə davam etdirilməsinə qərar verilib.

“ONA İŞGƏNCƏ VERİLİB”

Cavad Cavadov deyir ki, Taleh Bağırzadəyə qarşı bir sıra qanunsuzluqlar baş verib, onun hüquqları həbs olunandan bu günə qədər pozulur. Ona görə də məhkəmə nəzarəti qaydasında şikayət verilib. Eyni zamanda, həmin qanun pozuntuları ilə əlaqədar bir sıra suallar meydana çıxır ki, Taleh Bağırzadə məhkəmə qarşısında onları cavablandırmalıdır. Bu səbəbdən şikayətə onun iştirakı ilə baxılması zəruridir:

"Bu şikayəti verməyimizin bir sıra səbəbləri var. Müdafiəçi kimi məni işə buraxmırdılar. Taleh Bağırzadənin həbs olunandan indiyədək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması qanunsuzdur. Həbsdə saxlanılan şəxsin bir sıra hüquqları var ki, ona münasibətdə bu hüquqlar pozulur. Məsələn, ailəsilə əlaqəsinə imkan verilmir, göndərilən sovqatlar qəbul edilmir və s. Taleh Bağırzadəyə işgəncə verilib. Bununla əlaqədar məhkəmədə onun izahatı alınmalı, məhkəmənin, müdafiə tərəfinin müəyyən suallarına cavab verməlidir. Lazım olsa, məhkəmə tibbi ekspertizasının keçirilməsi məsələsini qaldıracağıq".

Vəkil onu da qeyd edib ki, indiyədək Taleh Bağırzadə ilə konfidensial qaydada görüşməsinə imkan verilməyib:

"Onunla iki dəfə görüşmüşəm, amma bu görüş konfidensial qaydada olmayıb. Müstəntiqin otağında olub. Halbuki, şəxsin öz vəkili ilə konfidensial ünsiyyət hüququ var. Yəni faktiki mənim onunla ünsiyyət saxlamaq imkanım təmin olunmayıb".

Buna da bax: Tikinti sektoruna sarsıdıcı zərbə

EYNİ PALTARDA SAXLANILIR

Tale Bağırzadə

Tale Bağırzadə

Taleh Bağırzadənin qardaşı Elşən Bağırov AzadlıqRadiosuna müsahibəsində bildirib ki, qardaşına apardıqları paltarları belə, qəbul etmirlər. Taleh Bağırzadə noyabrın 26-dan bəri eyni paltarda saxlanılır:

"Həbs olunandan bəri nə üzünü görmüşük, nə telefonda səsini eşitmişik. Dəfələrlə "Banditizm"ə getmişəm, paltar, sovqat aparmışam, geri qaytarıblar. Axırıncı dəfə iki gün əvvəl apardım, yenə götürmədilər. Deyirlər ki, “tapşırıq verilib, götürə bilmərik”. Bu adam bir aydan çoxdur ki, bir paltarın içində, iylənmiş vəziyyətdədir. Əgər adi paltara imkan verilmirsə, görün, indi özü hansı vəziyyətdədir".

Taleh Bağırzadənin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını, nəticədə burnunun sındırıldığını deyən Elşən Bağırov qeyd edib ki, qardaşına irəli sürülən ittihamlar yalandır. Onun dediyinə görə, Taleh Bağırzadənin nə dövlət çevrilişi etmək, nə də dini dövlət yaratmaq planı olub. Elşən Bağırovun fikrincə, qardaşının həbsinin səbəbi onun hökuməti açıq şəkildə tənqid etməsi, haqsızlıqlar qarşısında susmamasıdır:

Buna da bax: Dünyada fərdi kompüterlərin satışı xeyli azalıb

“YENƏ ÇAĞIRSAYDILAR, GEDƏCƏKDİ”

"Taleh Bağırzadənin həbsi də, onun bu günə qədər "banditizm"də saxlanılması da qanunsuzdur. Mənim qardaşımın heç bir başqa niyyəti, planı olmayıb. O, nə dövlətçiliyin əleyhinə çıxıb, nə də bu məqsədlə hansısa işlər görüb. Bütün bunlar qurama söhbətlərdir. İndiyə qədər də bilinmir ki, Nardaranda qan tökmək kimə, nəyə lazım idi. Onsuz da Talehi hara çağırırdılar, gedirdi. Bu hadisədən əvvəl MTN-ə çağırmışdılar, getmişdi, polis idarəsinə çağırmışdılar, getmişdi. Yenə çağırsaydılar, yenə də gedəcəkdi".

Elşən Bağırov qardaşının İran casusu olması barədə ittihamlara da cavab verib:

"Birmənalı yalandır. Onun İranla heç bir əlaqəsi olmayıb. Sadəcə, Bakıda İqtisad Universitetində ali təhsil alıb. İranın Qum şəhərində də dini təhsil alıb qayıdıb. O vaxtdan da İranla heç bir əlaqəsi yoxdur".

Xatırladaq ki, Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub. O və daha 14 nəfər terrorda, qəsdən adam öldürmədə, kütləvi iğtişaş salmada və daha bir neçə cinayətdə ittiham edilirlər. Onlara qarşı 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG