Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:38

Rusiyayla Suriya danışıqlarını dayandırdığını elan edəndən sonra ABŞ-ın Moskvaya qarşı hansı addım atacağı gözlənir, müxtəlif versiyalar irəli sürülürdü. «The New York Times» qəzeti 12 oktyabr sayında ABŞ dövlət katibi John Kerry-nin yeni diplomatik yola çıxdığını yazıb.

Suriyada atəşkəsin yollarını axtarmaqdan ötrü John Kerry şənbə günü bütün region ölkələri təmsilçilərinin iştirakıyla toplantı keçirəcək. Bu barədə ABŞ rəsmiləri bilgi veriblər. Məlumata görə, budəfəki diplomatiya strategiyasına İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Rusiya və Birləşmiş Ştatlar cəlb olunur. Toplantı İsveçrədə, Lozanna şəhərində keçiriləcək. Qəzet yazır ki, John Kerry əvvəl diplomatik danışıqların nəticə vermədiyini desə də, indi region ölkələrini bir araya yığmaqla onları razılığa gətirəcəyinə, Suriyada nəhayət, atəşkəsə nail olacağına inanır.

ƏMƏLİYYATLARI DAYANDIRMAQ

Rusiyayla İran Suriyada Assad hökumətinə arxa dururlar. Səudiyyə Ərəbistanı ilə Qətər Assad-la savaşan müxalifəti silahlandırır, NATO-nun müttəfiqi olan, Suriyanın şimalına silahlı qüvvə yerləşdirən Türkiyə isə son vaxtlar daha çox müstəqil siyasətiylə diqqəti çəkməkdədir.

Rusiya-ABŞ danışıqları dayandırılmamışdan Suriyada 72 saatlıq atəşkəs məsələsi də müzakirə olunurdu. BMT-nin Suriya elçisi Staffan de Mistura bombardman dayandırılarsa, cihadçıları Hələbdən çıxarmaqla bağlı danışıqlar aparmağı təklif edirdi.

ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby oktyabrın 12-də çıxışında deyib ki, əsas məqsəd Hələb ətrafında əməliyyatları durdurmaq, şəhərə humanitar yardım çatdırmaqdır: «Bu, həm də siyasi danışıqların bərpasına şərait yaratmaq üçün vacibdir».

Hələbdə dağıntılar

Hələbdə dağıntılar

HƏLƏBİ ƏLƏ KEÇİRMƏK

«The New York Times» yazır ki, Lozannada toplantıdan sonra Kerry Londona uçmaq, Avropa liderlərinin də məsləhətini almaq niyyətindədir.

Amma qəzet böhranla bağlı böyük irəliləyiş perspektivinin olmadığını qeyd edir. «Hizbullah», Livan döyüşçülərinin, İraqdan olan şiə silahlı qüvvələrinin Assad tərəfdə vuruşmasını təmin edən İranın toplantıda necə təmsil olunacağı sual altındadır. İsveçrəyə İranın xarici işlər naziri Mohammad Javad Zarif-in, yoxsa nisbətən kiçikrütbəli dövlət rəsmisinin yollanacağı haqda kimsə bilgi verməyib.

O ki qaldı Rusiyaya, ABŞ kəşfiyyat ekspertlərinin Ağ Evə çatdırdığı məlumata görə, Kremlin məqsədi Assad-a təcili yardım etmək, Hələbi Obama-nın prezidentlik müddəti bitənə qədər ələ keçirməkdir. Ona görə də Suriya danışıqlarına yenidən qoşulsa belə, Rusiyanın daha sərt mövqe tutacağı gözlənir.

HƏRBİ ƏMƏLİYYATLAR DA GÖZDƏN KEÇİRİLİR

Diplomatik danışıqlar uğursuz olarsa, Obama administrasiyası başqa variantları, o cümlədən hərbi əməliyyat məsələsini də gözdən keçirdiyini bildirib. Amma rəsmilər prezident Obama-nın hərbi müdaxilənin tərəfdarı olmadığını, müttəfiqləriylə hətta Rusiyaya əlavə sanksiyalar qoyulması məsələsini müzakirə etmədiyini deyirlər.

«The New York Times» qəzeti Kerry-nin Lozanna toplantısından əvvəl Ruandaya, ətraf mühitin mühafizəsiylə bağlı tədbirə gedəcəyini vurğulayır. 1994-cü ildə Ruandada soyqırımı olmuş, 100 gündə 800 min adam həlak olmuşdu. Sonralar ABŞ rəsmiləri zorakılığa lazımi qiymət vermədiklərindən təəssüf bildirmişdilər.

Suriyada müharibə 6 ildir davam edir. Bu müharibədə 500 minə qədər adam ölüb, ölkə əhalisinin yarısı didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG