Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:33

Şagirdlərlə siyasi söhbət edən müəllimə işini itirdi


Sofiya İvanova
Sofiya İvanova

-

Hökuməti tənqid edən "Qolos" hərəkatının Ryazan şöbəsinin koordinatoru Sofiya İvanova "Cəmiyyət bilikləri" fənnindən dərs dediyi liseydəki işini "yuxarıdan" gələn zəngdən sonra itirib.

Liseyin rəhbərliyi İvanovadan öz xahişi ilə işdən azad edilməsi barədə ərizə yazmasını xahiş edib və deyib ki, "əks halda məktəb böyük problemlərlə üzləşəcək".

Müəllimə düşünür ki, onu eyni fəndən dərs deyən həmkarının yazdığı "donos"dan sonra işdən çıxarıblar. Həmkarı düşünüb ki, Sofiya İvanova öz dərslərində Rusiya hökumətini tənqid edir və buna görə cəmiyyət üçün təhlükəlidir. Müəllimə öz hekayətini Azadlıq Radiosuna danışıb.

Uzun illər "Memorial" və "Qolos" təşkilatlarında işləmiş Sofiya İvanova liseyi yüksək təhsil səviyyəsi, ağıllı direktoru olan, uşaqlara hörmətlə yanaşıldığı bir təhsil müəssisəsi kimi tanıdığına görə orada işə başladığını deyir.

Onun sözlərinə görə, bu məktəbdə uşaqların ləyaqəti tapdalanmır, intizamsa çubuqla deyil, inandırma yolu ilə qorunur. Məktəb rəhbərliyi əvvəlcə onu xəstələnmiş müəllimi əvəz etmək üçün dəvət etsə də, sonradan onun işini bəyəndiyinə görə liseydə saxlamaq qərarına gəlib.

Buna da bax: "Neyləməli idilər, kitabları yandırmalı idilər?"

Sofiya İvanova deyir ki, müdiriyyəti öz ictimai baxışları, hakimiyyətin fikri ilə razı olmadığı barədə məlumatlandırıb və xəbərdar edib ki, məktəb onun ucbatından problemlərlə üzləşə bilər. O direktordan "əminsiniz ki, sizə belə müəllim lazımdır" deyə soruşub. Direktorsa deyib ki, indi zaman başqa zamandır və məktəb rəhbərliyi müəllimləri özü seçə bilər. O həm də deyib ki, məktəb siyasətə qarışmır və əsas məsələ müəllimin işini yaxşı görməsidir.

Dİrektorun bu nikbinliyindən təəccüblənən İvanova söz verib ki, onun ucbatından lisey problemlərlə üzləşərsə, gedəcək.

Müəllimə deyir ki, dərslərində şagirdlərlə ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edirlərmiş:

"Uşaqlar aktual mövzular qaldırırdılar. Onlara maraqlı idi ki, Krım bizimdir, yoxsa bizim deyil, mənim geylərə münasibətim necədir və niyə amerikalıları indi düşmən adlandırırlar. Uşaqlar fərqli fikirlər ifadə edirdilər və bunu çox qəti şəkildə edirdilər. Mən çalışırdım ki, uşaqlarda müzakirə olunan məsələ barədə obyektiv fikir formalaşsın. Mən hər zaman onlara təkrar edirdim: biz sizinlə çox fərqliyik, bir-birimizi dinləməyi bacarmalıyıq. Mən nəzarət edirdim ki, siyasi baxışlarım fənni necə tədris etməyimə təsir göstərməsin. Əks halda uşaqlar daha mənə etibar etməzdilər."

Buna da bax: Borc almağa qonşuya gedək?

Stalinin portreti
Stalinin portreti

Müəllimənin sözlərinə görə, onun şagirdləri informasiyanı İnternetdən alan, ictimai cəhətdən fəal uşaqlardır.

"Onlardan bəziləri vətənpərvərlik deyəndə "Krım bizimdir" ("Krım naş") şüarını başa düşən təşkilatlarla ünsiyyətdə olsalar da, öz başlarını işlətməyə çalışan və öz düşüncələri olan uşaqlardır," - deyə o qeyd edir.

Sofiya İvanova danışır ki, bir dəfə onun bir şagirdi öz partası arxasında oturmaqdan imtina edib, çünki onun yanında Stalinin portreti asılıbmış. Uşaq deyib ki, tiranın şəklinin yanında oturmayacaq.

XS
SM
MD
LG