Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

'Suriyanı taleyin ümidinə buraxırlar'


Hələb şəhəri bombardmandan sonra

Hələb şəhəri bombardmandan sonra

Rusiya və Birləşmiş Ştatların Suriyada atəşkəs barədə razılaşması çox şey vəd edirdi. Amma Suriyada olduqca ağır keçən həftə Vaşinqtonla Moskvanın ziddiyyətlərə və etimadsızlığa üstün gələ bilmədiyini, atəşkəslə bağlı ümidlərin alt-üst olduğunu göstərdi. «The Wall Street Journal» belə yazır.

PUÇ OLAN ÜMİDLƏR

Razılaşma əldə olunanda, Rusiyanın xarici işlər naziri Sergei Lavrov və ABŞ-ın dövlət katibi John Kerry atəşkəsin islamçı qruplaşmalarla birgə mübarizəyə yol açacağına ümidlərini bildirirdilər. Amma cəmi bir neçə gün sonra koalisiya qüvvələrinin Suriya ordusunun mövqelərini səhvən bombalaması, daha sonra Suriyaya yardım aparan maşın karvanına hücum ümidləri boşa çıxardı. ABŞ sonuncu hücuma görə Rusiyanı ittiham edib. Üstəlik, Hələb şəhərinin dayanmadan bombalanması durumu xeyli gərginləşdirib. İş o yerə çatıb ki, sentyabrın 25-də BMT Təhlükəsizlik Şurası növbədənkənar iclasını keçirib.

«The New York Times» qəzetinin yazdığına görə, təkcə cümə və şənbə günləri Hələbdə 200-dək adam həlak olub, xəstəxanalardan birində yaralılardan çoxunun uşaq olduğunu qeydə alıblar.

Üstəlik, qəzet hücum zamanı daha ağır silahlardan istifadə edildiyini, darmadağın olmuş binaların yerində dərin çalalar əmələ gəldiyini, bu silahların yeraltı sığınacaqları da dağıtmaq gücündə olduğunu vurğulayır. Bu dağıntılara görə ABŞ, Britaniya və Fransa Rusiyanı kəskin tənqid edib, Dəməşqin arxasında dayanan Moskvanı müharibə cinayətləri və barbarlıqda günahlandırıblar. Amerikanın dövlət katibi John Kerry, Britaniya, Fransa, İtaliya və Almaniyanın xarici işlər nazirləri və Avropa Birliyi Rusiyanın Suriyada rolunu pisləyən bəyanat yayıb. Onlar humanitar karvanın, eləcə də Hələb şəhərinin bombalanmasının Rusiyanın məsələnin diplomatik yolla həllinə dəstək bəyanatlarına tam zidd olduğunu bildiriblər.

J.Kerry və S.Lavrov

J.Kerry və S.Lavrov

SOYUQ MÜHARİBƏ TƏRZİ

«The Wall Street Journal» yazır ki, Rusiyayla Amerika arasında «Soyuq müharibə tərzi» son vaxtlar yenə güclənməkdədir. Amerika rəsmiləri rus hakerlərin Demokratların sənədlərinə, eləcə də ABŞ-da prezident seçkisinin nəticələrinə müdaxilə etməyə çalışdığını deyirlər. Rusiya prezidenti Vladimir Putin ittihamları rədd edir. Bütün bunlar Rusiyayla Amerika arasında kəşfiyyat məlumatlarının mübadiləsi məsələsini sual altında qoyub. Bu mübadilə təklifi Suriyadakı silahlı qüvvələrə qarşı birgə mübarizə məqsədilə səslənmişdi. İndi hər iki tərəf həmin təklifə şübhə ilə yanaşır. ABŞ-ın müdafiə naziri Ash Carter yüksəkrütbəli hərbçilərin fikrini paylaşaraq, kəşfiyyat məlumatlarının ötürülməsi baxımından ehtiyatlı olmağı məsləhət görüb.

Vaşinqtonda Müharibələrin Araşdırılması İnstitutunun analitiki Chris Harmer bildirib ki, hərbi əməliyyatların birbaşa Rusiya ilə koordinasiyası Amerikanın milli təhlükəsizliyi üçün əks-effekt verə bilər.

ETİMADSIZLIĞA ÜSTÜN GƏLMƏK

Moskvadakı CAST elmi araşdırma mərkəzinin direktoru Ruslan Pukhov deyib ki, «xoşməramlı cəhd olarsa, əməkdaşlıq alınar, istək yoxdursa, əməkdaşlıq etməməyə həmişə səbəb tapılar».

«The Wall Street Journal» yazır ki, islamçı qruplara qarşı birgə əməliyyatlar aparmaqdan ötrü hər iki tərəfin ciddi etimadsızlığa üstün gəlməsinə ehtiyac var idi.

«The New York Times» qəzeti isə Rusiyanın əyilmədiyini, nəticədə rəqiblərinin daha aqressiv ittihamlarıyla üzləşdiyini, beləliklə, olan-qalan diplomatik ümidlərin üstündən xətt çəkildiyini yazır. Məqalə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura-nın Təhlükəsizlik Şurasındakı çıxışından bir sitatla bitir: «Baş verənlər beynəlxalq ictimaiyyətin Suriyanı tərk etməkdə, taleyin ümidinə buraxmaqda olduğunu göstərir».

Günün bütün mövzuları

XS
SM
MD
LG