Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:48

Türkiyənin və ABŞ-ın dəstəklədiyi silahlılar üzə-üzə gəldi


İllüstrasiya
İllüstrasiya

-

Ankaranın dəstəklədiyi islamçı birliklərin Suriyanın Carabulus şəhərinə hücum etməkdən ötrü sərhədin Türkiyə tərəfində səfərbər olunduğu bildirilir.

Məqsəd ABŞ-ın dəstəklədiyi, daha çox kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin bu şəhəri "İslam dövləti" (İD) terrorçularından azad etməsini əngəlləməkdir.

“Sərhədin yaxınlığında, Türkiyə ərazisində dəstələr toplaşmaqdadır," Azad Suriya Ordusu (ASO) döyüşçülərindən biri "Reuters" agentliyinə deyib.

Üsyançılardan başqa bir mənbə də ASO-nun qanadı altında təşkilatlanmış qüvvələrin Türkiyə ərazisində, Qarqamış şəhəri yaxınlığındakı hərbi düşərgədə toplaşdığını təsdiqləyib.

Buna da bax: Rusiyanın Həmədan bazasından istifadə eləməsi dayandırılıb

“DÖYÜŞÇÜLƏR BAZAYA TOPLAŞIR”

“Hər gün Suriyadan gizli keçidlə Türkiyə bazasına keçən döyüşçü dəstələri orada toplaşaraq Carabulusa hücuma hazırlaşırlar," həmin mənbə bildirib.

"Russia Today" kanalının ərəbcə saytı yazıb ki, 600-700 döyüşçü Carabulusa hücuma hazırdır. Livanın "Al-Məyadin" kanalının verdiyi xəbərə görə isə, artıq onlarla hərbi maşın Türkiyədən Suriyaya keçib.

"Reuters" xəbər verir ki, birləşmiş qüvvələrə "Failaq əl-Şam", "Sultan Murad", "Ahrar ul-Şam" və "Cabha al- Şamiya" qruplaşmaları daxildir. Hücumun yaxın bir neçə gün ərzində, Suriya Demokratik Qüvvələri (SDQ) "İslam Dövləti” silahlı qruplaşmasının əlində olan şəhəri tutmamış həyata keçiriləcəyi gözlənilir.

Buna da bax: Ankara Assad barədə mövqeyini 180 dərəcə dəyişir

TÜRKİYƏ NARAHATDIR

ABŞ-ın dəstəklədiyi kürd və ərəb döyüşçülərinin ittifaqı da Manbic şəhərini azad edəndən sonra Carabulusu tutmaq barədə düşünürlər. Carabulusun qarşı tərəfi, Fərat çayının sağ sahili artıq SDQ-nin əlindədir.

Kürd Xalqların Müdafiə Birlikləri (YPG) və Suriya Demokratik İttifaq Partiyası (PYD) Amerikanın başçılıq etdiyi hava zərbələrinin köməyilə Şimali Suriyanın böyük ərazilərini ələ keçirməkdədir. Ankara bundan və kürdlərin Suriyada muxtariyyət qurmasından narahatdır.

Türkiyə dəfələrlə kürdlərin Fərat çayının qərbində qalmasına dözməyəcəyini bildirib. YPG-PYD birliklərinin Suriyanın şimalında güclənməsi Ankaradan ötrü əsas təhlükəsizlik məsələsidir. YPG və PYD Türkiyədə terrorçu təşkilatlar elan olunub, ancaq ABŞ-da yox. Türkiyə kürdlərin Suriyanın Afrin vilayətini Kobane və Cizrə ilə birləşdirməyə çalışmasından ehtiyatlanır.

“QAN TÖKÜLMƏSİN”

Ötən şənbə günü Türkiyə Baş naziri Binali Yildirim Ankaranın yaxın altı ay ərzində Suriyada "daha fəal" rol oynayacağını vurğulayıb:

“Biz deyirik ki, qan tökülməsinə son qoyulmalıdır. Körpələr, uşaqlar, günahsız insanlar ölməməlidir. Buna görə də Türkiyə növbəti altı ay ərzində təhlükənin daha da ağırlaşmasının qarşısını almaq üçün əvvəlkindən daha fəal olacaq".

Radikal cihadçı "Ahrar al-Şam" qruplaşması "Reuters"ə bildirib ki, Türkiyə artilleriyası artıq cümə günündən bəri Carabulusa hücuma hazırlıq kimi şəhərin yaxınlığındakı "İD" mövqelərini atəşə tutmağa başlayıb.

“ASAN OLMAYACAQ”

Türkiyənin dəstəklədiyi qüvvələrin əsas məqsədi Carabulusu azad etməzdən əvvəl Şimali Hələbdəki Tal Rifaat və Marea şəhərlərinə nəzarəti ələ keçirməkdir. Bu şəhərlər hazırda YPG döyüşçülərinin əlindədir.

Bu arada "İD" öz qüvvələrini Carabulus və yaxınlıqdakı al-Bab şəhərindən çıxararaq özünün əsas şəhəri olan Raqqaya yerləşdirməyə başlayıb.

“Müqavimət mütləq olacaq. Onlar oranı başdan-ayağa minalayacaqlar. Carabulusa girmə əməliyyatı asan olmayacaq," deyə mənbə bildirib.

Ərəb xəbər agentlikləri "İD"-nin Carabulusda da adəti üzrə insanlardan canlı qalxan kimi istifadə edəcəyini bildirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG