Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:48

“Qazıntısız bir günümüz olmasın”- [Fotolar]


►“Milyardlarla vəsaitin necə sərf olunması haqqında bir dəfə də olsun, hesabat verilməyib”

“Nobel prospektindən yox, Babək prospektindən keçin”.

Təxminən bir il öncə – 2014-cü ilin noyabrında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə belə bir müraciət eləmişdi.

Səbəb kimi Nobel prospektindən Zığ şossesi istiqamətində (Ağ şəhər”in qarşısı) qazıntı işləri göstərilirdi. Bu qazıntı üzündən o vaxt şəhərin mərkəzindəki tıxacı, kim olmasa da, sürücülər yaxşı xatırlayır.

Yenə qazırlar

Ancaq bu ərazi daha əvvəl də qazılmışdı. Onda hələ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaranmamışdı. Həmin qazıntılar da bu mərkəzin inşasına görə aparılırdı. İndi Nobel prospekti yenə qazılır.

Fəhlələr deyir ki, qazıntının nə məqsədlə aparıldığından xəbərləri yoxdur:

“Bizim işimiz qazmaqdır, deyirlər, “qaz”, qazırıq”.

Nəqliyyat Nazirliyinin məlumatına görə, Nobel prospektində əlavə hərəkət zolaqları salınır. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, qazıntılar elektrik xətlərinin çəkilişi ilə bağlıdır:

“Orada müəyyən hissələrdə yeraltı elektrik xətlərinin çəkilişi ilə bağlı qazıntı aparılır”.

Hazırda şəhərin daha iki hissəsində –metronun İçərişəhər stansiyasının qarşısında və Muzey Mərkəzinin həndəvərində qazıntı aparılır.

“Qazıntısız bir günümüz olmasın...”

Şəhər sakinləri qazıntılara artıq öyrəşdiklərini deyirlər. Bulvara gedən və qazıntıya görə yolunu dəyişməli olan 70 yaşlı Ağəli Kərimov “qazıntısız bir günümüz olmasın” söyləyir:

“Qazıyın, qazıyın. Bir yol tapıb hər il yol qazıyırlar ki, olan- qalan pulları da yesinlər”.

Fikrini soruşduğumuz digər sakinlər indiki vaxtda əvvəlki bədxərcliyə əsas görmürlər:

– Elə qazıya-qazıya bizi bu günə qoydular. Nə qədər qazımaq olar? Neft də qurtardı, indi niyə qazırsız?

– Hamı bilir də, pul yeyirlər. Yəqin hələ bir az qalıb, onu da yeyib qurtarmaq lazımdır.

– Deyirlər, təmir eləyirlər. Özü də nə işdirsə, həmişə şəhərin mərkəzini təmir eləyirlər. A kişi, bir yeri nə qədər təmir eləmək olar? Belə təmir eləmək istəyirsizsə, Yasamalda, Binəqədidə o qədər uçulub dağımış yol var ki, gedin, təmir eləyin. Heç dağıtmaq da lazım deyil, özü hazır dağılıb.

– Deyirlər, Formula 1 yarışları olacaq. Bu yolları Avropa Oyunları vaxtı da, təmir eləyirdilər, Eurovision vaxtı da. İndi də Formula 1 yarışlarına görə təmir eləyirlər. Görəsən, olmazdı ki, bir dəfə əməlli- başlı təmir eləyəydilər, hamısına da yarayardı?

– Yəqin gələnlərə göstərmək istəyirlər. Ona- buna göstərə-göstərə bu günə qalmışıq.

– Heç olmasa, indi qənaətcil olsunlar. Elə bil, gözümüz həmişə yamaq görməlidir...

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

"Milyonlar yerin dibinə basdırılır"

Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Bakıda bir yerin bir neçə dəfə qazılıb təmir olunması təzə xəbər deyil. İqtisadçıya görə, bu cür qazıntılar korrupsiyaya yol açan ən asan vasitədir:

“Xatırlayıram ki, məhz İntellektual İdarəetmə Mərkəzi sistemi qurulan zaman məhz eyni yerdə və eyni qaydada qazıntılar aparılırdı. Mərkəz yarananda şəhərdə 2 min kilometrdən çox qazıntı işləri aparılmışdı. Bu, rəsmi açıqlanan rəqəm idi. 110 milyon manata yaxın da vəsait xərclənmişdi. Zamanında işlərin keyfiyyətsiz aparılması nəticəsində müəyyən dəyişikliklərə ehtiyac duyulur. Ümumiyyətlə isə, son illərdə Bakıda, respublikanın digər bölgələrində yol çəkilişləri və müxtəlif kommunikasiya xətlərini quraşdırılmasından ötrü təkrar işlər aparılır. Bunun sadə bir izahı var – mövcud iqtisadi- siyasi sistemdə qazıntı və təmir-tikinti işləri korrupsiyaya yol aça biləcək ən asan yoldur”.

İqtisadçı deyir, son 7-8 ildə dövlət büdcəsindən Bakı şəhər İcra Hakimiyyətinə hər il təxminən 400-500 milyon manat ancaq yol-təmir tikintisinə ayrılıb. Milyardlarla vəsaitin necə sərf olunması haqqında isə, bir dəfə də olsun, hesabat verilməyib.

“Azəryolservis”in məlumatına görə, metronun İçərişəhər stansiyası ətrafındakı qazıntılar Formula 1 yarışlarından ötrüdür. Gənclər və idman naziri Azad Rəhimov deyib ki, Formula 1 yarışlarına səbəbindən təkcə yolların təmirinə büdcədən 12 milyon manat ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG