Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:09
Dünyada hər 15 saniyədə çirkli su içməkdən bir uşaq ölür. Bunu Ümumdünya Səhiyyə Təşkilatı deyir. Martın 22-si Beynəlxalq Su Ehtiyatları günüdür

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Kür və Araz çaylarında ağır metalların, o cümlədən mis və molibdenin miqdarı normadan 10-12 dəfə artıqdır. Kür və Araz çayları həmçinin neft məhsullarıyla çirklənib. Nazirlik bunu su hövzələrində apardığı monitorinq zamanı müəyyən etdiyini bildirir. Monitorinqə görə, Araz çayı Ermənistan ərazisində, Kür çayı isə Gürcüstan ərazisində çirkləndirilir. Həmin çaylara sənaye tullantıları və kanalizasiya suları axıdılır.

Əgər monitorinqin nəticələrinə inansaq və bu çayların Azərbaycanda əsas içməli su mənbələri olduğunu nəzərə alsaq, yerli əhalinin sağlamlığı üçün təhlükə yarandığı istisna deyil.

Bakıya verilməmişdən əvvəl Kür suyu təmizləyici qurğulardan keçir. Amma hətta təmizlənəndən sonra da həmin suyun tərkibi bəzi ekoloqları qane etmir. Azərbaycanın elə bölgələri də var ki, əhali çay suyunu ümumiyyətlə, heç bir təmizləmə qurğusundan keçmədən istifadə edir. Məsələn, Sabirabad rayonunun Muğan-Gəncəli kəndi kimi. Kəndin sakini Midhəd Zeynalov deyir ki, öz güclərinə suyu ancaq müəyyən qədər lildən təmizləyə bilirlər: «Suyu çəlləklərə, hovuzlara töküb bir iki gün durulduruq, sonra istifadə edirik».



«Suyu çəlləklərə, hovuzlara töküb bir iki gün durulduruq, sonra istifadə edirik».
Sabirabad sakininin narahatlığını «Sağlam Azərbaycan» təşkilatının rəhbəri, həkim Mehdi Mehdiyev də bölüşür. O deyir ki, Kürün suyunu qaynadılmamış içmək bir çox yoluxucu xəstəliklərə, o cümlədən bağırsaq infeksiyalarına, qarın yatalağına gətirib çıxara bilər. Amma onu qaynadıb içəndə, yoluxucu xəstəliklərə tutulmaq riski aradan qalxır. Buna baxmayaraq, məsələn, ağır metallar hətta qaynanmış suyun da tərkibində qalır. Həmin metallar isə orqanizmdə çox toplandıqda daha ağır xəstəliklərə – ürək-damar, sinir sistemi, qaraciyər, dalaq, hətta xərçəng xəstəliyinə də səbəb ola bilər.


Kürqırağı kəndlərin içməli su problemini Ekologiya və Təbii Sərvətlər Nazirliyi də etiraf edir. Nazirliyin bölmə müdiri Mütəllim Əbdülhəsənov deyir ki, Yevlax rayonundan Neftçalaya qədər Kür kənarı 50 kəndin içməli su problemi yaxın gələcəkdə həllini tapacaq: «Bununla bağlı milli plan hazırlanıb. Plan Kür ətrafı ərazilərdə yaşayan 130 min insanın içməli suya olan tələbatını ödəyəcək».


Mütəllim Əbdülhəsənov deyir ki, Bakıya verilən Kür suyu kifayət qədər təmizlənsə də, hökumət gələcəkdə paytaxtın içməli suya olan tələbatında Kür suyunun payını azaltmaq siyasəti yürüdür. Hökumət artıq Qəbələ-Oğuz zonasından Bakıya su kəmərinin çəkilməsi ilə bağlı qərar qəbul edib. Məqsəd odur ki, çirklənmiş suyu istifadə üçün yararlı hala salmaqdansa, birbaşa təmiz su mənbələrindən istifadə olunsun.


Günün bütün mövzuları

XS
SM
MD
LG