Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:06

Rusiya mediası yazır ki, 1921-ci ildə RSFSR və Türkiyə TBMM arasında bağlanmış müqavilə ləğv edilə bilər. Bu isə Qars müqaviləsinin avtomatik ləğvi demək olardı

►Rusiya Qars müqaviləsini birtərəfli qaydada poza bilərmi?

Rusiya mediası yazır ki, 1921-ci ildə RSFSR və Türkiyə TBMM arasında bağlanmış müqavilə ləğv edilə bilər.

Belə bir xahişlə Rusiya Dumasının bir qrup deputatı prezident Vladimir Putinə və Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.

Deputatlar müraciətlərini “Ankaranın Moskvaya qarşı davam edən təcavüzkar siyasi xətti” ilə əsaslandırıblar.

Müraciətdə deyilir ki, bu müqavilədə “Rusiya üçün əlverişsiz olan bir çox məqamlar” var.

Rusiya qəzetləri yazır ki, 1921-ci ildə imzalanmış “dostluq və qardaşlıq müqaviləsi” Türkiyəyə 30 min kvadrat kilometr ərazini “bağışlayıb”.

Bunun ardınca imzalanmış analoji müqaviləyə artıq Ermənistan, Azərbaycan və Gürcüstan da imza atıblar. Bu müqavilənin başqa bir adı da Qars müqaviləsidir.

Ermənistan bu müqaviləni çoxdan tanımır

Rusiya qəzetləri bildirirlər ki, Ermənistan müqaviləni ratifikasiya etməyib və bu günə qədər də Türkiyənin dövlət sərhədlərini tanımır.

Burada Rusiya qəzetlərinin toxunmadığı bir məsələ də var ki, buna xaricdə artıq müəyyən reaksiyalar verilib.

“Asia Times” saytında dərc edilmiş “Türkiyənin “süni sərhədlərini” qurd basır” məqaləsində M.K. Bhadrakumar yazır: “Uzun sözün qısası budur ki, günü bu gün də bu müqavilə əsasında çəkilmiş Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycan sərhədləri son dərəcə mübahisəli məsələ olaraq qalır”.

Ermənistan müqaviləni ratifikasiya etməyib və bu günə qədər də Türkiyənin dövlət sərhədlərini tanımır

Bhadrakumar qeyd edir ki, bu iki müqavivəlinin ləğv edilməsi hüquqi baxımdan 1916-cı ilin Sykes-Picot Razılaşması kimi tanınan gizli müqaviləyə legitimlik verir.

Britaniya, Fransa və Rusiya arasında imzalanmış bu “tamamilə məxfi” razılaşma Türkiyənin Qars və Trabzon, habelə Suriyanın elə indi Rusiyanın Assad-a qaytarmaq istədiyi əraziyə Rusiya imperiyasının iddialarını tanıyırdı.

Rusiyanın TV Zvezda saytında dərc olunmuş məqalədə deyilir ki, bolşevik Rusiyası və Atatürk Türkiyəsi Moskva və Qars müqavilələrini iki ölkə üçün çox mürəkkəb dövrdə, hər ikisinin son dərəcə zəif olduqları vaxtda imzalmaşdı.

Rusiya deputatlarının fikrincə, Rusiya indi öz hüquqlarını bərpa etmək üçün kifayət qədər güclüdür.

Naxçıvan məsələsi

Bu da məlumdur ki, Qars müqaviləsi əsasında Naxçıvan Azərbaycan ərazisi kimi tanınmışdı. Lakin bu, Sovet Ermənistanının tutduğu mövqeyə görə son dərəcə çətinliklə mümkün olmuşdu.

Stalin bu məsələni 1945-ci ildə qaldırmışdı

Stalin bu məsələni 1945-ci ildə qaldırmışdı

Bəzi tarixçilər iddia edirlər ki, Qars müqaviləsinin gizli protokollarında Naxçıvanın Azərbaycanın protektoratına veriməsi barədə xüsusi maddələr var. Bunlardan birində Naxçıvan ərazisinin Türkiyənin razılığı olmadan üçüncü bir ölkəyə veriməsi qadağan edilir.

Yenə də bir sıra tarixçilərin iddialarına inanılarsa, bu maddələrdə hətta Türkiyənin məsələyə hərbi müdxailə hüququ tanınıb. Hərçənd nə Moskva, nə də Ankara “gizli protokolların” mövcudluğu barədə indiyədək heç bir açıqlama verməyiblər.

Rusiya mediası yazır ki, SSRİ 1945-ci ildə bu məsələni bir daha qaldırmışdı, lakin Qərbin ciddi etirazları ilə bağlı geri çəkilməyə məcbur olmuşdu.

1953-cü ildə isə SSRİ xarici işlər naziri Vyaçeslav Molotov Moskvanın Ankaraya heç bir ərazi iddiası olmadığını bəyan etmişdi.

Müqaviləni onsuz da Türkiyə pozub?

Rusiyanın TV Zvezda saytı yazır ki, hüquqi-diplomatik baxımdan Moskva müqaviləsinin ləğvi heç bir çətinlik tələb etməyəcək, belə ki razılaşmaya görə o, hər 25 ildən bir təsdiqlənməli və uzadılmalıdır.

Yeri gəlmişkən, bu məqalədə erməni tarixçi Rem Kazancıyanın şərhinə də yer verilib.

Kazancıyan deyib ki, bu müqavilə nə “dostluq və qardaşlıq”, nə də “dünya inqilabı” prinsipləri baxımından bərabərhüquqlu saziş olmayıb.

Rusiya Su-24 pilotunun öldürülməsində "Bozkurt" təşkilatını ittiham edib

Rusiya Su-24 pilotunun öldürülməsində "Bozkurt" təşkilatını ittiham edib

Qara dəniz-Xəzər Regionu İctimai-Siyasi İnstitutunun əməkdaşı Vladimir Zaxarov isə bildirib ki, guya 1925-ci ildə Türkiyənin o vaxtkı prezidenti İsmet İnönü sözü gedən əraziləri Rusiyaya qaytarmağı vəd edibmiş.

TV Zvezda saytında dərc olunmuş məqalədə “Rusiya tarixçisi və publisisti” Armen Kasparyan da deyib ki, Türkiyə bu məsələnin ona necə böyük bir fəlakət gətirə biləcəyi barədə düşünməyib.

Kasparyanın dediyinə görə, Qars müqaviləsi 1992-ci ildən bəri Gürcüstan parlamentində də “öyrənilir”.

Rusiya mediası yazır ki, əslində Türkiyə bu müqaviləni birtərəfli qaydada çoxdan və dəfələrlə pozub.

Rusiya Elmlər Akademiyasından Viktor Nadein-Rayevski deyir ki, sözü gedən müqavilənin 8-ci maddəsinə görə, tərəflər öz ərazilərində başqa tərəfə ərazi iddiaları irəli sürən qurum və təşkilatların yaradılmasına yol verməməli idilər, halbuki Türkiyədə turançılıq ideyasını bayraq etmiş Milli Hərəkət Partiyası və “Bozkurt” kimi təşkilatlar var.

Nadein-Rayevski deyir ki, Türkiyə bu maddəni 1990-cı illərdə Çeçen müharibəsi zamanı çeçen döyüşçülərə yardım göstərməklə də pozub.

Ola bilməz?

TV Zvezda yazır ki, 90 illik müqavilənin ləğvi o qədər də ağla batmayan məsələ hesab edilməlidir.

Qars müqaviləsinə gəlincə isə, millət vəkili, həmin dövrün sənədləri ilə birbaşa tanış olan Musa Qasımlı Haqqın.az saytına bildirib ki, Rusiya bu müqaviləni birtərəfli qaydada poza bilməz:

“Rusiya RSFSR-in yox SSRİ-nin xələfidir, müasir Türkiyə isə yalnız 1923-cü ildə yaranıb. Azərbaycan, Ermənistan və Gürcüstan SSRİ-yə yalnız 1922-ci ildə daxil olublar. İndi nə RSFSR, nə də Osmanlı Türkiyəsi var və Rusiya bu müqavilədən birtərəfli qaydada çıxmaq hüququna malik deyil” – deyib millət vəkili.

Haqqin.az saytının yazdığına görə, Türkiyə diplomatları Moskvanın bu müqavilədən çıxacağına inanmadıqlarını bildiriblər.

Burası da var ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən sonra, əksər beynəlxalq icmalçılar Moskvanın hərəkətlərini proqnozlaşdırarkən “ola bilməz” söz birləşməsindən yan keçməyə çalışırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG