Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 02:17

Beş yaşlı Omran Daqneesh sanki Suriyanın özüdür


Beş yaşlı Omran Daqneesh

Beş yaşlı Omran Daqneesh

Fotolarda təpədən-dırnağa toza batan, üzü qanla örtülən balaca bir oğlanı görürük. Onun balaca ayaqları oturacağa güclə çatır. Qorxmuş-ürkmüş, sarsılmış bu uşağın yorğun-üzgün halı Suriyanı andırır.

Beş yaşlı Omran Daqneesh ya Suriya hökumət qüvvələrinin, ya da Rusiya təyyarələrinin Hələb şəhərinə endirdiyi hava zərbələrindən dağılan binadan çıxarılıb. O, çərşənbə günü qurtarılıb, xəstəxanaya gətirilən və yaşı 15-i ötməyən 12 uşaqdan biridir.

Şahidlər və jurnalistlər paylaşandan dəqiqələr sonra sosial mediada Omran-ın fotosu ildırım sürəti ilə yayılmağa başladı. Bir il əvvəl dənizdə batan Alan Kurdi kimi, Omran da son beş ildə Suriyada ölən və yaralanan minlərlə uşağa, bu işi dayandırmaq üçün heç bir dövlətin əlini ağdan-qaraya vurmamasına dünyanın diqqətini çəkdi.

ATA-ANASI SAĞMI, ONU QUCAQLASIN?!

Onun uzun, pırtlaşıq saçları, üzərində «Nickelodeon» cizgi filmi personajı CatDog-un şəkli olan köynəyi, videodakı çaşqın davranışları uşaqları sevən hər kəsə tanış görüntülərdir. İstər-istəməz, adamın ağlına bu sual gəlir: görəsən, ata-anasından sağ olan kim var onu qucaqlamağa?

İnternetdə paylaşılan «mem»lərdən birində Omran ofis kürsüsündə, ölkəsini dünyaya tanıdan pozada təsvir olunub.

Başqa bir «mem»də isə onu Obama ilə Putin-in arasına - sakitcə oturmuş halda yerləşdiriblər.

Ölən və yaralanan suriyalı uşaqların fotoları, az qala, hər gün sosial mediada paylaşılır. Uşaq cəsədlərindən qopuq qalıntıların xarabalıqlar altından çıxarılma səhnələrinə də az rast gəlinmir.

Ötən il dənizdə batan Alan-ın Türkiyə sahillərində uyuyan cansız bədəninə baxarkən, uzun səfərə xüsusi ailə qayğısıyla hazırlandığını, ona təmiz və qəşəng paltarlar geydirildiyini görürük.

ƏLİNİ QANLI QAŞINA SÜRƏTƏRK, ARDINDAN…

Dağılan binadan çıxarılan Omran-ın da fotosuna baxarkən, anlayırıq ki, onun yerində hər hansı uşaqola bilərdi.

Omran-ın gözləri yol çəkir, sanki çaşıb qalıb ki, ağlasın, ya yox... Əlini qanlı qaşına sürtərək, ardından mat-mat ovucuna baxır və… əlinin qanını oturacağa silməyə çalışır. Sonra da harada olduğunu anlamaq istəyirmiş kimi, yan-yörəyə boylanır...

Omran-ın foto və videosunu, çox güman, Hələb Media Mərkəzinin əməkdaşı çəkib. Bu mərkəz antihökumət fəallarından və vətəndaş jurnalistlərindən ibarətdir. Onlar münaqişəni sənədləşdirirlər.

Omran-ın müalicə olunduğu xəstəxananın həkimləri də onun fotolarını çəkib, jurnalistlərə ötürüblər. Həmin xəstəxananı Suriya-Amerika Tibb Cəmiyyəti dəstəkləyir.

Xəstəxanada Omran-ın başındakı yaranı sağaltmaq istəyən həkimlər onun beyin zədəsi almadığını deyirlər. Başqa bir fotoda onu başısarğılı, ancaq üzü tərtəmiz sarğı görürük.

O QARIŞIQLIQDA MÜMKÜN OLMAYIB

O qarışıqlıqda xəstəxana işçiləri Omran-ın valideynlərinin sağ olub-olmadığını dərhal dəqiqləşdirə bilməyiblər.

Tibb işçilərinin sözlərinə görə, Hələbdə ölən və yaralanan uşaqların xəstəxanaya tək gətirilməsi adi haldır. Çox vaxt onların kimliyini dəqiqləşdirmək də olmur. Bombardmandan sonra xəstəxanaya o qədər adam gətirilir ki, həkimlər onları yerdə müalicə etməyə məcbur qalırlar. Bu savaşda xəstəxana və tibb işçilərinin hədəfə alınmasına da az rast gəlinmir.

Ötən gün bütün dünyadan jurnalistlər yenə həkimlərlə bağlantı qurub, Omran və ailəsindən məlumat toplamaq istəsələr də bir şey çıxmayıb, axı həkimlərin başı yeni xəstələrə qarışıb: ayaqlarını itirmiş oğlana, sarsılıb-üzülən qarapaltarlı qadına, qan içində çabalayan bir başqa oğlana...

BİR NEÇƏ DƏQİQƏ ÖTÜR VƏ…

Bir neçə dəqiqədən sonra həmin oğlanın ölüm xəbəri yayılır. Onun gözüyumulu fotosu jurnalistlərə ötürülür. Ancaq çətin ki, bu foto da, Omran-ınkı kimi, sürətlə yayılsın…

Günün bütün mövzuları

XS
SM
MD
LG