Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:08

Sosial şəbəkələr yeni məşhurlar qismi yaradır


Sosial şəbəkələrdə reklam

Sosial şəbəkələrdə reklam

“Müştərilərimin əksəriyyətini elə sosial şəbəkələrdən tapıram”. Gəncədə yaşayan və sosial şəbəkələrdən yararlanıb, öz turizm şirkətini yaradan Rəşad Mustafazadə AzadlıqRadiosu-na belə deyir.

Onun sözlərinə görə, reklamının 70 faizi sosial şəbəkələrdən çıxır: “İstər “Facebook” olsun, istərsə “Instagram”, hətta “Odnoklassnik”də də yaxşı müştərilər tapmışam”.

Rəşadın fikrincə, hər an əlçatan olmaq müştəri qazanmağın sirlərindən biridir: “Mənə dərhal zəng eləmək mümkündür, mesaj yazan kimi, anında cavablandırıram”.

Hətta xırda da olsa, bənzər biznes uğurları, özü-özlüyündə, bir sual doğurur: “Facebook”, “Instagram” kimi populyar şəbəkələr ünsiyyət vasitəsi olmaqla yanaşı, Azərbaycanda bir biznes alətinə çevrilə bilibmi?

Buna da bax:​ «Facebook»da yeni azərbaycanlı simalar

Bu imkandan daha çox gənclərin yararlandığını söyləyən Rəşad Mustafazadə başqa bir məqama da diqqət çəkir: “Sosial şəbəkələr sənə coğrafi imkanlar da açır. Məndə turizm sahəsi olduğundan, təkliflərimizi ölkə xaricinə da çıxara bilirəm və bu yolla xeyli əcnəbi müştəri qazanmışam”.

Statistika deyir ki...

Sosial şəbəkələrdə reytinqləri araşdıran “Socialbarker” saytının göstəricilərinə görə, Azərbaycanda 1 milyon 700 min “Facebook”, 800-900 min civarında “Instagram” istifadəçisi var.

Saytın hesabladığına əsasən, bütün “Facebook” məhsulları üzrə ən yüksək göstərici “Bizim yol” qəzetinə aiddir. Bu qəzetin “Facebook” səhifəsini 1 milyon 800 mindən çox istifadəçi izləyir. Tanınmışlardan müğənni Röyanın rəsmi səhifəsinin 500 minə yaxın izləyicisi var. Onun ardınca 284 min izləyici ilə digər müğənniləri geridə buraxan Sevda Yəhyayeva gəlir.

Buna da bax:​ «İnternet və sosial şəbəkələr Tanrının hədiyyəsidir»

“Əvəzində hədiyyə təklif etdilər”

İlhamə Qasımova

İlhamə Qasımova

“Facebook”da hesabı olan müğənni İlhamə Qasımova deyir ki, xarici ölkələrdə tanınmış insanlar reklamla çalışır və qazanırlar: “Bəzi adamlar pərəstiş etdiyi tanınmış insanların geydiyi paltardan, istifadə etdiyi əşyadan almağa çalışır. Təbii ki, bu, həmin paltar və əşyaların da reklamı sayıla bilər”.

İlhamə Qasımovanın özü heç vaxt bu yolla pul qazanmadığını söyləyir: “Buna çox normal baxıram, amma heç vaxt bundan qazanmamışam. “Instagram”da izləyicilərim azdır. Qəsdən bunun artmasına imkan vermirəm, çünki hesabı izləməyə vaxtım yoxdur. Amma bununla belə, təkliflər almışam ki, məsələn, filan məhsulu hesabında reklam elə”.

Müğənninin sözlərinə görə, adətən, bu təkliflərin qarşılığında ona xırda-xuruş hədiyyələr təklif ediblər: “Bizdə belə bir şey yoxdur, heç kimə qonorar deyil, qarşılığında cüzi hədiyyə təklif edirlər. Bir hədiyyə xatirinə belə reklama getmərəm. Yalnız yaradıcı bir şey olarsa, paylaşaram”.

Buna da bax:​ Sosial şəbəkələrdə başıörtülülərin öz emosiyaları ola bilər

“Elə hədiyyə təklif edə bilər ki...”

İlhamə Qasımovanın fikrincə, biznes mühiti tanınmış şəxs vasitəsilə hansısa yeni məhsulunun sosial şəbəkələrdə reklamını istəyirsə, qarşılığında qonorar verməsə də, elə hədiyyə təklif edə bilər ki, sənətçinin işinə yarısın: “Yoxsa elə hədiyyə təklif edirlər ki, onu elə özüm də ala bilərəm”.

Müğənni Sevda Ələkbərzadə, sosial şəbəkələrdə fəal olsa da, heç vaxt hansısa məhsulu reklam etmədiyini deyir: “Mən hələ indiyədək pulla səhifəmdə heç nə paylaşmamışam. Ancaq buna normal baxıram”.

Sevda Ələkbərzadəyə də sosial şəbəkədən qazanmaq imkanı açılıb, ancaq o, təkliflərə yox deyir. Niyəsini AzadlıqRadiosu-na açıqlamaq istəmir.

Buna da bax:​ Azərbaycanda online alış-veriş niyə belə zəifdir?

“Sosial şəbəkə istifadəçilərinin sayı azdır”

Sosial şəbəkə eksperti İlqar Mirzə Azərbaycanda sosial mediadan biznes məqsədli istifadənin geniş yayıldığını düşünür: “Buraya sosial şəbəkə üzərindən tanıtım və reklam xidmətləri göstərən agentlikləri, “Facebook” və “Instagram”da ödənişli reklam yerləşdirən 100-lərlə şirkəti aid etmək olar. Eyni zamanda sosial şəbəkələr üzərindən onlayn alış-veriş platformasi (əl işləri, ikinci əl əşyalar, xaricdən gətirilən müəyyən geyim-aksesuar və s. satan) kimi yararlanan və ya özünü tanıtmaq, yaxud kontent yaratmaq bacarıqlarından istifadə edərək pul qazanana xeyli həvəskar var”.

İlqar Mirzənin fikrincə, bunun o qədər gözə çarpmamasının səbəbi Azərbaycanda sosial şəbəkə istifadəçilərin sayca digər ölkələrlə az olmasıdır. Bu, bazarın əhatə çərçivəsini daraldır: “Tutalım, əhalisi bizdən təxminən 2 dəfə az olan Gürcüstanın “Facebook” istifadəçilərinin sayı bizimki ilə eynidir. Ancaq Türkiyədə mənzərə bizimki ilə müqayisə olunmaz dərəcədə fərqlidir”.

Sosial şəbəkələrin yeni məşhurlar qismi yaratdığına da diqqət çəkən ekspert belə adamların idmançı, siyasətçi, müğənni olmasa da, yüz minlərlə izləyicisinin olduğunu deyir: “İzləyiciləri onların paylaşımlarına xüsusi inamla yanaşırlar. Bu da xüsusi reklam mühiti deməkdir”.

Buna da bax:​ Azərbaycanda internet mağaza açmaq asandırmı? - [Video]

“Az-çox, bizdə də var”

İlqar Mirzə vurğulayır ki, Türkiyədə bir müğənni hansısa paltarda çəkdirdiyi rəsmi sosial şəbəkədə paylaşarsa, bundan qazanar: “Belə reklam fəndləri, belə meyllər çox yeni olsa da, az-çox, bizdə də var, ancaq zəif inkişaf edir”.

Ekspertin fikrincə, reklam sifarişçilərinin qeyri-peşəkarlığı, rəhbərliklərin konservativ yanaşmaları da inkişafı ləngidir. Onun sözlərinə görə, çoxları eksperimentlərə "risk" kimi baxır və bu işin daha keyfiyyətli təşkilinə pul xərcləmək, yəni reklama investisiya yatırmaq istəmir: “Əslində isə, işə peşəkar yanaşmayanda reklama yatırım da çətin geri qayıdır”. Bununla belə, İlqar Mirzə ümid edir ki, sosial şəbəkələr Azərbaycandan ötrü get-gedə daha peşəkar biznes platformasına çevriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG