Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Kreml Suriyaya muzdlu döyüşçülər göndərir, onların ölümü barədə açıqlama verilmir, bununla da Suriya əməliyyatlarının necə baha başa gəldiyi gizlədilir.

«Reuters» agentliyi Rusiyanın Suriyadakı gizli muzdlu döyüşçüləri haqda yazıb.

Müəllifin ölən döyüşçülərin ailəsi və dostlarıyla söhbətlərindən məlum olub ki, Rusiya bu cür əsgərlərdən yararlanmağa indi başlamayıb. Muzdlu rus əsgərləri 1991-ci ildən, Sovet ittifaqı dağılandan bəri onun ərazisindəki döyüşlərdə, o cümlədən Ukraynadakı separatçılar tərəfdə də savaşırmış.

İndi isə Suriyada təkcə hava əməliyyatları apardığını deyən Rusiya bu ölkədəki quru əməliyyatlarına da qeyri-rəsmi əsgərlərin vasitəsilə qatılırmış.

100 MİN DOLLAR KOMPENSASİYA VERİLİB

«Reuters» bu il Suriyada qiyamçılarla döyüşlərdə həlak olmuş iki rus döyüşçüsü Maksim Kolganov və Sergei Morozov-un ailəsiylə əlaqə saxlayıb. Onların verdiyi məlumata görə, döyüşçülər Hələb şəhəri yaxınlığında, Suriya ordusuyla birgə savaşlarda ölüblər. Ölümündən sonra hər ikisinin ailəsinə igidliyə görə medal və prezident Vladimir Putin-in imzaladığı sertifikat çatdırılıb.

Kolganov da, Morozov da Suriyada müqavilə əsasında vuruşan və bu ölkəyə gizli göndərilən dəstənin üzvü olublar. Onların ölümü haqda rəsmi açıqlama yayılmayıb, ailələrinə də çox az bilgi verib, məsələni müzakirəyə çıxarmamağı tövsiyə ediblər. «Reuters» Suriyada ölən rus döyüşçülərindən birinin ailəsinə 100 min dollar kompensasiya verildiyini öyrənə bilib.

Keçmiş döyüşçü yoldaşları, əsgərləri müalicə edən həkim və başqa əlaqəli şəxslərlə söhbətlərdən məlum olub ki, Suriyaya göndərilən muzdlu əsgərlərlə Rusiya rəsmi idarələri deyil, özəl şirkət müqavilə bağlayır. Ancaq vətənə qayıdanda muzdlu döyüşçülər də digər hərbçilərə verilən müavinətləri alırlar. Onları Suriyaya Rusiya təyyarələri daşıyır, rus bazalarına endirir, yaralananda rus əsgərləri üçün nəzərdə tutulmuş hospitallarda müalicə edirlər. Bu hərbçiləri tanıyanlar onların Rusiya Müdafiə Nazirliyi ilə daimi əlaqədə olduğunu təsdiqləyirlər.

Suriyada Rusiya hərbçiləri

Suriyada Rusiya hərbçiləri

HAMI KİMİ YAŞAYA BİLMİRLƏR

Suriyaya göndərilən muzdlu rus döyüşçülərinin sayı haqda heç harada bilgi yoxdur. Amma göndərişdən xəbəri olan 3 şəxs «Reuters»ə Kolganov və Morozov-un dəstəsi kimi 100 nəfərlik dəstələrin çox olduğunu deyib.

Agentlik, əslində, muzdlu döyüşçülərdən yararlanmağın Rusiya qanunlarına zidd olduğunu yazır. 2014-cü ildə Ukraynada separatçılar tərəfdə Moskvanın silahlandırdığı rusların da savaşdığı üzə çıxanda, Kreml həmin ərazidəki rusların döyüşə könüllü getdiyini bildirmişdi.

Morozov və Kolganov-u tanıyanlar onların da Ukraynada vuruşduğunu təsdiqləyir. Amma belə döyüşlərdə iştirak edənlərin sonra hamı kimi adi həyat sürə bilmədiyini, buna görə də Suriyaya həvəslə getdiyini xatırlayırlar.

«Mən onları görəndə, nə qədər dəyişdiklərini hiss edirəm. Onlarla danışmağa söz tapmırsan. Çünki müharibədən kənar həyatı təsəvvür edə bilmirlər. Suriyaya da buna görə gedirlər», - həmin şəxslər belə deyirlər.

BU BİLGİLƏR GİZLƏDİLİR

Kreml Suriyaya muzdlu döyüşçü göndərdiyini bacardıqca gizlətməyə çalışır. Məsələn, Kolganov-un ölüm xəbərini ailəsini telefonla çatdırıblar. Harada və nədən öldüyünü deməyiblər. Cəsədini vətəninə, Rostovdakı meyitxanaya göndəriblər. Onun medalını və prezidentin imzaladığı sertifikatı evinə mülki geyimdə olan, tanımadıqları şəxslər gətirib. Kolganov özü də harada döyüşdüyünü ailəsinə heç vaxt demirmiş. Yalnız ölümündən sonra pasportunu alanda, valideynləri orada Suriya dövlət orqanlarına məxsus möhür görüblər.

55 yaşlı bir rus qadını «Reuters»ə müsahibəsində ərinin bu il Suriyada muzdla vuruşub öldüyünü təsdiqləyib. Amma nə ərinin, nə özünün adını verib. Ona bu haqda məlumatın telefonla çatdırıldığını, eyni zamanda hədələndiyini, onunla danışanların qorxulu adamlar olduğunu bildirib.

Halbuki qanuni hərbi qüvvələr arasında itki olanda, rus mətbuatı xəbəri yayır.

Bununla belə, Rusiyanın Suriyada itirdiyi, ya da yaralanmış hərbçilərinin real sayı bəlli deyil. Rus hospitallarının birində çalışan, adının gizli saxlanılmasını istəyən həkim «Reuters»ə müsahibəsində bu il təkcə özünün 7 muzdlu döyüşçünü müalicə etdiyini, Rusiyada həmin döyüşçüləri qəbul edən daha iki hospitalın olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG