Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Rusiyanın BMT İnsan Haqları Şurasından çıxarılması tələb olunur


BMT İnsan Haqları Şurası

BMT İnsan Haqları Şurası

Sabah, oktyabrın 28-də BMT İnsan Haqları Şurasının üzvləri seçiləcək. 80-dən çox beynəlxalq QHT, o cümlədən «Human Rights Watch», «CARE International» kimi nüfuzlu qurumlar Rusiyanın şuradan çıxarılmasını tələb edib.

BMT-yə göndərilən birgə bəyanatda Rusiyanın Suriyadakı rejimi dəstəkləməsinin və əhalini bombalamasının təşkilatın prinsiplərinə uyğun gəlmədiyi bildirilir. «Human Rights Watch»dan Louis Charbonneau «Al Jazeera» televiziyasına müsahibəsində deyib ki, «Rusiyanın Suriya əhalisinin həyatına sayqı göstərməməsi və Suriyaya qanunsuz hücumlara görə məsuliyyət daşıması onun şurada xidmətini mümkünsüz edir».

«SURİYAYA SİLAH SATIR»

«Rusiya Suriya hökumətinin müharibə cinayətləri törətməsinə xidmət edir... Rusiya dəhşətli zorakılıqlar törədən, həmçinin kimyəvi silahdan yararlanan Suriya hökumətinə silah satmaqdadır», - Rusiyanın İnsan Haqları Şurasında üzvlüyünə etiraz edənlər bu fikirlərlə çıxış ediblər.

BMT İnsan Haqları Şurası 2006-cı ildə yaradılıb. Şuranın 14 üzvü olur. Onlar zorakılıqla bağlı müşahidələr aparır, xüsusi hallarda araşdırma komissiyaları yaradırlar. Şuranın Şimali Koreyadakı zorakılıqları araşdırması hökumətin müharibə cinayətlərinə görə məsuliyyətə cəlb olunmasıyla bağlı çağırışlarla sonuclanmışdı.

Keçən həftə BMT-nin İnsan Haqları Şurası Hələbdə də vəziyyətlə tanış olmaqdan ötrü araşdırma komissiyası tələb etmişdi.

Şurada Şərqi Avropanı təmsil edəcək iki yer uğrunda Rusiya, Macarıstan və Xorvatiya mübarizə aparacaq. Seçilənlər digər üzvlər kimi, bütün dünyada insan haqlarının pozulmasıyla mübarizədə iştirak etməlidirlər.

Hələbdə insanlar bombardmanı gözləyirlər.

Hələbdə insanlar bombardmanı gözləyirlər.

«TARİXİ CİNAYƏT»

«Al Jazeera»nin Cenevrədəki təmsilçisi James Bays Rusiyanın tənqidə məruz qalmış yeganə namizəd olmadığını deyib.

«Kampaniya üzvləri Çinin və Misirin, eləcə də Yəməndə insan ölümünə səbəb olan Səudiyyə Ərəbistanının insan haqlarıyla bağlı göstəricilərinin aşağı olduğunu vurğulayırlar», - o deyir.

BMT-nin insan haqları üzrə ali komissarı Zeid Raad al Hussein-in sözlərinə görə, Suriyanın Hələb şəhərində əhalinin bombalanması və mühasirədə saxlanması «tarixi cinayətdir», çox böyük insan tələfatı bunu müharibə cinayəti həddinə gətirib çıxarıb.

Amma BMT-dəki Rusiya səfiri Vitaly Churkin QHT-ləri ideoloji fəaliyyətdə suçlayıb, Rusiyanın Şuraya çox yaxşı xidmət etdiyini bildirib: «Hesab edirəm ki, belə danışanlar İnsan Haqları Şurasındakı fəaliyyəti siyasiləşdirənlərdir. Məncə, biz çox yaxşı işləmişik, 2006-ci ildən seçilmişik və mütəxəssis səviyyəsində çıxış edə bilərik».

ABŞ DA TƏNQİD OLUNUR

Rusiya Müdafiə Nazirliyi Hələbin bombalanmasının fasilələrlə dayandırıldığını elan edir, amma fasilələrin müddəti dəqiq söylənmir.

Suriyadakı insan haqları müşahidəçiləri isə bombardmanın şənbə günü dayandırıldığını, arada əsas döyüş zonalarının vurulduğunu bildiriblər.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı isə Birləşmiş Ştatları ehtiyatlı olmamaqda, İŞİD-ə («İslam Dövləti» silahlı qruplaşması) qarşı əməliyyatlar zamanı əhalini qorumamaqda günahlandırıb. Təşkilat ABŞ silahlı qüvvələrinin hücumları zamanı 2014-cü ildən bu yana 300 dinc sakinin öldüyünü bildirir.

Birləşmiş Ştatların İnsan Haqları Şurasına üzvlüyünü saxlaması məsələsi hələ müzakirə olunmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG