Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:48

Stalinin heykəlinə müştəri tapılmır


İosif Stalinin 3,5 metrlik heykəli, Çex Respublikası

İosif Stalinin 3,5 metrlik heykəli, Çex Respublikası

.
Kristyna Foltynova/AzadlıqRadiosu

Slovakiyalı kolleksiyaçı Milan M. 2 ildir ki, İosif Stalinin 3,5 metrlik heykəlini bir slovak onlayn dükanında 45.000 avroya satışa çıxarıb. Ancaq heykələ müştəri tapılmır. Milan hətta heykəlin qiymətini endirməyə də hazırdır. Ancaq Stalin hələ də kolleksiyaçının bağçasında dayanıb. Stalinin bu heykəli 1953-cü ildə o zaman Çexoslovakiyanın ən böyük heykəl düzəldən müəssisəsi olan Zukov zavodunda hazırlanıb. Litomerice şəhərinin bir parkında qoyulmuş bu heykəl sonradan diktatorun ölümündən üç il sonra Nikita Khrushchevun elan etdiyi «stalinsizləşdirmə» siyasəti dövründə götürülüb.

2010-cu ildə isə şəhər rəsmiləri onu satmaq qərarına gəliblər. Əldə olunan pullarsa çex romantik şairi Karel Hynek Machanın heykəlinin qoyulmasına xərclənəcəkdi. Milan bu heykəlin ikinci və bəlkə də sonuncu özəl sahibidir.

Amma əgər sizə Stalinin heykəli lazım deyilsə Milanda sizin üçün Lenin də var.

Stalinin bir zamanlar kommunist bloku ölkələrində əsas meydanları bəzəyən heykəlləri «stalinsizləşdirmə» dövründə götürüldü. Qalan tək-tük heykəllər də SSRİ-nin dağılmasından sonra ya gizlicə sındırıldı, ya da əridildi. Ancaq hələ də onlardan bəziləri II Dünya müharibəsinə aid açıq heykəllər arasında yer alır, ya da Qərb ölkələrində zəngin kolleksiyaçıların bağçalarını bəzəyir.

Keçmiş SSRİ məkanında da onlara münasibət birmənalı deyil. Milyonlarla insanın ölümünə bais olmuş diktatorun doğulduğu Gürcüstanın özündə onun heykəlləri hələ də mübahisələrə səbəb olur.

Gürcüstanın Telavi şəhərində Stalin cəmiyyəti mövcud imiş. Bu cəmiyyətin Telavidə qoydurduğu 2 metrlik Stalin heykəli 2013-cü il sentyabrın 1-də açılışından bir neçə saat sonra vandalizmə məruz qalıb.

Diktatorun 134-cü ildönümü ərəfəsində onun doğulduğu Qori şəhərinin rəsmiləri keçmiş prezident Saakashvilinin 2010-cu ildə götürtdüyü heykəli bərpa edib.

Saakashvili öz prezidentliyi dövründə Stalinin heykəllərinə qarşı kampaniya aparırdı. Onun mövqeyi belə idi ki, ölkə eyni zamanda həm sovet işğalı qurbanlarına həsr olunmuş muzeyə, həm də diktatorun heykəllərinə ev sahibliyi edə bilməz.

Ukrayna və Qazaxıstanda da vaxtaşırı sovet liderlərinin heykəlləri ətrafında mübahisələr yaranır. Rusiyada isə Stalin ən populyar siyasi fiqurlardan biri olaraq qalmaqdadır. Onun adı 60 ildən sonra Moskva metrosunun stansiyalarından birinə qaytarılıb.

Rusiyada GULAG-a haqq qazandırmağa, onun «qələbəyə töhfəsini» qabartmağa çalışanlar da var. Hətta Stalinin «Rus Pravoslav Kilsəsinin bərpasında rolu»nu təbliğ edən sərgilər də keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG