Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:45

►Nazim Məmmədov: Müdaxilə düzgün deyil

Bir neçə aydan sonra taksilər vahid tarif əsasında işləyə bilərlər. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova AzadlıqRadiosuna açıqlamasında deyir ki, taksi xidmətlərində yeniliklər "Nəqliyyatın inkişaf konsepsiyası"nda nəzərdə tutulur.

Bu konsepsiyanın oktyabrda ictimaiyyətə təqdim ediləcəyini deyən müsahibimiz avtobusların, taksilərin üzərinə yeni tələblərin qoyulacağını bildirir:

“Mövcud qanunvericilikdə tələblər vardı, ancaq müasir dünyanın tələblərinə cavab verən standartlar yox idi”.

Nuridə Allahyarova deyir ki, bu tələblərdən biri taksilərə taksometrlərin quraşdırılması olacaq. Onun sözlərinə görə, bundan sonra Tarif Şurası vahid tarif sistemi müəyyən edəcək. Digər tələb isə taksilərin təhlükəsizlik qaydalarına cavab verməsi olacaq.

Mətbuat xidməti rəhbəri əlavə edir ki, taksilər üçün dayanacaqlar da müəyyənləşəcək.

“Bəlkə yaxşıdır, bəlkə yox...”

Şəxsi taksisi ilə 4-5 ildir ki, çörək qazanan Mübariz Nağıyev vahid qiymət məsələsini yenicə eşidib və bunun şəxsi taksilərə faydası olub-olmayacağını bilmir:

“Müştəridən müştəriyə fərq var, eyni yerə biri 5 manat, o biri 10 manat verə bilər. Deyək ki, sürdüyüm ünvana 5 manat əsl qiymətidir, kimsə əlavə 5 manat verəcəksə, bax, qazancımız budur”.

Buna da bax: “88 yaşlı anam pensiyasından maşınıma təkər alıb”

Mübariz Nağıyev deyir ki, Bakı tıxaclarında işlədilən yanacaq, maşının təmiri gündəlik qazancla güclə ayaqlaşır: “Bilmirəm, indidən nə deyim? Amma kreditə maşın alıb taksi kimi sürürəm, bir qiymət olsa... bəlkə yaxşıdır, bəlkə yaxşı olmayacaq?”, o, sualımızı sualla qarşılayır.

“Rəqabətin ən güclü inkişaf etdiyi sahə- taksi xidməti”

Taksi xidmətlərinə vahid qiymət tətbiqi sosial şəbəkə istifadəçilərinin müzakirədən qaçırmadığı mövzu olub. İstifadəçilər yazırlar ki, əslində, az sayda rəqabət sahələrindən biri də taksi xidmətlərində müşahidə olunurdu:

“Taksi ictimai nəqliyyat deyil ki, qiymətini Tarif Şurası tənzimləsin. Burada qiymətləri bazar tənzimləyir. Və son 1 ildə Azərbaycanda rəqabətin ən güclü inkişaf etdiyi sahə məhz taksilər arasındadır. Əvvəllər 5 manata naz edən sürücü indi qalıb kənarda, onun yerini 2 manat 30 qəpiyə gedən digəri tutub. Digəri isə səndən heç bu pulu da almır - ancaq nağdsız ödəniş təklif edir. Aeroporta 20 manata aparan taksi indi 10 manata yalvarır. Qardaş, belə olan tərzdə Tarif adlı Şuranı işə qarışdırıb niyə həm rəqabəti öldürürsünüz, həm də xidmətin keyfiyyətini?”

Bunu İlham adlı sosial şəbəkə istifadəçisi yazır.

“Bu, bazara müdaxilədir”

İqtisadçı Nazim Məmmədov da hesab edir ki, taksilərə vahid qiymət tətbiqi rəqabət bazarına müdaxilədir:

“Sərnişindaşıma özəl sektordur, ona Tarif Şurasının vahid qiymət tətbiqini doğru saymıram. Xarici təcrübəyə də baxanda görürsən ki, ayrı-ayrı taksi şirkətləri müəyyən qiymətlər müəyyənləşdirirlər. Məsələn, gecə taksi sifariş edəndə kilometri bir qiymətə, gündüz sifariş edəndə başqa qiymət olur”.

Nazim Məmmədov bu sahənin tənzimlənməsini bazar iqtisadiyyatında geriyə addım sayır, deyir ki, yeni-yeni dispetçerlər yaranır və gələcəkdə böyük kampaniyaya çevrilə bilərlər:

“Bunu da bazar özü tənzimləməlidir” deyən müsahibimiz əlavə edir ki, qiymət tənzimlənməsi keyfiyyəti qaldırmağa xidmət edə bilməz.

“Rahat olan taksini seçəcəklər”

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova isə hesab edir ki, əslində qiymət tənzimlənməsi məhz keyfiyyətə xidmət edəcək: “Müştəri görəndə ki, bütün taksilərdə xidmət eynidir, o zaman daha keyfiyyətli, rahat taksiyə minəcək”, o deyir.

Nuridə Allahyarovanın sözlərinə görə, taksilərə quraşdırılan taksometr sürücülərin qeydiyyatı və vergiyə cəlb olunmasını asanlaşdıracaq.

“İşləsə də, işləməsə də 18 manat verməlidir”

Vergilər Nazirliyindən deyirlər ki, hazırda taksi sürücüləri 3 ya 5 illiyiə fərqləndirmə nişanı alırlar və hər ay 18 manat vergi keçirirlər: “Fərqlənmə nişanı almaq artıq onun vergiyə cəlb olunması deməkdir. İstəyir aya 1000 manat qazansın, ya heç qazanmasın, 18 manatlıq vergini ödəməlidir. Vahid qiymət və taksometr olarsa, o zaman hansısa təkliflər olacaq, olmayacaq, indidən bir şey deyə bilmərik”, deyə mətbuat xidmətindən bildirirlər.

Hazırda Bakıda 16 min fərdi taksi sürücüsü, 3 taksi şirkəti qeydiyyatdan keçib.

Vusalə Rüstəmova adlı istifadəçi isə yazır: "Taksilərin qiymətinin dövlət tərəfindən tənzimlənməsi anormallıqdır. İndi taksi xidməti göstərənlər az qala avtobus qiyməti qoyub. Yəni bu bazar o qədər ucuzlaşıb. Görünür, hansısa məmur bu ucuzlaşmadan bərk narahatdır", deyə o qeyd edir.

Buna da bax: Bakıda Sovet taksiləri yığışdırılır

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG