Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:16

Həkimlərin ən çox qorxduğu supermikrob ABŞ-a gəlib çıxdı


E. coli - bağırsaq çöpü mikroskop altında
E. coli - bağırsaq çöpü mikroskop altında

Supermikroblara qarşı işlədilə bilən son antibiotikə müqavimətli mikrob Birləşmiş Ştatların ərazisində qeydə alınıb və bu, olduqca pis xəbərdir

Media xəbərlərində deyilir ki, supermikroblara qarşı işlədilə bilən son antibiotikə müqavimətli mikrob Birləşmiş Ştatların ərazisində qeydə alınıb və bu, olduqca pis xəbərdir.

Alimlər deyirlər ki, bu əslində antibiotiklərin sonu deməkdir.

Elmi adı Escherichia coli, sadə dildə adı bağırsaq çöpü olan bakteriya pensilvaniyalı qadının nəcisindən tapılıb. Bakteriyanın bu növü həkimlərin əlində müqavimətli bakteriyalara qarşı ən güclü və ən son vasitə - colistin antibiotikinə ram olmur.

“Science alert” saytında Jacinta Bowler yazır ki, bakteriyaları məhv etməyin ən asan yolu onların üzərinə spirt tökmək və ya yandırmaq olsa da, real həyatda bu əməliyyatları insanın orqanizmində icra edə bilməzsən. Bu işi indiyədək antibiotiklər görüb.

Çinin donuz fermaları

Antibiotiklər orqanizmdəki mikrobların yaşaması və artması üçün lazım olan mexanizmlərə hücum edir, lakin indi təbii seçmə bakteriayaları yenilməz edib. Çünki superbakteriyalar sözügedən mexanizmlərini dəyişiblər. Antibiotikləri “yeni parolu” sadəcə olaraq bilmirlər.

Məqalədə deyilir ki, yeni antibiotiklərin işlənib hazırlanmasına vaxt lazımdır, lakin xəstəlik törədən bakteriyalar gözləmir.

2013-cü ildə Şanxay çayından tapılmış donuz leşləri
2013-cü ildə Şanxay çayından tapılmış donuz leşləri

İnsanlar artıq 85 ildir ki, antibiotiklərdən istifadə edirlər, lakin hətta istifadəyə verildikləri ilk onillikdə də artıq bakteriayalar öz müqavimət qabiliyyətlərini inkişaf etdirirdilər.

Sonrakı 75 ildə isə bəşəriyyət bakteriya təkamülünün üstündən xətt çəkəcək sayda antibiotik növü yarada bilməyib.

“İndi isə əlimizdə olan son antibiotik – colistin gücdən düşüb” – yazır Bowler .

Sözü gedən bakteriya bundan əvvəl İtaliyada, Çində və Britaniyada aşkar edilmişdi, lakin ABŞ-da yox idi. Alimlər bu qənaətdədirlər ki, colistin antibiotikinə dözümlü bakteriya Çinin donuz fermalarında yaranıb. Çinin donuzçuluq sənayesində bu antibiotikdən geniş şəkildə istifadə edilib.

Bağırsaq çöpü yalnız başlanğıcdır…

Colistin antibiotikinə gəlincə, əslində bu, köhnə preparatdır və ondan geniş istifadə edilmirdi. Buna səbəb bu antibiotikin müəyyən dozalarada böyrəkləri zəhərləməsi idi. Colistin-in üstünlüyü elə ondan nadir hallarda istifadə edilməsi olmuşdu. Çünki bakteriyalar onu “yaxşı tanımırdılar”.

Həkimlərin son ümid yeri Colistin artıq gücsüzdür
Həkimlərin son ümid yeri Colistin artıq gücsüzdür

Məqalədə deyilir ki, pensilvaniyalı qadın başqa antibiotiklərlə hər halda müalicə olunub. Sual yarana bilər: Elə isə problem nədir? Deməli, bağırsaq çöpünün ram olduğu antibiotiklər var.

Amma problem bundadır ki, bakteriyalar indiyədək genlərini çoxalma ilə ötürürdülərsə, indi onlar colistin-ə davamlı mcr-1 genini sadəcə yoluxdurma ilə də yaya bilərlər. Bu isə o deməkdir ki, bağırsaq çöpləri həmin geni başqa xəstəliklərin törədicilərinə də keçirə bilər və onları da antibiotiklərə davamlı edə bilər.

Amerika üçün başqa bir bəd xəbər budur ki, sözü gedən qadın son beş ayda heç yerə səfər etməyib və deməli bakteriayaya da elə ABŞ-da yoluxub. Məntiqlə bu həmin bakteriyanın çox sayda başqa insanda da ola biləcəyi deməkdir.

Mis çarpayı

ABŞ-dakı Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Tom Frieden “The Washington Post” qəzetinə müsahibəsində deyib ki, çox tezliklə xəstəxanaların reanimasiya şöbələri lazımi preparatlarsız qala bilər.

O deyib ki, ABŞ-da hər il 2 milyon adam elə xəstəxanalarda müxtəlif bakteriyalara yoluxur. Bu, hər il 99 min insanın ölümü ilə nəticələnir. Belə bir şəraitdə hətta ən sadə cərrahiyyə əməliyyatları da ölümcül təhlükəli ola bilər.

“Həkim kabinetləri bəzi pasientlər üçün boşdur, - deyib Frieden, - Əgər təcili tədbirlər görülməsə, bu, yolun axırı deməkdir”.

Alimlər hazırda antibiotiklərin alternativ vasitələrlə əvəzlənməsi istiqamətində işləyirlər. Bu zaman qədim vasitələrə də əl atılır. Bunlardan biri də xəstələrin mikroböldürən mis çarpayılara yatızdırılmasıdır.

Hələliksə, həkimlərə və xəstələrə yalnız ümid etmək qalır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG