Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:14

«Biz bir qrup adam vaxtaşırı aksiya keçirərək H.Z.Tağıyev qəsəbəsinə yaxın böyük bir zibil poliqonuna diqqət çəkmək istəyirik. Bu aksiya geniş camaatı əhatə etmir, biz bir neçə nəfər təşəbbüslə çıxış edərək, zibilliklərin yandırılmasına qarşı çıxırıq».

Bunu adını çəkilməsini istəməyən aksiya təşkilatçılarından biri «Turan» İnformasiya Agentliyinə bildirib.

Həmin şəxs deyir ki, artıq bir neçə aydır Sumqayıt şəhərinin ekoloji vəziyyəti korlanıb. Şəhər Təmizlik Departamentinin balansında olan Məişət Tullantıları Poliqonunda tullantıların yandırılması nəticəsində atmosferə qatı tüstü və zəhərli qazlar daxil olur. Poliqon şəhərin girişində yerləşdiyindən zəhərli hava, üfunət qoxusu Sumqayıtı bürüyür. Onun deməsinə görə, xüsusən yay aylarında - axşam saatlarında sakinlərin daha çox park və xiyabanlarda istirahət etdiyi zaman bu qoxu, tüstü onların haqlı narazılığına səbəb olur: «Biz də buna başımıza əleyhqaz taxmaqla etirazımızı bildiririk».

CƏRİMƏLƏR DƏ KÖMƏK ETMİR

Aksiya iştirakçısının deməsinə görə, ilyarım öncə poliqonda zibillər yandırılanda, ora qum tökərək qarşısını alırdılar. Tullantılar qumun altında qalıb: «Amma bu məsələ ilyarımdan sonra yenə də problemə dönüb. Tullantıları Balaxanı Zibil Çeşidləmə Zavoduna göndərmirlər. Bu əlavə məsrəf istəyir. Pul ödəmək istəmədikləri üçün bu zibillər açıq havada yandırılır. Bu da ekoloji mühitə və ərazinin bitki örtüyünə ziyandır».

Aksiya iştirakçısının deməsinə görə, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Bundan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat İdarəsinin Təmizlik Departamenti cərimə də edilib. Ancaq vəziyyət dəyişməyib.

Aksiya iştirakçısı deyir ki, məsul şəxslər zibilliyin yandırılmasından xəbərsiz olduqlarını bildirirlər. Onun bildirməsinə görə, Sumqayıt şəhəri yenidən, Sovetlər vaxtında olduğu kimi, tüstüyə bürünüb və üfunət qoxuyur.

Məsələ ilə bağlı, hələlik, Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat İdarəsinin Təmizlik Departamenti və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG