Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

«GET, GƏLƏN HƏFTƏ GƏL»

81 yaşlı Svetlana Abdullayeva hələ 2 il əvvəl AzadlıqRadiosunun Bakı bürosuna gəlmişdi. O vaxt Svetlana xanımı büroya çəkib gətirən səbəb evinin söküləcəyi ilə bağlı aldığı xəbərdarlıq idi. O, «Sovetski»dəki Akademik Qarayev küçəsi, 100 ünvanda yerləşən şəxsi evinə görə təklif olunan 28 min manat kompensasiyayla razılaşmırdı.

2 ildə çox şey baş verib. Ev sökülüb, əşyalar dağıdılıb. Baş verməyənsə bircə odur ki, Svetlana xanım nə təzə evə köçürülüb, nə də kompensasiya alıb. Aradabir qızıgildə, ya da başqa qohumların evində gecələyir. Gündüzlərsə onu adətən ya Heydər Əliyev Fondunun, ya da Yasamal rayon İcra Hakimiyyətinin qarşısında görmək olar. Oktyabrın 21-də o, növbəti dəfə Fonda gəlmişdi ki, başına gələnlərə görə çarə diləsin:

«Yenə dedilər, «get, gələn həftə gəl, növbəyə dur». İcra hakimiyyəti deyir, «get, bir həftəyə gəl», Fond deyir, «get, bir həftəyə gəl». 2 il keçir, hələ də həftəni həftəyə calaya-calaya gedirəm. Ancaq evimi sökəndə həftə nədir, heç bir gün də gözləmədilər».

«EVİ GƏLİNƏ VERDİLƏR»

Qarayev küçəsində sökülən ən sonuncu ev onun olub. Hələ 2 il əvvəl sağındakı-solundakı evlər söküləndə, Svetlana xanımın ailəsində kompensasiya ilə bağlı fikir ayrılığı yaranıb. «28 min manatı üç ailə arasında necə bölməli» sualı ortaya çıxıb. Çox çəkişmələrdən sonra icra hakimiyyəti ailəyə 1-otaqlı ev də vəd edib. Ancaq Svetlana xanım bir də xəbər tutub ki, həmin evi gəlininin adına rəsmiləşdiriblər:

«Mülkiyyətçi mən ola-ola evi gəlinə verdilər. Halbuki, pul da, ev də mənə verilməli idi, mən yerdə qalanların arasında bölüşdürməli idim. Bunlarsa mülkiyyətçi hüquqlarımı tapdalayıb evi gəlinə verdilər. Ev deyəndə ki, Təbriz küçəsindəki bir yataqxanadan otaq verilib. Ümumiyyətlə, ailə üzvü çox olanlara köhnə yataqxanalardan otaq verildi. Heç kimə normal mənzil verilmədi».

'Sovetski'də söküntü davam edir, hələ də yaşayış olsa belə

Svetlana Abdullayeva vəziyyəti belə görəndə söküntüyə razılıq verməyib və məhkəməyə müraciət edib. Ancaq deməsinə görə, icra hakimiyyəti məhkəmənin nəticəsini gözləmədən əşyalarını yaxınlıqda quraşdırılmış müvəqqəti vaqona daşıyıb. Oktyabrın 21-də keçmiş sakinə əşyalarını oradan başqa yerə daşımağa 3-günlük möhlət verilib. Svetlana xanım deyir, ev gəlindədir, 28 min manatla isə razılaşmadığı üçün götürməyib. İndi əşyaları və özü ortada qalıb.

«OĞLU BİR OTAĞA RAZILAŞIB»

Yasamal rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, Svetlana Abdullayevaya 18 kvadratmetr sahəyə görə 27, oğlunun qaldığı 19 kvadratmetr sahəyə görə 28 min manat kompensasiya təyin olunub. Oğlu pul əvəzinə 1-otaqlı mənzillə razılaşıb:

- Xanım deyir, məhkəmə başa çatmamış ev sökülüb...

- Düz demir, məhkəmə ortaya çıxanda ev artıq sökülmüşdü.

«MƏHKƏMƏYƏ VERİN»

Svetlana xanım ümidini növbəti həftə yenə üz tutacağı Heydər Əliyev Fonduna bağlayıb. Bir də, 3 günə sınıq-salxaq əşyalarını hara daşıyacağını düşünür.

Hüquqşünas Vaqif Alıyev deyir, belə məsələlər hüquqi müstəvidə həllini tapır: «Vətəndaşlar vaxtlarını Prezident Administrasiyası, Heydər Əliyev Fondu qarşısında itirməklə, əslində, iddia qaldırmaq müddətini itirmiş olurlar».

«Sovetski»dəki evlərin söküntüsü zamanı ümumi mülkiyyətdə olan mənzillərin əksəriyyətində ailə üzvləri arasında belə fikir ayrılığı yaranıb. Həmin ailələr bildirirlər ki, hökumət kompensasiyaları düzgün hesablamadığından qohumlar da bir-birləri ilə üz-üzə qalır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG