Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:05

SOCAR prezidentinin faiz 'minnəti'


Rövnəq Abdullayev
Rövnəq Abdullayev

Dövlət Neft Şirkəti (SOCAR) istiqrazlarının müzakirəsi davam edir. Belə ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev istiqrazların faiz dərəcəsini əsas gətirərək, necə deyərlər, «minnət» qoyub. Şirkət rəhbəri qeyd edib ki, SOCAR xaricdən illik 2.5%-lə vəsait cəlb edə bilərdi, lakin Azərbaycan vətəndaşlarının mənafeyi naminə bu addım atılıb: «Əhalinin banklardan başqa pul yatıracaq aləti yoxdur, biz əhaliyə pul qazanmağa ikinci alət veririk».

Şirkət 5 il müddətinə illik gəlirlik dərəcəsi 5 faiz və hər birinin nominal dəyəri 1000 dollar olan 100 min ədəd təminatsız istiqraz buraxır.

1 MİLYARD 785 MİLYON MANATLIQ ZƏRƏR

İndi keçək əsas suala? Yəni, SOCAR prezidentinin «minnət»inin əsası varmı? Şirkət rəhbərinin sözlərindən belə çıxır ki, xaricdən daha ucuz pul cəlb edə bilərdi, ancaq şirkət Azərbaycan vətəndaşlarını düşünüb, daha çox gəlirli istiqraz buraxır.

Şirkətin 2015-ci il hesabatını AzadlıqRadiosuna dəyərləndirən hüquqçu mütəxəssis Əkrəm Həsənov öncəliklə vurğulayır ki, SOCAR ötən ili 1 milyard 785 milyon manat zərərlə başa vurub: «Hesabatın 61-ci səhifəsindən görünür ki, 2015-ci ilin sonuna SOCAR-ın qısamüddətli borcları 5 milyard 51 milyon manat təşkil edib. Dollarla həmin borc 0.84-12% dərəcələri ilə cəlb edilib. Bunlar hələ qısamüddətli borclardır və onlar üzrə faiz dərəcəsi adətən aşağı olur. SOCAR isə istiqrazlar üzrə uzunmüddətli, yəni 5 illiyə borclanmaq istəyir».

Buna da bax-'Hökumət SOCAR-ı özəlləşdirməyə hələ hazır deyil'

Ekspertin sözlərinə görə, hesabatın 62-ci səhifəsindən görünür ki, 2015-ci ilin sonuna SOCAR-ın uzunmüddətli borcları 7 milyard 826 milyon manat təşkil edib: «Borc manatda, dollarda, avroda, İsveçrə frankında, Yaponiya yenində və gürcü larisində götürülüb, amma yarıdan çoxu – 4 milyard 726 milyonu – dollardadır. Həmin dollar kreditləri üzrə faiz dərəcəsi 2.25-9.35% arasındadır».

HƏMİN DƏRƏCƏYLƏ CƏMİ 2 KREDİT ALINIB

Ə.Həsənov bildirir ki, 32 dollar kreditindən 2-si (685 milyon) 3%-dən, 13 kredit (1.021 milyard) 3-4%, 10 kredit (1.45 milyard) 4-5%, 7 kredit isə (1.57 milyard) 5-10% dərəcə ilə cəlb edilib.

«Yəni Rövnəq Abdullayevin dediyi dərəcə ilə SOCAR az miqdarda və cəmi 2 kredit ala bilib. Kreditlərin xeyli hissəsi üzrə dərəcə 5%-dən də qat-qat yüksəkdir. 2.5%-lə kredit cəlb etmək SOCAR-a asandırsa, niyə kreditlərinin mütləq əksəriyyəti üzrə faiz dərəcəsi belə yüksəkdir? Deməli, deyilənlər həqiqətə uyğun deyil. SOCAR üçün əhaliyə təklif etdiyi 5%-lə də pul tapmaq asan deyil, o da ola 2.5%-lə», – deyə o bildirib.

KƏSKİN FAİZ DƏRƏCƏSİ FƏRQİ NƏDƏN YARANIR?

Sual yarana bilər ki, SOCAR-ın cəlb etdiyi kreditlər üzrə faiz dərəcəsi niyə belə kəskin fərqlənir: ən azı 2.25%, ən çoxu 9.35%?

Buna da bax-Ekspert: 'SOCAR-a niyə güvənməliyik ki?'

Ə.Həsənovun fikrincə, bunun həm obyektiv, həm də subyektiv səbəbləri ola bilər: «Obyektiv səbəblər kreditin müddəti və təminatı ilə bağlıdır. Kreditin müddəti nə qədər uzundursa, faiz dərəcəsi də bir o qədər yüksək olur. Kredit üzrə təminat (girov, dövlət zəmanəti və s.) nə qədər çox və etibarlıdırsa, faiz dərəcəsi də bir o qədər aşağı olur. Buna görə də böyük ehtimalla 3%-dən aşağı dərəcə ilə cəlb edilmiş 2 kreditin təminatı güclüdür. Subyektiv səbəb isə korrupsiya ilə bağlı ola bilər. Bank işçiləri kreditə görə «şapka» alanda, rəsmi faiz dərəcəsi aşağı olur. Borc alanın rəsmiləri bankdan «otkat» alanda isə, rəsmi faiz dərəcəsi yüksək olur».

Onu da qeyd edək ki, sözügedən 32 dollar kreditinin 20-si üzrə faiz dərəcəsi heç sabit də deyil, üzəndir. Yəni, dünya bazarında geniş tətbiq olunan LIBOR dərəcəsinə bağlanıb. Üstəlik, qeyd edilən rəqəmlər ötən ilin sonuna aiddir. 2016-cı ildə SOCAR-ın götürdüyü kreditlərin məbləği və faiz dərəcəsi barədə məlumat açıqlanmayıb. SOCAR bu ilin sonuna qədər 150 milyonluq, gələn ilin ilk yarısında isə 516 milyonluq dollar borcunu tam bağlamalıdır. Üstəlik, digər valyutalarda olan kreditlərdən də 44 milyonu növbəti ilin ilk rübündə qaytarılmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG